23 Aprel 2019 12:17

UFAZ-ın tələbələri Bakı metropolitenində praktiki biliklərə yiyələnirlər

Yeni sistemlərlə tanışlıq

Azərbaycan-Fransız Universitetinin (UFAZ) bir qrup tələbəsi Bakı metropolitenində praktiki məşğələlərə başlayıblar. Prosesə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə bu ali tədris ocağı arasında imzalanmış memoranduma əsasən, universitetin kompüter fənn fakültəsinin 3-cü kursunda təhsil alan 11 tələbəsi cəlb edilib. Onlara nəqliyyatda avtomatlaşdırma və kompyuter texnologiyalarının tətbiqi təlim proqramının praktiki hissəsi "Thales" şirkətinin avadanlıq və sistemləri ilə təchiz olunmuş “Avtovağzal” stansiyasında keçilir.
Məşğələləri "Thales" şirkətinin Azərbaycan nümayəndəliyinin texniki direktoru Mixail Malinovski, “Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov, eləcə də "Thales"in Kanadanın Toronto şəhərindəki təlim-tədris mərkəzində kurs keçmiş və Türkiyənin İstanbul metrosunda təcrübə mübadiləsində iştirak etmiş xidmətin aparıcı mütəxəssisləri Rüfət Səmədov, Şahin Vəliyev, Rüstəm Məhərrəmov, Taleh Məmmədov və Nadir Osmanov aparırlar.
Tələbələrə metropolitendə işarəvermə və rabitə xidmətinin son illərdəki fəaliyyətindən bəhs edən xidmət rəisi Elçin Məmmədov “Avtovağzal” stansiyasında quraşdırılan "Thales"in avadanlıqları barədə ətraflı məlumat verib.
Tələbələr, qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi,  Bənövşəyi xətti əhatə edən dispetçer idarəetməsi, "Tetra" radiorabitə sistemi,  mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlarla tanış olublar.
Mixail Malinovski metropolitenin hər bir sahəsi üzrə tətbiq edilmiş sistemlərin xüsusiyyətlərindən, funksional imkanlarından bəhs edərək, şirkətin bu sahədə fəaliyyəti barədə geniş danışıb. "Thales"in kurslarında iştirak etmiş metropolitençi mütəxəssislər isə hər bir yeniliyi əyani nümayiş etdirərək, avadanlıqların yerinə yetirdiyi funksiyalardan da söz açıblar.
Mixail Malinovskinin sözlərinə görə, müəssisənin real iş rejimi şəraitində və mütəxəssislərinin nəzarəti altında keçirilən təcrübi məşğələlər, istehsalat şəraitində əyani tədris prosesi tələbələrə biliklərini dərindən mənimsəməkdə, onların bacarıqlı mütəxəssis kimi püxtələşməsində hərtərəfli kömək göstərəcək.





Bütün xəbərlər