28 Fevral 2019

Nailiyyətlər gələcək inkişafın təməlidir

Yeniliklərin izi ilə

"Bu, ən kütləvi nəqliyyat vasitəsidir. Növbəti illərdə yeni stansiyaların tikintisi hesabına biz bütün şəhərimizin infrastrukturunu müasirləşdirəcəyik və insanların rahatlığı üçün çox böyük işlər görüləcəkdir”.

İlham ƏLİYEV

Bu gün ölkəmizin iqtisadi inkişafının zəminində dayanan əsas amillərin yüksək səmərəliliyi, funksional mahiyyət mexanizminin düzgün işə salınması, ilk növbədə, düzgün qurulmuş, düşünülmüş və illərin təcrübəsinə istinadən gələcəyə hesablanmış iqtisadi siyasətin, idarəetmədə yeni baxışın tətbiqidir. Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ alan təcrübəsiz, idarəçilik səriştəsinə malik olmayan insanların əlindən sükanı alan xalq, onu özünə həqiqi lider hesab etdiyi ulu öndərə etibar etdi və xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bu vəzifəni xalqın hərtərəfli dəstəyi, inamı və məhəbbəti sayəsində məharətlə həyata keçirdi.
2003-cü ildə ulu öndərin əsasını qoyduğu həyat məktəbinin yetirməsi olan İlham Əliyevi dövlətin idarə sükanı arxasına layiq görən xalq bir daha öz müdrikliyini nümayiş etdirdi. Azərbaycan müstəqilliyinin qoruyub saxlanmasının əsas şərtlərindən olan iqtisadi yüksəlişin çətin yollarında bütün sınaqlardan uğurla çıxdı. İlham Əliyev tərəfindən irəli sürülən iqtisadiyyatın yeni inkişaf modelinin fərqli cəhəti onun sosialyönlü strateji xətti və bununla da Azərbaycan modelinə verdiyi millilik səciyyəsidir. İqtisadi inkişafa bu prizmadan yanaşmanın bariz nümunəsi müasir iqtisadi inkişafın təməl prinsiplərinə uyğun olmayan dövlət büdcəsindən subsidiya hesabına fəaliyyət göstərən Bakı Metropolitenidir. Bunun da əsas səbəbi əhalinin əsasən az imkanlı təbəqələrinin istifadə etdiyi metropolitenin şəhər ictimai nəqliyyatı sahəsində əvəzolunmaz nəqliyyat vasitəsi olmaqla dövlətin sosial siyasətinin tərkib hissəsini təşkil etməsidir. Lakin iqtisadi inkişafın Azərbaycan modeli həm də bazar iqtisadiyyatının başlıca qanunlarının tələblərinin sosial əsaslı layihələrlə uzlaşdırılmasını şərtləndirir. 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti də bu tələbin məntiqi nəticəsi olaraq meydana gəldi.
Yeni iqtisadi modellərin yaranması, onların funksionallığının daha səmərəli şəkildə təmin olunması üçün ilk növbədə yeni düşüncə tərzinə, müasir iqtisadi qanunları təhlil etmək qabiliyyətinə malik, bu qanunlarla işləmək vərdişi olan insan resurslarının idarəetməyə cəlb edilməsi gərəkdir. Məhz bu səbəbdən elə həmin gün Azərbaycan Prezidentinin növbəti 290 saylı sərəncamı ilə "Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsinə respublika əhəmiyyətli tikinti obyektlərinin, eləcə də metro stansiyalarının qurulmasında yaxından iştirak etmiş Zaur Mir Tofiq oğlu Hüseynov təyin olundu. Yeni menecmentin müəssisəyə gəlişi ilə paytaxtın bu ictimai sərnişindaşıma nəqliyyat növünün fəaliyyətinə çağdaş dövrün texnoloji yenilikləri, müasir korporativ idarəetmə mexanizmlərinin tətbiqi yolu ilə elmi-texniki tərəqqinin tələbləri ilə ayaqlaşa bilən kadrların hazırlanması, onların bilik səviyyələrinin dəyərləndirilərək seçilməsi və yerləşdirilməsi, ixtisaslarının artırılması, mövcud vaqon parkının maddi-texniki bazasının gücləndirilməsi ilə təmirin yeni əsaslarla qurulması və tarixdə ilk dəfə vaqonların əsaslı təmirinin təşkili təmin edilərək, dünya standartlarının ən yüksək tələblərinə cavab verən və dünyanın inkişaf etmiş ölkələrinin metropolitenlərinə nümunə ola biləcək bir ictimai nəqliyyatı ortaya qoymaqla ölkə ictimaiyyətinə şəffaf fəaliyyəti ilə seçilən bir müəssisənin formalaşdırılmasına nail olundu.
İlk növbədə, metronun inkişafı üzrə dövlət proqramının reallaşdırılması qarşısında duran maneələr, əngəllər vaxtında aradan qaldırılmalı idi. Səhmdar cəmiyyətinin qapalı olması isə bu layihələrə dövlət nəzarətinin təmin olunması, sırf bazar iqtisadiyyatının deyil, eləcə də onun sosial mahiyyətinin qorunması demək idi. İndi metronun inkişafı ilə bağlı bütün məsələləri vahid mərkəzdən kompleks şəkildə idarə etmək və yönəltmək, eyni zamanda dünya təcrübəsinin ən faydalı nümunələrini birbaşa və maneəsiz tətbiq etmək, eləcə də sosial mahiyyətli layihələri asanlıqla yerinə yetirmək mümkün olacaqdı.
