27 Fevral 2019 16:21

Yeni nəfəs, yeni imkanlar, yeni texnologiyalar uğurların əsas mənbəyidir

"Bakı Metropoliteni" QSC-nin yaradılmasından 5 il ötür

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından 5 il ötür. 2014-cü il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus qurumun yaradılması ölkənin sosial-iqtisadi inkişafı zəminində düşünülmüş və illərin təcrübəsinə istinadən gələcəyə hesablanmış iqtisadi strategiyanın məntiqi nəticəsi idi.
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi qarşısında qoyulan başlıca məsələ paytaxtın yeraltı nəqliyatının inkişafına xüsusi təkan verən layihələri daha səmərəli və yeni dövrün tələblərinə uyğun şəkildə həyata keçirmək və bu məqsədlə və dünya təcrübəsinin ən faydalı nümunələrini tətbiq etmək idi.
Metropolitenin inkişafı, ilk növbədə, yeni metro xətlərinin tikintisini nəzərdə tutur. Əlbəttə, təkcə yeni xətlər deyil, mövcud infrastrukturun, əsaslı yeniləşmə tədbirlərini nəzərdə tutan layihələrin həyata keçirilməsi prioritet vəzifələrdən sayılırdı. Stansiyaların yenidən qurulması, əsaslı təmir işləri yeni tələblərə uyğun davam etdirilməli, istismar sahəsinin maddi-texniki bazası müasir dövrün standartlarına uyğunlaşdırılmalı və gücləndirilməli, hərəkətin təşkili və idarə olunmasında yeni texnologiyaların tətbiqinin miqyası genişləndirilməli idi.
Ötən beşillik dövrün ən əhəmiyyətli yeniliyi Bakı metropoliteninin yarıməsrlik tarixində ən əlamətdar hadisə yeni Bənövşəyi xəttin ilk iki - "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının istismara verilməsi oldu. Bu xətt müasir texnologiyaların tətbiqi baxımından ən yüksək dünya standartları səviyyəsində olacaq. Gələcəkdə bu xətt qatarların radiodalğalarla (CBTC) və bütün infrasturkturun SCADA sistemləri idarə olunması üzərində qurulacaq. Bu istiqamətdə ən əhəmiyyətli tədbirlər davamlı olaraq aparılır. Ümumilikdə, müasir tunelqazma qurğularının tətbiqindən başlamış stansiyaların yeni üsulla inşasına, istismarında isə müasir dəmir yolu infrastrukturu, havalandırma, elektrik təchizatı, liftlər və eskalatorlar, yanğın təhlükəsizliyi sistemləri və s. nəzərə alınmaqla tam fərqli bir metro sistemi qurulmasının start nöqtəsi olan bu yeniləşmənin mühüm tərkib hissəsi mövcud xətlərin də yeni idarəetmə sistemlərinə keçirilməsidir. Bu xüsusda "Nərimanov" elektrik deposunda bu il tətbiqinə başlanılacaq sistemlər yeniləşmənin başlanğıcı olacaq.
Müəssisənin əsas istehsalat sahələrindən olan dəmir-beton konstruksiyaları məmulatlarının hazırlanması ilə məşğul olan sahəsinin İSO standartlarının bütün tələblərinə tam cavab verən və müvafiq beynəlxalq lisenziyaları olan bir struktur vahidi olaraq tamamilə yenidən qurulması, ən əsası, dünyanın ən aparıcı texnologiyalarının qurulmasılə burada ölkədə ilk dəfə dəmir-beton blokların istehsalı prosesinin işə salınması xüsusi ilə diqqətəlayiqdir. Bunun sayəsində ölkə kənarından gətirilən ağac şpallara xərclənən vəsait daha uzunömürlü, səmərəli, qulluğu asan və ucuz bir proseslə əvəzlənib.
Tikinti sahəsində tətbiq edilən maşın-mexanizmlər isə yeni dövrün inşaat tələbləri səviyyəsində tamamilə yenidən qurulub. Artıq bu məsələdə metropolitenin əksər inşaat tələblərini ödəyən nizamlı bir sistem qurulub.
