24 May 2019 0:00

Metropolitenin könüllüləri Avropa Liqasının xidmətində

Yeddi stansiyada iki növbədə

Mayın 29-da futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı metropoliteni sıx qrafiklə çalışmağa hazırdır. Bu müddətdə metropolitenin sərnişinləri arasında fərqli kontingent də olacaq. Sərnişinlərə, əsasən də xarici qonaqlara lazımi xidmət göstərmək üçün metropoliten də könüllülərin xidmətindən istifadə edəcək.
Əcnəbilərin daha çox istifadə edəcəyi ehtimal olunan stansiyalara təhkim olunacaq 30 könüllünün seçimi başa çatıb və onların bilik-bacarığının artırılması məqsədilə treninqlər keçirilib. Treninq zamanı bütün könüllülərin iş qrafiki, xidmət intizamı barədə müfəssəl təlimatlandırılması, siyasi baxışından, milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq, bütün sərnişinlərlə davranış qaydaları barədə geniş məlumat verilib.
Qeyd edək ki, final qarşılaşması ərəfəsi və oyundan sonra şəhərdə yarana biləcək vəziyyət təhlil edilərək, araşdırılmış və treninqlərin istiqaməti əvvəlcədən müəyyənləşib.
“Bakı Metropoliteni” QSC-nin insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov könüllülərə keçirilən treninqin əsas məqsədi barədə geniş məlumat verərək, bildirib ki, sərnişinlərin informasiya ehtiyaclarının ödənilməsinə diqqət edilməli, milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı məlumatlar əcnəbi qonaqlara çatdırılmalıdır. Departament rəhbəri onu da xüsusi olaraq vurğulayıb ki, sərnişinlərin bu qəbildən olan suallarla daha çox müraciət edəcəyi gözlənilir.
Bakı metropoliteni üzrə polis şöbəsinin rəisi Samir Hüseynov könüllülərin nəzərinə çatdırıb ki, ən vacib məsələlərdən biri də yarışın keçiriləcəyi obyekt və həmin ərazidə yerləşən ictimai əhəmiyyətli yerlər və həmin yerlərə istər metro, istərsə də digər ictimai nəqliyyat vasitələri ilə yetişmək barədə məlumatların şəhərimizin qonaqlarına dəqiq şəkildə verilməsidir. Samir Hüseynov həmçinin onu da qeyd edib ki, stansiyaların ərazisində baş verə biləcək hər hansı hadisələrlə bağlı ərazilərdə olan polis nəfərlərinə dərhal yaxınlaşmalı, onlar da təhlükəsizliyin və asayişin qorunmasında müvafiq qaydada kömək göstərməlidirlər.
Hərəkət xidmətinin rəisi Etibar İsayev metro daxilində bələdçiliklə, hərəkət istiqamətləri, hərəkət qrafikləri, qatarlararası intervallar, metro xətlərinin sxemi, kartın alınması, balansa yükləmə mexanizmi, ödənişin həyata keçirilməsi, turniketdən keçid qaydasının könüllünün bilməli olduğu məsələlər sırasına  daxil olduğunu bildirib.
Xidmət şöbəsinin rəisi Lalə Babayeva könüllülərə verilən məlumatları həm də ingilis dilində onların nəzərinə çatdırıb. Bununla yanaşı, o, şəhərimizin qonaqlarının könüllüləri asanlıqla tanıması üçün üzərində “Ask me” ("Məndən soruş") yazısı olan köynək, papaq, çanta, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, yaddaş kitabçası ilə təmin olunmaq və şəhərimizin qonaqları ilə münasibət qurmaq barədə geniş məlumat verib.
SƏTƏMM şöbəsinin aparıcı mütəxəssisi Ofeliya Mustafayeva təqdimatında bildirib ki, Bakı metropoliteni ərazisində xidmət göstərəcəkləri üçün könüllülərin də ilk vəzifələri sırasında yanğın və ictimai təhlükəsizlik texnikası, ilkin tibbi yardım, digər fövqəladə hallar zamanı zəruri hazırlığın olmasıdır. Ofeliya Mustafayeva onlara bu məsələlərlə bağlı təlimatlar verib.
Onu da qeyd edək ki, könüllülər mayın 27-dən 30-na kimi metopolitenin yeddi stansiyasında - “İçərişəhər”, “Sahil”, “Nizami”, “28 May”, “Gənclik”, “Nərimanov”, “Koroğlu” stansiyalarında ikinövbəli iş rejimi şəraitində xidmət göstərəcəklər.

 





Bütün xəbərlər