09 Noyabr 2018

9 Noyabr - Dövlət Bayrağı Günüdür

Bayrağımız dövlət suverenliyimizin rəmzidir

Düz 100 il əvvəl, noyabrın 9-da Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı təsdiq olundu. Bayraqda əks olunmuş üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
23 ay mövcud olmuş dövlətimizin üçrəngli, ay-ulduzlu bayrağı 1990-cı ildən Azərbaycan səmasında ucalır. Həmin il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə bərpa olunaraq, muxtar respublikanın dövlət bayrağı kimi qəbul olundu. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Dövlət başçısının 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 Noyabr - Dövlət Bayrağı Günü kimi təsis edilib və rəsmən qeyri-iş günüdür.
2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir: "Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir".
Azərbaycan səmasında dalğalanan bayrağımız sabaha ümidimiz, gələcəyə işığımızdır.





Bütün xəbərlər