Bakı metrosunun son 5 ili stansiyalarda aparılan təmir işləri, yeraltı sarayların yenidən qurulması, bir neçə stansiyada istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi ilə yanaşı yolların yenidən qurulması, tunellərin mühafizəsi üzrə işlərin həcm genişliyi ilə yanaşı, yeni sahələrdə tikintinin davam etdirilməsi ilə səciyyələnir. Göstərilən müddətdə "Gənclik", "Nəriman Nərimanov”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “20 Yanvar” stansiyalarında keçid və vestibüllər təmir edildi. İstismar müddəti başa çatmış eskalatorlar Almaniya istehsalı olan müasir analoqları ilə əvəz edildi. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının istifadəyə verilməsi isə dərin özüllü stansiyalar üçün ən əhəmiyyətli addımlardandır. Xüsusən də sərnişin axını gur olan bu stansiya üçün bu, mühüm əhəmiyyət kəsb edən layihə idi. Bunun ardınca stansiyanın birinci çıxışında eskalatorların yenilənməsi və vestübülün öz memarlıq orijinallığını qorumaqla əsaslı təmiri aparıldı. Memarlıq üslubunun qorunması baxımından “Nizami” stansiyasının orta zalı və hər iki platforması, yol divarları xüsusi qeyd olunmalıdır. Stansiyanın yararsız hala gəlmiş konstruktiv və memarlıq elementləri tam bərpa edilərək, daha etibarlı mühafizə sistemləri və inşaat materialları ilə gücləndirildi. Təmir işləri “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci tunelində və stansiya yolunda da başa çatdırılıb. Hazırda təmir işləri bu stansiyanın ikinci yolunda aparılır. 2019-cu ildə həm də "Xətai" stansiyasının istismar müddətini başa vurmuş 3 eskalatoru öz yerini Almaniya istehsalı olan 4 yeni eskalatora verəcək. Stansiyanın bütün infrastrukturu tamamilə yeniləşəcək. Bu xüsusda 2018-ci ildə “Sahil” stansiyasının əsaslı təmirdən sonra yenidən daşıma prosesinə qoşulması da qeyd olunmalıdır. Burada isə artıq 3 köhnə eskalatoru 4 yenisi əvəz edib. Bütün infrastrukturu tamamilə yenidən qurulmaqla memarlıq üslübü bədii zövqlə yenidən işlənmiş stansiya sərnişinlərin istifadəsinə verilib.
Bu günlərdə “Bakmil” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək. Metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlə sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq.
Səhmdar Cəmiyyətin yaranması ilə bir ənənəyə çevrilmiş sosial layihələrin həyata keçirilməsi bu nəqliyyat vasitəsindən istifadə edən sərnişinlər üçün az qala adi hala çevrilib. Bu xüsusda "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının yenidən qurulmuş keçidləri əsl sərgi qalereyasına çevrilib. Burada Azərbaycan kinosuna, dünya və Azərbaycan rəssamlarına, Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə, talassemiyalı uşaqların problemlərinə diqqət çəkən və s. sərgilər xüsusi diqqət mərkəzindədir. Bundan savayı, əlamətdar və bayram günləri, tarixi hadisələr, ölkəmiz üçün aktual mövzulara həsr olunmuş bir-birindən fərqli sosial tədbirlər də metropoliteni tam fərqli simada təqdim edir.
Əlbəttə, metropolitençilərin sosial qayğıları da xüsusi qeyd olunmalıdır. Depo ərazisində istifadəsiz qalan çəpərlənmiş bağların yeni parkla əvəz olunması, girişdə yeni tipli parkinqin qurulması, köhnə hovuzun yerində nəfis tərtibatlı fəvvarənin inşası, milli dəyərlərin təcəssümü olan ulu öndər Heydər Əliyevin büstünün qoyulması, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həlak olmuş metropolitençi şəhidlərə abidənin yenidən qurulması deponun yeniləşən simasının təməlini qoydu. Ərazidəki yeməkxananın tamamilə yenidən qurulması, ən müasir iaşə standartları səviyyəsinə çatdırılmasından da bəhs etmək lazımdır. QSC sədri Zaur Hüseynov bu sahədə təxirəsalınmaz dəyişikliklər edilməsi barədə qərarından sonra yeməkxana qısa müddətdə əsaslı şəkildə təmir edilib, iaşə avadanlığının ən son nümunələri ilə təchiz edildi. Təmirdən sonra orada hazırlanan yeməklərin çeşidi artdı, keyfiyyəti yaxşılaşdı. Ümumən 7 obyektdə açılan iaşə obyektləri metropolitençilərin əksəri üçün əlçatan olmaqla asudə vaxtını daha səmərəli keçirməsinə yol açdı. Ən əsası, nağdsız və güzəştli ödəniş sistemi tətbiq edildi. Hazırda qiymətlərin ödənilməsinin 45 faizini müəssisə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı öz üzərinə götürüb. İşçi tərəfindən ödənilən məbləğ hesablanan əmək haqqından tutulur. Bununla yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində işçilərin övladları üçün müxtəlif kursların açılması, yüksək balla ali təhsil ocaqlarına daxil olanların qayğalarının diqqət mərkəzində saxlanılması, ölkənin dilbər güşələrinə ailəvi istirahət turlarının təşkili, ölkə xaricinə qısamüddətli səfərlər bu qayğının ən bariz nümunələrindəndir.
