08 Noyabr 2018

Metropolitençilər peşə bayramını qeyd etdilər

Yarıməsrin ilk ili tamam oldu

Noyabrın 6-da Bakı metropoliteninin istifadəyə verilməsinin 51-ci ildönümü tamam oldu. Bu, təkcə metropolitenin deyil, ümumiyyətlə Bakının və bakılıların həyatının əlamətdar hadisəsini özündə yaşadan tarixi gündür. Çünkü tikintisi başlandığı gündən Bakıda metronun açılışını bütün şəhər səbirsizliklə gözləyirdi. Şəhər sakinlərinin 18 il arzularda yaşatdıqları gün gəlib çatdı. İlk buraxılış mərhələsində «Bakı Soveti» (indiki - «İçərişəhər»), «26 Bakı komissarı» (indiki - «Sahil»), «28 Aprel» (indiki - «28 May»), «Gənclik» və «Nəriman Nərimanov» stansiyalarından ibarət 9,2 km-lik yeraltı xətlərdə hərəkəti başlayan
Bakı metropoliteninin hazırda 36,6 kilometr uzunluğunda 3 xətti, 25 stansiyası və 1 elektrik deposu var.
Metropoliten yarandığı gündən paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına göstərdiyi xidmət mədəniyyətinin səviyyə yüksəkliyini bu gün də saxlayır və inkişaf etdirir. Metropolitençilərin fədakar əməyi həmişə dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli fərmanı ilə noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi təsdiq olunub.
Bu il də noyabrın həmin günündə «Bakı Metropoliteni» QSC-nin kollektivi Fəxri xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı, metropolitenin inkişaf tarixində əvəzsiz xidmətləri olan Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Metropolitençilər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad ediblər, onların, o cümlədən «20 Yanvar» faciəsinin metropolitençi şəhidləri İlqar Qarayevin və Əflatun Kazımovun məzarları önünə güllər düzüblər.
Metropolitenin 51 illiyi və metropolitençilərin peşə bayramı münasibətilə «Bakı Metropoliteni» QSC-nin idarə aparatının iclas zalında təntənəli tədbir keçirilib. «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov tədbirdə giriş sözü ilə çıxış edib və yeraltı yolların inşaatçılarını, istismarçıları bayram münasibətilə təbrik edib. Dövlət himninin səsləndirilməsindən sonra, QSC sədri Zaur Hüseynov tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə tanış edib.
Metropolitenin tarixi, hazırkı inkişaf dövrünün yeni texnologiyaları sonrakı çıxışçı "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanovun məruzəsinin əsas mövzusunu təşkil edib. Çıxışda cari ildə metropolitenin vaqon parkının yeniləşdirilməsi, xüsusən də Bakı metropoliteninin tarixində ilk dəfə olaraq, vaqonların əsaslı təmirinin yerli şəraitdə həyata keçirilməsi barədə, yeraltı yollarda hərəkətin təşkili, idarəolunması, elektrik enerjisilə davamlı təmin olunma üzrə görülən işlərdən danışıldı.
Metronun gələcək inkişafı, tikinti sahələrində işlərin vəziyyəti “Bakı Metropoliteni” QSC sədrinin tikinti üzrə müşaviri Məzahir Nəbiyevin çıxışında öz əksini tapıb. Tədbir iştirakçılarına Bənövşəyi xəttin üçüncü stansiyası "B-3" stansiyasında işlərin vəziyyəti, "Bakmil", "Xətai" stansiyasında eləcə də bu stansiyaya bitişik 2-ci tuneldə və digər sahələrdə aparılan təmir işləri barədə məlumat verildi.
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun çıxışı dövlətin gənclər siyasətinin metropolitendə tətbiqi, metropolitençi gənclərin inkişaf perspektivləri, gənc kadrların yetişdirilməsi və tərbiyəsi mövzusuna həsr olunub.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov müəssisə əməkçilərinin sosial problemlərinin həlli istiqamətində, asudə vaxtlarının, məzuniyyət dövrünün səmərəliyinin daha da yüksəldilməsində müəssisə rəhbərliyi və həmkarlar təşkilatının son bir ildə həyata keçirdiyi tədbirlər, metropolitendə təşkil edilən sosial layihələr barədə danışdı.
Sonra metropolitendə «İlin maşinisti» devizi altında keçirilən müsabiqənin yekunu barədə məlumat verildi. Bu il müsabiqənin qalibi sərnişin qatarının sürücüsü Vüqar Həbibov olub və ilin maşinisti mükafatı ona verilib.
«Fəxri metropolitençi» adına layiq görülənlər barədə müəssisə rəhbərinin əmri ilə tədbir iştirakçılarını sədr Zaur Hüseynovun özü tanış edib.





Bütün xəbərlər