01 Noyabr 2019 16:30

Yeraltı sarayların nəqqaşı

Hər gün minlərlə tamaşaçısı olan rəssam

Bakının ən əhəmiyyətli nəqliyyat vasitələrindən biri, sakinlər üçün uzaqları yaxın edən Bakı metrosunun memarlıq üslubunun özəlliyi ilə seçilən stansiyaları sənət inciləri sayılır. Dünyanın əksər metropolitenlərindən Bakı metrosunu fərqləndirən də elə budur.
Müxtəlif illərdə inşa edilən stansiyalarımızın hər biri Azərbaycan memarlıq ənənələrini, milli koloriti özündə əks etdirir. Onların hər birinin incəsənət nümunəsinə çevrilməsində yurdumuzun görkəmli rəssamlarının böyük əməyi var.
Əsərlərinin hər gün minlərlə tamaşaçı tərəfindən izləndiyi xoşbəxt rəssamlarımızdan biri də Xəlil Əliyevdir. Onun “Xətai”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov” stansiyalarının bədii tərtibatında monumental rəssam kimi fəaliyyəti 20 ildən artıqdır ki, Bakının yeraltı saraylarını rövnəqləndirir, onlara xüsusi bir özünəməxsusluq verir.
Ailədə rəssam olmasa da, əksər istedadlı rəssamlarımızın vətəni sayılan Bakıda doğulan Xəlilin rəssamlığa həvəsi ailə yaradıb. Beş yaşından rəsm çəkməyə başlayan Xəlili böyük qardaşı əlindən tutub pionerlər evinə gətirib, rəsm dərnəyinə yazdırıb. Tanınmış  müəllimlərdən dərs alması Xəlilin istedadını daha tez  üzə çıxarıb, bacarığını artıraraq püxtələşdirib. Fırça və kətanın hələ orta məktəb illərində həyatının ayrılmaz hissəsinə çevrildiyini hiss edən Xəlil sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verib. Burada dərs deyən görkəmli rəssamlarımızın fırçasından çıxan gözəl əsərlərdən daha da ilhamlanan gələcəyin rəssamı İ.Y. Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasında SSRİ Xalq rəssamı Yevsey Moiseyenkonun emalatxanasında hazırlıq kursu keçir. Daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə daxil olan Xəlil Əliyev memarlıq sənətinin də sirlərindən agah olur, həm rəssamlıqda, həm də memarlıqda dəyərli sənət nümunələri yaratmağa başlayır. Sumqayıtda yerləşən sənaye və mədəni əhəmiyyətli tikililərin –Nəriman Nərimanov adına Mədəniyyət Sarayının , Sumqayıt Superfosfat Zavodu, Kimya və Alimünium Zavodlarının inzibati binaları, uşaq stomotoloji poliklinikasının binası, Xırdalanda VAZ avtoservis mərkəzinin mozaika tərtibatı Xəlil Əliyevin bədii təxəyülünün məhsuludur.
1990-cı illərin əvvəllərində Bakı metropoliteninin bir neçə stansiyasının adında  dəyişikliklərin edilməsi tarixi bir zərurətə çevrilmişdi. Bu stansiyalarımızdan biri də Rusiya bolşeviki cildinə girmiş qatı daşnak Şaumyanın adını daşıyırdı. Həmin dövrdə əsaslı şəkildə təmirdən sonra, stansiyaya “Xətai” adı verildi. Təmir prosesində stansiyanın memarlıq tərtibatında adına müvafiq  dəyişikliklər aparılmalı idi. Xəlil müəllimin də yeraltı sarayların bədii tərtibatıyla məşğul olması məhz bu stansiyadan başlandı.  Stansiyanın divarına həkk edilmiş bütün bədii metal, keramika Xəlil müəllimə məxsusdur. Xətainin bir büstü isə memar İbrahim Aşurovla Xəlil Əliyevin birgə əməkdaşlığının məhsuludur. Kompozisiyanın hər bir elementi Xətai dövrünün dərindən araşdırılması nəticəsində yaradılıb. Belə ki, dövrünün həm sərkərdəsi, həm şairi, həm hökmdarı olan Xətai şəxsiyyətinin hər üç yönü bu kompozisiyada öz əksini tapıb. Stansiyanı əsl saraya çevirən, Azərbaycan miniatür sənətinin nümunələriylə daha da zənginləşdirilən bu obrazlara baxdıqca, görkəmli şəxsiyyətin həyat xronikası, onun yaşadığı dövr gözlərimiz önündə canlanır.
2018-ci ildə əsaslı təmirə bağlanan, “Xətai” stansiyasının tamamilə yeniləşməsilə yanaşı, bədii tərtibat və memarlıq dizaynının da yenidən restarvasiya olunmasına başlanıldı. Bu işlər metropolitenin xüsusi tamamlama işləri dəstəsinin iştirakı ilə peşəkar rəssamlar Zöhrab Cabbarov, Elçin Cabbarov, memar Cahangir Sadıxov tərəfindən həyata keçirilib. Xəlil müəllim bədii tərtibat işlərinin orijinallığına heç bir xələl gətirilmədən yenidən bərpa edilməsində əməyi keçən həmkarlarına, hər bir metropoliten əməkdaşına, xüsusilə də “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova  öz dərin minnətdarlığını bildirdi.
“Xətai” stansiyasının bədii tərtibatı üzrə işlər yekunlaşdıqdan sonra, tərtibatçı- rəssam 1991-ci ildə “Sahil” stansiyasında Xəzərin çılğın dalğalarının abstrakt təsviri olan “Sahil” adlı mozaik kompozisiyanı yaradır. Elə həmin il sənətkara “28 May” stansiyasının bədii tərtibatı həvalə olundu. 1993-cü ildə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist və həkim Nəriman Nərimanovun adını daşıyan metro stansiyasının bədii tərtibatı yenə də Xəlil Əliyevə həvalə olundu. Rəssam bu stansiyada yaratdığı mozaik kompozisiyada görkəmli şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin bütün sahələrini peşəkarlıqla əks etdirib. Tibbə, teatra, ədəbiyyata aid müxtəlif elementlərin fonunda yaratdığı Nəriman Nərimanovun mozaik portreti orijinallığını və canlılığını hələ də qoruyub saxlamaqdadır.
Sadaladığımız metro stansiyaların hər birinin bədii tərtibatında monumental rəssam kimi öz istedadını göstərən Xəlil Əliyev təsviri sənət sahəsində də uğurlu fəaliyyətini davam etdirir, müxtəlif poetik əsərlər yaradır. Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə və Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətinə görə 2011-ci ildə “Siyasət və gerçək uğur” siyasi araşdırmalar mərkəzinin təsis etdiyi Fəxri diplom, 2014-cü ildə isə “Dədə Qorqud” fondunun “Qızıl Ürək” medalı ilə təltif edilib.
Bu il 65 yaşı tamam olan yubilyarın 2019-cu il noyabr ayının 4-də Ağ şəhər qalereyasında sərgisi açılacaq. Üç gün davam edəcək sərgidə metro stansiyalarında Xəlil Əliyevin müəllifi olduğu  bədii tərtibatdan nümunələr yer alacaq. 

 





Bütün xəbərlər