10 Sentyabr 2018

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr ounmuş qalereya açılıb

Sərnişinlər bir neçə ay ərzində nadir fotolarla tanış ola bilərlər

Bu gün Bakı metropoliteninin «Gənclik» stansiyasının keçidlərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC -nin birgə təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda açılmış fotoqalereyada paytaxt sakinləri və şəhərimizin qonaqları stansiyanın keçidlərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar.
Açılışda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş sərgidə 92 foto nümayiş etdirilir: “Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər, tanınmış dənizçilər, neft mədənləri, tacirlər haqqında maraqlı fotolara rast gəlmək mümkündür”.
Daha sonra çıxış edən uzaq səfərlər kapitanı Muxtar Axundov Gəmiçiliyin qəhramanlıqlarla dolu tarixi və bugünkü dinamik inkişafı haqqında məlumat verib.
Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Onların əksəriyyəti araşdırmaçı-jurnalist, "Bakı Media Mərkəzi"nin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ərsəyə gəlib. Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki, fotoların hər biri özündə böyük bir tarixi əhəmiyyətli yük daşıyır. O bildirib ki, fotolar həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Xəzər dəniz gəmiçiliyinin qəhrəmanlıq və rəşadət nümunələri ilə zəngin tarixi olduğunu qeyd edərək, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bütün kollektivini, veteranlarını təbrik edib, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb. O qeyd edib ki, "Bakı Metropoliteni" QSC yarandığı gündən şəhər sərnişindaşımasındakı rolu və mövqeyi nəzərə alınaraq, sosial layihələrin əhəmiyyətinə xüsusi diqqət yetirir. Bu layihələrin davamlı, məzmunca geniş və ən müasir tələblər səviyyəsində diqqət çəkən, həm də informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə gerçəkləşdirilməsi məqsədilə səhmdar cəmiyyətdə yaradıcı və peşəkar kollektiv formalaşıb: "Metropolitendə cəmiyyətimiz üçün aktual olan bir-birindən fərqli layihələr reallaşdırılır. Bu xüsusda talassemiyalı xəstələrlə, kino sənətimizlə bağlı, Azərbaycan və dünya rəssamlarının əsərlərinə həsr olunmuş və s. sosial layihələr cəmiyyətdə geniş rezonans doğurub. Ümid edirik ki, nəqliyyat sahəsinin iki qolunun birlikdə gerçəkləşdirdiyi bu sərgi də maraqla qarşılanacaq. Çünki burada heç yerdə rast gəlinməyən nadir, həm də dəniz gəmiçiliyimizin tarixini özündə ehtiva edən fotolar sərgilənir”.
Qeyd edək ki, sərgidə nümayiş etdirilən hər fotonun yanında "QR-kod"u yerləşdirilib. Bu isə sərgi izləyicilərinə hətta metropolitendən kənarda da fotoşəkillər barədə virtual məlumat almağa şərait yaradır. İzləyicilər smartfonlar vasitəsi ilə şəkillərdəki "QR-kod"dan istifadə edərək, Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya daxil ola və fotoların yüksək keyfiyyətlə nümunələrini yükləyə və üç dildə (Azərbaycan, rus və ingilis) əlavə məlumatlar ala bilərlər.
Sərgi ilin sonuna kimi davam edəcək. Bununla, stansiya keçidlərindən istifadə edənlər, sərnişinlər, paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.
Xatırladaq ki, bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Xidmət sahəsinin müxtəlifliyinə görə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC unikal gəmiçilik şirkətlərdən hesab olunur.





Bütün xəbərlər