Metropolitenin inkişafı dedikdə, əlbəttə, ilk növbədə, yeni metro xətlərinin tikintisi, perspektiv inkişaf planının yerinə yetirilməsi üzrə görülən işlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırda metronun həm tikintisində, həm də istismarında ən müasir və qabaqcıl texnologiyaların tətbiqi idi: "Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”.
Proqrama görə 20 il ərzində yeraltı dəmiryolunun 3-cü xətti açılmalı idi. Tikinti sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində ən yaxın dövr üçün görüləcək əsas iş Bənövşəyi xəttin ilk stansiyalarının təhvil verilməsi idi.
Dövlət proqramı təkcə yeni xətlər deyil, mövcud xətlərin inkişafı üzrə də qarşıya mühüm məsələlər qoymuşdu. Onların həlli istiqamətində əsaslı layihələrin həyata keçirilməsi təmin edilməli idi. Məsələn, perspektiv nəzərə alınmadan dərin özüllü stansiyaların təkçıxışlı layihələndirilməsi stansiyalarda sərnişin axınının səmərəli təşkili problemləri bütün kəskinliyi ilə ortaya çıxarmışdı. 2009-cu ildə ölkə başçısının iştirakı ilə açılmış "28 May” stansiyasının ikinci çıxışından sonra "Elmlər Akademiyası” stansiyasında bu işin sürəti artırılmalı, stansiyaların yenidən qurulması, əsaslı təmir işləri davam etdirilməli, istismar sahəsinin maddi texniki bazası gücləndirilməli, hərəkətin təşkili və idarə olunmasında yeni texnologiyaların tətbiqinin miqyası genişləndirilməli idi.
"Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin ilk yarım ilində qarşıya qoyulan bu vəzifələrin həyata keçirilməsi istiqamətində ciddi və səmərəli addımlar atıldı. İstismar sahəsinin fəaliyyətinin təmin edilməsi baxımından metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli yeniliklər edildi. "Nərimanov” elektrik deposunda ehtiyat hissələrin tədarükündə, detal, maşın və mexanizmlərlə təchizatda köklü dəyişikliklər baş verməklə, günün tələblərinə uyğun iş norması və prinsiplərinin qurulmasına başlandı. Bunun nəticəsində qatarların nasazlıq səbəbilə xətdən çıxarılması halları kəskin surətdə azaldı. Burada vaqon parkının müasir standartlar səviyyəsinə qaldırılması xüsusi qeyd edilməlidir. Uzun müddət istismar olunan vaqonların əsaslı təmir vaxtının yetişməsi barədə qəbul edilmiş qərara əsasən onların modernləşdirilməsi prosesinin perspektivdə köklü şəkildə dəyişdirilməsi, vaqonların əsaslı təmirinin yerli şəraitdə həyata keçirilməsi imkanları araşdırıldı. Həmin dövrdə vaqonların əsaslı təmiri Moskva elektrik qatarlarının təmiri üzrə zavodun Tbilisi filialında aparılırdı.
İlk yarım ildə görülən işlər sırasında mühümlüyü ilə qeyd olunmağa layiq olan, təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayan metroloji ölçü vasitələrinin yenilənməsi istiqamətində önəmli addımların atılması idi. Nəticədə yeraltı polad magistralımızın tarixi üçün ən əhəmiyyətli tədbirlərdən biri olan metropoliten infrastrukturunun diaqnostikası kompleksinin qurulması üzrə işlərə başlandı.
Sürətlə müasirləşən, ən yeni texnologiyaların geniş tətbiq edildiyi bir vaxtda yeni texnologiyalarla işləyə bilən kadrların hazırlığı da aktuallaşdı. Bu məqsədlə yaradılan təlim-tədris mərkəzi hazırda bu məsələnin öhdəsindən layiqincə gəlir.
Səhmdar cəmiyyətin fəaliyyətinin ilk dövrlərində xidmət mədəniyyətinin yüksəldilməsi sahəsində həyata keçirdiyi ən böyük tədbirlərdən biri kimi stansiyaların görkəmini eybəcərləşdirən ticarət köşklərinin, görkəmsiz, bəsit məzmun və primitiv formalı reklam lövhələrinin ləğvi qeyd olunmalıdır.
Artıq "Bakı Metropoliteni” QSC özünün 5 illik fəaliyyətinə yekun vurur. Bu müddətin yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi üçün kiçik olmasına baxmayaraq, görülən işlərin həcmi, miqyası genişdir. Nəqliyyat, xüsusən də metropoliten elə bir xidmət sahəsidir ki, orada işin keyfiyyəti, istehsal olunan məhsulun (xidmətin) insanlara yararlığı, mədəni səviyyəsi dərhal özünü büruzə verir və istehlakçıların reaksiyası da özünü çox gözlətmir. Metroda xidmət mədəniyyətinin səviyyə meyarı, ilk növbədə, insanların vaxtında və təhlükəsiz surətdə mənzil başına çatdırılmasıdır. Bunun üçün qatarların hərəkət cədvəlinə riayət olunmalı, bu cədvəldə tələb olunan hərəkət vahidləri ilə təmin edilməlidir.
