26 İyul 2018

Metro qatarları maşinistinin hazırlığı yeni dövrün tələblərinə uyğunlaşdırılır

Kadr hazırlığında mühüm yenilik edilir

"Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra şəhər ictimai sərnişindaşıma nəqliyyatının ən əhəmiyyətli qollarından biri olan metropoliten sistemində zamanın tələblərinə cavab verməyən, qəlibləşərək ehkamlaşmış köhnə düşüncə tərzinə novator yeniliklərin gətirilməsi adi hala çevrilib. Qabaqcıl dünya təcrübəsini metropolitenin hər bir sahəsində inamla həyata keçirən səhmdar cəmiyyətin rəhbərliyi ötən müddətdə kadr hazırlığı sahəsində də mühüm yeniliklər edir.
2014-cü ildə təlim-tədris mərkəzinin yaradılması bu mənada təfəkkür dəyişikliyinə yol açıb. Kadr hazırlığı, insan resurslarının idarə olunması, ixtisaslı kadrların təkmilləşdirilməsi, yeni perspektivli peşə və ixtisaslar üzrə kursların davamlı təşkili, bir sözlə, bu istiqamətdə bir çox yeniliklərin həyata keçirilməsində əldə olunan nailiyyətlər gələcəyə inamla baxmağa əsas verir. Bu mənada iyulun 16-da elan edilmiş hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi sahəyə maraq göstərənlərin əhatə dairəsinin genişlənməsinə səbəb olub.
Ötən müddət ərzində daxil olmuş sualları ümumiləşdirərək, bəzi məsələlərə bir daha aydınlıq gətirmək qərarına gəldik.

 

Maşinist hazırlığına yanaşmada nə dəyişir?


Sirr deyil ki, hərəkət qatarlarının maşinisti peşəsi çəkisinə görə metropolitendə özünəməxsus yer tutur. Elə bu səbəbdən "Bakı Metropoliteni" QSC rəhbərliyinin bu peşə ilə bağlı verdiyi növbəti qərar daha bir inqilabi yenilik kimi diqqət çəkəcək.
Artıq maşinist peşəsinə yiyələnmək yeni dövrün tələblərinə uyğunlaşdırılır. Ən əsası, maşinistlik arzusunda olanların qarşısındakı sədlər, tarixən formalaşmış və artıq günün nəbzini tutmayan süni maneələr tamamilə aradan götürülür və ixtisaslı kadr kütləsinə daha geniş meydan açılır.
Buna qədər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili almaq, daha sonra metropolitendə işə düzələrək lokomotiv təsərrüfatı sahəsində, ən azı, bir il ərzində çilingər işləmək, daha sonra müvafiq kurslara cəlb edilməklə imtahan vermək tələb olunurdu. Lakin artıq bu qaydalara tamamilə yeni baxış gətirilir, dünya təcrübəsinin də verdiyi örnəklər əsasında, "Bakı Metropoliteni" QSC-nin nəzdində yeni tipli qatar maşinistinin hazırlanması prosesi təşkil edilir.

 

Məqsəd nədir?


Bu addımlar dövrün, zamanın tələbidir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metropolitenin müasir tipli yeni nəsil, 4-cü təhlükəsizlik sinfinə aid qatarların gətirilməsi vəzifəsini qoyub. 2015-ci ildən bu yana vaqon parkının yenilənməsində yalnız bu istiqamət əsas götürülüb. Hazırda metropolitenin vaqon parkında 5 hərəkət tərkibini təşkil edən 25 belə vaqon var. Gələcəkdə vaqon parkının yeniləşməsi məhz bu qaydada aparılacaq. Bu vaqonlar tam elektronlaşdırılmaqla informasiya-kommunikasiya texnologiyalarının ən müasir sistemləri ilə təchiz edilib. Onların idarə olunması yeni tipli kadrların hazırlanmasını tələb edir. Bu kadrlar iş prinsipləri, peşəyə münasibəti, düşüncə tərzi ilə fərqlənməlidirlər. Yeni qatarlar həmçinin nasazlıq və digər bənzər halların da müəyyən edilməsində maşinistin ən yaxın köməkçisinə çevrilir, onun doğru qərar verməsini təmin edir və bir çox hallarda sığortalayır. Dövrün tələblərinə uyğun yeni tipli maşinistlərin hazırlanması bu zərurətdən irəli gəlir.

 

Yeniliklərin mahiyyəti nədən ibarətdir?


