12 Aprel 2019

Bakı metropoliteni tarixində ilk qadın maşinist

Yeni tipli kursun ilk maşinistləri sərnişinlərə xidmət edir

Bakı metropoliteni tarixində ilk dəfə hərəkət qatarlarının maşinistləri yeni qayda üzrə seçilir. 2018-ci ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran 12 nəfər sərnişin qatar maşinistləri sırasına daxil olub. Daha 3 nəfərə isə kadr komissiyası qarşısına təkrarən çıxmaq üçün daha bir şans bir aylıq hazırlıq möhləti verilib.
Kurslar barədə elan verildikdən sonra, “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytı vasitəsilə 500-dən artıq müraciət daxil olmuşdu. Onlardan 339-u əsas tələblərin şərtlərinə uyğun gəlməyib. Dəvət edilmiş 170 nəfərdən 127-si ilk seçim mərhələsində iştirak edib. Komissiya ümumi və texniki bilik səviyyəsinə, psixoloji duruma, dünyagörüşü və maşinist peşəsi ilə bağlı məlumatlılığa qiymət verib. 31 nəfər növbəti seçim turuna keçib. İkinci mərhələyə 3 nəfər qatılmaq istəməyib və peşəkar mütəxəssislərin psixoloji testindən 22 nəfər uğurla çıxıb. Tibbi yoxlamadan ibarət olan üçüncü mərhələdən 3 nəfər könüllü imtina edib.
Qalan 19 nəfərdən ikisi fikrindən daşınıb və dərslər 17 iddiaçı ilə başlanıb. Tədris proqramı hər iş günü olmaqla əvvəlcə sırf nəzəri, daha sonra həm də praktiki hissələrdən ibarət olub. Proqramda metropoliten infrastrukturu, hərəkətin təşkili ilə bağlı bütün sistem və avadanlıqlarla tanışlıq, qatarların idarə edilməsi, vəzifə və texniki istismar üzrə təlimatların mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və digər proqram həcmi əksini tapıb. Hər tədris mərhələsində müdavimlərin biliyi yoxlanılaraq qiymətləndirilib.
Təlimlər zamanı iştirakçılardan daha 2-si kursu könüllü olaraq, tərk edib. Onu da əlavə edək ki, tədris prosesi dövründə iştirakçılara təqaüdlər verilib.
Xüsusi qeyd olunmalıdır ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 10-dan artıq qadın müraciət etsə də, bütün seçim turlarını onların arasında yalnız bir qadın uğurla keçib.
Hazırlıq kursunu da müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər cərgəsində olub. Günay Həbibli maşinist hazırlığı prosesinə qatılana qədər də "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra, özünə güvənərək, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, bu təlimlərin gündəlik və iş gününə bərabər saatda davam etməsi səbəbilə iddiaçının, eyni zamanda, iki yerdə işləməsi və yaxud iki vəzifə tutması qeyri-mümkün idi. Bununla, "Bakı Metropoliteni" QSC həm də təlim-tədris prosesinin bütün iştirakçıları arasında bərabər tədris şəraiti yaratmışdı.
Maşinistlərin işə qəbulunun yeni və əvvəlki qaydalarını müqayisə etmək lazımdır. Tədris proqramları arasında böyük mahiyyət, məzmun və mövzu fərqi yoxdur, fərq kursların müddətindədir. Buna qədər maşinist olmaq üçün 3 il ərzində müxtəlif mərhələləri keçmək lazım idi. Müvafiq peşə təhsili olanlar metropolitendə işə düzələrək, ən azı, bir il çilingər işləməli idilər. Daha sonra maşinist köməkçiliyi kursunda iştirak edib, imtahan vermək tələb olunurdu. Maşinist köməkçisi də yenə bir ilə qədər işlədikdən sonra yeni kursa yazılır və eyni mərhələləri keçirdi. Metropolitendə 20 ildən artıq maşinist köməkçisi işləyənlərin olduğunu nəzərə alsaq, keyfiyyət fərqini görmək mümkündür. Tədrisin istehsalatdan ayrılmadan təşkili də pedaqoji effektivsizlikdə, kursun keyfiyyətində, əmək məhsuldarlığında əksini tapırdı. Ən əsası, bu istismar və təmir zamanı işin təşkilinə mənfi təsir göstərirdi. Nəticədə, maşinist qıtlığı yaranır, peşəyə maraq azalırdı. Həmçinin təmir üzrə məsul peşələrə də münasibətdə qeyri-ciddilik mənbəyi olurdu. Çünki maşinist olmaq ehtimalı çilingərlərin usta və mühəndis kimi ixtisaslı kadrların hazırlanmasının da qarşısını alır, nəticədə peşəkar, işin spesifik xüsusiyyətlərini illərlə mənimsəyən kadr qıtlığı yaranır və bu da lokomotiv parkının vəziyyətinə mənfi təsir edirdi.
Yeni qaydalar bununla yanaşı, maşinist peşəsi arzusunda olanları bu sənətə daha da yaxınlaşdırıb. Maşinist peşəsinə yiyələnə biləcək texniki təhsilli namizədlərin profili daha genişləndirilib. Bu isə bacarıqlı və istedadlı kadrların seçilməsini, yetişdirilməsini asanlaşdırır.
Yenilik tətbiq edilərkən, dünyanın aparıcı metropolitenlərinin təcrübəsi yaxından öyrənilib. Müqayisə üçün qeyd edək ki, İstanbulda maşinistlər texniki peşə təhsili olan insanlar arasından 3, Rusiyanın aparıcı metropolitenlərində 6 ay ərzində hazırlanır.
Yaxın vaxtlarda kurslara yeni seçim başlanacaq. Fevral ayının 15-dək elektron qaydada müraciət edənlərin elanda qeyd edilmiş tələblərə uyğunluğu yoxlanılır və seçim turunun siyahısı tərtib olunur.





Bütün xəbərlər