23 May 2018

Metropolitençilərin övladları və nəvələri üçün kurslar təşkil olunub

Təlim-tədris mərkəzində keçirilən dərslər 3 ay davam edəcək

"Bakı Metropoliteni" QSC-də korporativ sosial məsuliyyət çərçivəsində daha bir layihəyə start verilib. Metropolitendə çalışan işçilərin azyaşlı övladları və nəvələri üçün kurslar təşkil olunub. Kurslar ingilis dili, kompüter və təsviri incəsənət dərslərindən ibarət olmaqla, üç fənn üzrə təşkil edilir və hər biri 3 ay tədris olunacaq.
Bu layihənin həyata keçirilməsində məqsəd metropolitençi ailələrində böyüyən uşaqların yay tətili müddətində istirahətlərinin səmərəli təşkil olunmasına, intellektual, sosial və mədəni inkişafına dəstək olmaq, eyni zamanda, layihə vasitəsi ilə uşaqlar və valideynlər arasında korporativ sosial məsuliyyət daşıyan müəssisə haqqında bilgi səviyyəsini artırmaqdır.
Təlim-tədris mərkəzində təşkil olunan kurslar peşəkar müəllimlər tərəfindən tədris olunur. İngilis dili kursuna 28 nəfər, kompüter dərslərinə isə 15 nəfər qatılıb. Təsviri incəsənət dərnəyi fəaliyyətə iyun ayında başlayacaq.
Qeyd edək ki, təlim-tədris mərkəzində bu tip kurslar ilk dəfə təşkil olunur. "Bakı Metropoliteni" QSC-nin korporativ sosial məsuliyyət çərçivəsində bundan öncəki layihəsində metropolitençi övladlarının və nəvələrinin "Nərimanov" elektrik deposuna ekskursiyaları təşkil olunub. Bir ay müddətində hər həftə sonu təşkil olunan ekskursiya uşaqlarda böyük marağa səbəb olub. Belə layihələrin təşkili uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi ilə yanaşı, onların dünya görüşünün genişlənməsinə, təfəkkürünün möhkəmlənməsinə, gələcəkdə onların peşə seçiminə, karyera yüksəlişinə əhəmiyyətli təsir edəcək gücə malikdir.





Bütün xəbərlər