Birincisi, qeyd etdiyimiz kimi, bu sahəyə marağı olanların əhatə dairəsi genişlənir. Təkcə müvafiq ali və orta ixtisas təhsili olanlar deyil, ümumiyyətlə, ali və orta texniki təhsillilər, həmçinin ilk peşə ixtisasına malik olanlar müsabiqədə iştirak edə bilərlər.
İkincisi, birbaşa maşinistlik peşəsinə yiyələnmək üçün açılan bu yol, təkcə kişilərə deyil, həm də zərif cinsin nümayəndələrinə – qadınlara da verilən mühüm bir şans, bu peşəyə sahib olmaq üçün gender bərabərliyinin təmin edilməsinə, onların marağının artmasına bir töhfədir.
Üçüncüsü, təlimlərin ardıcıl tədris prosesinə çevrilməsi "Bakı Metropoliteni" QSC rəhbərliyinin bu məsələyə nə qədər əhəmiyyət verməsinin, ona ciddi yanaşmasının daha bir göstəricisidir. Bu, marağı artırmaqla yanaşı, maşinist peşəsinə yiyələnmək istəyənlərin bütün diqqətini, bilik və bacarığını məhz bu istiqamətə kökləməsinə, öz məqsədi uğrunda səylə çalışmasına şərait yaradacaq.
Dördüncüsü, bu təlimlərin məhsuldar və faydalı olmasını təmin edəcək əsas göstərici tədris prosesinin canlı olmasını təmin edən praktiki məşğələlərdir. Tədris proqramı təkcə nəzəri məşğələlərdən ibarət olmayacaq. Müdavimlər qatarın idarə olunması prosesində iştirak etməklə, Bakı metropoliteni tunellərinin xüsusiyyətini öyrənəcək, təlimatların praktiki tətbiqini müşahidə edəcək, qatara qulluq, texniki baxış və digər istismar incəliklərini öyrənəcəklər. "Nərimanov" elektrik deposunda quraşdırılmış qatar maşinistinin trenajoru isə peşəni tam mənimsəmək üçün ən əyani vəsait, müntəxabat rolunu oynayacaq.

 

Necə müraciət etmək olar?


Namizədlər "Bakı Metropoliteni" QSC-də işə düzəlmək üçün son illərdə tətbiq edilmiş yenilikdən istifadə etməlidirlər. Onlar müəssisənin rəsmi internet saytında (metro.gov.az) ərizə formasını elektron qaydada doldurmalıdırlar. Bunun üçün saytın “Karyera və əməkdaşlıq” bölməsinə daxil olmaq və “Bizdə iş yarımbölməsində elektron müraciət formasından istifadə etməlidirlər. Bu zaman iddia etdiyiniz peşə kimi “maşinist” bəndi mütləq şəkildə göstərilməlidir ki, sistemdə məhz qatar maşinistinin hazırlanması prosesində iştirak etmək istəyiniz qeydə alınsın. Ərizənin doğru doldurulduğunu sonda yaşıl rəngdə təsdiq işığının yanması göstərir.

 

Seçim necə aparılacaq?


Namizədlər arasından seçim əvvəlcə müsahibə yolu ilə ümumi biliklərin yoxlanılması və peşə seçiminin səbəbləri araşdırılaraq aparılacaq. Bu peşəyə namizədlərin potensial imkanları bununla qiymətləndiriləcək. Peşənin məsuliyyəti və bir sıra xarakterik xüsusiyyətləri nəzərə alınaraq, psixoloji testlərin keçirilməsi də nəzərdə tutulub. Bu zaman namizədin müxtəlif vəziyyətlərdə doğru qərarı vermək bacarığı, reaksiyası yoxlanılacaq.
Bu mərhələləri uğurla keçənlər müvafiq tibbi yoxlamadan sonra tədris prosesinə qatılmaq hüququ əldə edəcəklər.

 

Təlimlərin müddəti və davamiyyəti nə qədər olacaq?


Təlim prosesinin tədris proqramı metodiki vəsaitlərin pedaqoji tələblərinə tam uyğun ardıcıllıqla mərhələlər üzrə tərtib olunub. Proqram nəzəri və praktiki hissələrdən ibarət olmaqla, 5 ay davam edəcək. Hər mərhələdə imtahanlar keçiriləcək və uyğun gələn namizədlər təlimlərdə biliklərini artırmaq şansı qazanacaq.

Elektron ərizələr 10 avqust 2018-ci il tarixinə qədər qəbul edilir. Təlim prosesinin sentyabr ayında başlanması nəzərdə tutulub.





Bütün xəbərlər