10 Sentyabr 2018

Metropolitençi ailələrində yaşanan tələbə sevinci

Yüksək bal qazananlara mükafat verilib

2015-ci ildən başlayaraq, hər yeni dərs ili ərəfəsində Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) metropolitençi ailələrinin yüksək balla (600 və daha çox) ali məktəblərə daxil olan övladları ilə təşkilatın idarə heyətində görüş keçirir. Görüşdə tələbə adını qazananların valideynləri də iştirak edir. Bu il metropolitençi ailələrindən ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplamış 12 gənc, həmçinin 5-ci qrup üzrə yüksək nəticə göstərmiş daha 2 abituriyent ölkənin müxtəlif ali məktəblərinin tələbə biletini alacaq.
Görüşdə çıxış edən MİHİ sədri Arif Mərdanov tədbir iştirakçılarını salamladı və ali məktəb auditoriyalarına ilk dəfə daxil olacaq gəncləri, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun və bütün metropolitençilər adından təbrik etdi. Uzun illər zəhmət çəkmiş valideynlər üçün övladlarının bu gününü görmək əsl xoşbəxtlikdir. “Sağ olun ki, bu əziyyətin əvəzini layiqincə verdiniz, - deyə MİHİ sədri, - ümid edirəm ki, ali təhsilinizi başa vurduqdan sonra yüksək ixtisaslı mütəxəssis kimi ölkəmizin çiçəklənməsinə öz töhfələrinizi verəcəksiniz. Bu sizin Vətən qarşısındakı borcunuz olacaq”.
MİHİ sədri 600 və daha yüksək balla tələbə adını qazanmış gənclərə təşkilatın mükafatlarını təqdim etdi.
Çıxış edənlər “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə və Metropoliten İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirdilər.





Bütün xəbərlər