Müəssisənin Bilgəhdəki istirahət sahəsində aparılan yenidənqurma işləri, köhnə kottec tipli evlərin yerində 2-3 mərtəbəli binaların ucaldılması, sanatoriya və profilaktoriyanın müayinə-müalicə imkanlarının genişlənməsi, uşaq və böyüklər üçün əyləncə mərkəzləri, idman meydançaları, sanatoriya-profilaktoriyanın ən müasir tibb avadanlığı ilə təchizatı, yeni tipli tibbi xidmətin təklif edilməsi son 5 ildə sosial sahədə görülən işlərin kiçik bir hissəsidir.
Əlbəttə, əmək şəraitinin, iş yerlərinin ən müasir tələblər səviyyəsinə çatdırılması, yeni texnika və texnologiyaların tətbiqi inkişafı olmadan istənilən yeniləşmə effektsiz olar. Bu xüsusda depo ərazisində istifadəyə verildiyi vaxtdan əsaslı təmir edilməyən vaqonların cari təmir sahəsinin ən müasir standartlar səviyyəsində və təmirin texnoloji ardıcıllığına uyğun yenidən qurulması bu sahədə yeniliklərin təməli oldu. Ehtiyat hissələrlə təchizatın tam yeni əsaslarla qurulması, ağır əl əməyini minimuma endirən dəzgahların, iri və kiçik həcmli vaqonaltı avadanlıqların avtomatik yuyulmasını təmin edən qurğuların, yeni tipli qaldırıcı mexanizmlərin tətbiq edilməsi ötən beş il ərzində qatarların artıq qaçış problemini tam aradan qaldırmaqla, məhsuldarlığa, işin səmərəsinə əsaslı təsir göstərib.
Əlbəttə, ötən 5 ilin ən böyük uğurları sırasında vaqonların əsaslı təmirinin təşkilini xüsusi qeyd etmək lazımdır. 2014-cü ildən mərhələ ilə dərinləşdirilmiş və həm də modernləşdirilmə prosesi ilə zənginləşdirilmiş bu proses artıq metropolitenin özünə məxsus ən müasir tələblər səviyyəsində qurulmuş sexdə aparılır. Bu isə vaqonların ölkə xaricində təmirinə xərclənən vəsaitə qənaətlə yanaşı, yeni tipli işçi potensialı, keyfiyyət, səmərə deməkdir.
Əlbəttə, vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir. İlk dəfə 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd olmaqla parkı yeniləşdirəcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yeniləcəyək.
2015-ci ildə yerli şəraitdə Rusiyanın TVEMA şirkəti ilə birlikdə qurulmuş çoxfunksiyalı diaqnostika kompleksi isə dünyada öz analoqları arasında xüsusi qeyd olunur və onun təcrübəsini öyrənmək istəyənlərin sırası ildən ilə artır.
Bütün bu deyilənlər bir daha təsdiq edir ki, dövlət başçısının 5 il əvvəl Bakı metropoliteninin gələcək inkişafı, şəhərin ən kütləvi ictimai nəqliyyatı kimi öz funksiyasını daha səmərəli yerinə yetirməsi üçün qəbul etdiyi qərar - Bakı metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu “Bakı Metropoliteni” QSC-nin yaradılması sözün tam mənasında özünü doğruldub.





Bütün xəbərlər