13 İyul 2018

Təhlükəsizliyin gücləndirilməsində maarifləndirici məşğələlərin rolu böyükdür

İştirakçılara təcrübəyə əsaslanan peşəkar tövsiyələr verilib

Metropolitendə təhlükəsizlik daim diqqət mərkəzində olan məsələdir. Obyektlərin mühafizəsinin təşkili, sərnişindaşıma təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə yanaşı, işçi heyətin, Bakı metropolitnində xidmət göstərən digər strukturların əməkdaşlarının hazırlığının təmin edilməsi, ayıq-sayıqlığın artırılması məqsədilə çeşidli tədbirlər, mütəmadi məşğələlər və təlimlər keçirilir.
İki həftə davam edən növbəti belə əhəmiyyətli tədbir “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində keçirilib. “Sərnişinlər arasında xarici əlamət və davranışına görə şübhəli şəxslərin müəyyənləşdirilməsi” mövzusunda maarifləndirici məşğələlərin məqsədi metroda terror aktlarının törədilməsi, təxribat, eləcə də müxtəlif yollarla sabitliyin pozulması hallarının qarşısının alınması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi olub.
Məşğələlərə 260 polis əməkdaşı, stansiya rəisləri, mühafizə və yanğın təhlükəsizliyi xidmətinin ilkin xilasediciləri, eləcə də “Dayaq” mühafizə şirkətinin əməkdaşları cəlb olunublar.
Nəzəri-praktiki təcrübəyə əsaslanan məşğələlər zamanı mövzuya uyğun videoçarxlar nümayiş etdirilib, sərnişin axınında şübhəli şəxslərin müəyyənləşdirilməsi, davranış və əlamətlərinə görə onların aşkarlanması barədə peşəkar tövsiyələr verilib, situativ nümunələr əsasında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.





Bütün xəbərlər