06 Aprel 2018

Bütün yeraltı stansiyalarda qatarlarda mahnılar səsləndirilir

Daha dörd stansiya üçün milli musiqimizin ecazkar parçaları seçilib

Bakı metropoliteninin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir. Məlum olduğu kimi, arasında məkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı" və "Xətai", həmçinin yerüstü "Bakmil", eləcə də Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi.
Artıq bu məsələ həllini tapıb. Yerüstü "Bakmil" stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.
Bənövşəyi xəttin "Avtovağzal" stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamından, "Memar Əcəmi» stansiyasında isə Rauf Hacıyevin "Əhməd haradadır" filmində səsləndirilən məşhur “Leyla” mahnısından fraqmentlər qatarlarda səsləndirilir.
"Cəfər Cabbarlı" və "Xətai" stansiyaları üçün Fikrət Əmirovun ölməz əsərlərindən parçalar seçilib. “1001 gecə” baletindən fraqment "Xətai»yə, “Azərbaycan kapriççosu”ndan bir parça isə "Cəfər Cabbarlı"ya daxil olan qatarlarda eşidilir.
Eyni zamanda, dörd stansiyanın hər birində musiqi parçaları ilə yanaşı, Azərbaycan və ingilis dillərində anonslar da səsləndirilir.





Bütün xəbərlər