07 Sentyabr 2018

Qeyri-rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsi mövzusunda seminar

Məcburi əməyə cəlbolunma yolverilməzdir

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair tədbirlər planı”na uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) müəssisə və təşkilatlarda maarifləndirici tədbirlər keçirir. DƏMX-in 4 saylı region üzrə müfəttişliyinin bu qəbildən olan növbəti seminarı sentyabrın 7-də “Bakı Metropoliteni” QSC-nin iclas zalında təşkil edilib.
Seminarı giriş sözü açan müfəttişliyin rəisi İlkin Həsənov tədbirin məram və məqsədini açıqladıqdan sonra, “Nəqliyyatda iqtisadi fəaliyyət sahəsi üzrə qeyri rəsmi əmək münasibətlərinin leqallaşdırılması, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda məruzə ilə çıxış etmək üçün sözü rəis müavini Məzahir Cəmşidova verib.
Çıxışda qeyri-rəsmi məşğuliyyətin iqtisadiyyata, vergi və sosial sığorta daxil olmalarına vurduğu ziyan, eləcə də işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum etməsinə səbəb olması da qeyd edilib. Məcburi əməyə cəlb edilmənin insan alveri cinayəti ilə əlaqəsindən, bu halların qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən görülən işlərdən danışılıb.
Mövzu üzrə çıxışları DƏMX-in 4 saylı region üzrə müfəttişliyinin əməkdaşı Ağamusa Səfiyev, müfəttişliyin sektor müdiri Elməddin Kazımov davam etdiriblər.
Seminarda mülki və əmək müqavilələri arasında hüquqi mahiyyət fərqlərinin, bu müqavilələrin icrası zamanı ortaya çıxan problemlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə "Bakı Metropoliteni" QSC-nin İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan resursları şöbəsinin rəisi Əli Əliyev, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, aidiyyəti qurumların rəhbərləri və mütəxəssisləri iştirak ediblər.





Bütün xəbərlər