QSC-nin fəaliyyətə başladığı ilk aylarda lokomotiv təsərrüfatı bu vəzifənin öhdəsindən çətinliklə gəlirdi. Təmir bazasının zəif olması qatarların texniki vəziyyətində öz əksini tapırdı. Gün ərzində 2-3 qatar xətdə işini tam başa vurmadan depoya plandankənar göndərilirdi. Təmirdən sonra xəttə verilmiş qatarın depodan çıxıb, elə "Nəriman Nərimanov” stansiyasından geri qayıtma halları da az deyildi. Bu da, əlbəttə, hərəkət cədvəlinin yerinə yetirilməsində öz əksini tapırdı, hərəkət xidmətinin işçilərini sərnişinlər qarşısında pis vəziyyətdə qoyurdu.
Deponun vaqon təmiri sexlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə təcili və təxirəsalınmaz tədbirlərin görülməsi təsirsiz qalmadı. Nasazlığa görə xətdən çıxarılan qatarların sayı bir neçə dəfə azaldı. Hətta QSC sədrinin yanında keçirilən həftəlik müşavirələrdə hesabat dövründə xətdən nasaz qatar çıxarılmadığı barədə məlumatlar da səslənirdi.
Eyni zamanda, vaqon parkının yeniləşdirilməsi üzrə işlər də mütəmadi şəkildə davam etdirilib. "Transmaşholdinq” Səhmdar Cəmiyyətinin səhmlərinin bloklayıcı paketinin sahibi olan Fransanın "Alstom” şirkəti ilə imzalanmış memorandumun şərtlərinə uyğun olaraq, "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 15 vaqondan 10-u 2016-cı ilin aprel ayında Bakıya gətirildi. Yeni vaqonlarla tanış olmaq üçün "Nərimanov” elektrik deposuna gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qatarlar barədə "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov məlumat verdi. Dövlət başçısına bildirildi ki, yeni qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlkilərdən fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, yeni vaqonlarda bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton idi. İndi isə bu göstəricilər müvafiq olaraq 34 və 29 tondur. Vaqonların banı paslanmayan metaldandır və vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Salonlarda "qaçan sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Həmin gün dövlət başçısına qısa vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş işlər barədə məlumat verildi və bu sahədə əhəmiyyətli işlərdən biri olan diaqnostika kompleksi barədə danışıldı. Metropoliten infrastrukturunun texniki vəziyyətinin müayinə və qiymətləndirilməsində bu kompleksin əhəmiyyəti son dərəcə böyükdür. Xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompüter avadanlığı, GPS-koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş diaqnostika kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlisliyini və sərnişindaşımanın rahatlığını təmin edir. Kompleksin başqa bir əsas vəzifəsi qatarların avtomatik sürət tənzimləmə sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır. Bundan başqa, diaqnostika kompleksinin verdiyi imkanlardan bəhrələnərək rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion nəzarətin aparılması mümkündür. Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fiziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verir.
2015-ci ilin sonunda Moskvada keçirilmiş mötəbər sərgi-seminarda "dünyada analoqu olmayan” kimi qiymətləndirilən kompleksin işi ilə maraqlananların dairəsi get-gedə daha da genişlənir, yeniliyimiz Rusiya, İtaliya, Hindistan, Gürcüstan mütəxəssislərinin diqqətini çəkib. 2018-ci ilin oktyabrında Almaniyanın paytaxtı Berlində nəqliyyat innovasiyalarına həsr olunmuş nüfuzlu beynəlxalq "İnnotrans” sərgisinin pavilyonlarının birində dəmir yollarının diaqnostikasından bəhs edən videoçarxın əsas hissəsi Bakı Metropoliteninin infrastrukturunun çoxfunksiyalı diaqnostika kompleksinə həsr olunub.
Bu gün metropolitençilər diaqnostika kompleksini hərəkətin təzlükəsizliyinin bir nömrəli təminatçısı hesab edirlər. Kompleks yolların, tunel və tunel avadanlığının, yolun üst quruluşunun, işarəvermə qurğularının, elektrik təchizatı sisteminin, qatarların, vaqon təsərrüfatının bütün elementlərini müayinə edir, texniki göstəricilərin normalar həddinə uyğunluğunu nəzarət altında saxlayır. Ayda iki dəfə xəttə çıxan bu vaqon-laboratoriya bütün metro infrastrukturuna aid ölçmələri aparır, nəticələr bütün aidiyyəti olan xidmət sahələrinə çatdırılmaq üçün serverə yerləşdirilir.

"Azərbaycan” qəzeti
№ 48 (8071), 28 fevral 2019-cu il





Bütün xəbərlər