15 Oktyabr 2019 0:00

Bakı metropoliteninin yenilikləri beynəlxalq tədbirdə diqqət mərkəzində olub

İnnovativ yanaşma Azərbaycan dövlətinin metropolitenə diqqətinin təzahürüdür

Rusiyanın Nijni Novqorod şəhərində "Metro" Beynəlxalq Assosiasiyasına üzv olan metropolitenlərin baş mühəndislərinin ənənəvi illik texniki şurasının iclası keçirilib. Tədbirdə "Bakı Metropoliteni" QSC-ni istismar üzrə baş mühəndis Əlixan Osmanov təmsil edib. Tədbirin gündəliyi, həmişəki kimi, aktuallığı ilə seçilərək, son dövrlərin daha çox gündəmdə olan məsələlərini əhatə edib.
"Bir qayda olaraq belə mötəbər toplantıda texniki məsələlərə öz mövqeyi, təcrübəsinə uyğun olaraq, daim xüsusi peşəkar yanaşma tərzi nümayiş etdirən və hər məsələdə öz rəyi olan Bakı metropoliteninə, həmişə olduğu kimi, bu dəfə də xüsusi münasibət var idi. Bakı metropoliteni keçmiş SSRİ məkanı yeraltı dəmiryol nəqliyyatı müəssisələri arasında öncüllüyü ilə seçilir. Bu səbəbdən Assosiasiyada Bakı metropoliteninin təcrübəsinə istinadən müəssisədəki mühəndis düşüncəsi ilə hesablaşırlar" deyən Əlixan Osmanov onu da əlavə edir ki, son illərdə Bakı metropoliteninin əldə etdiyi texnoloji nailiyyətlərə, həyata keçirilən mühəndis-texniki yeniliklərə budəfəki iclasda da maraq böyük olub.
Metropolitenlərin elektrik təchizatı ilə bağlı problemlərin müzakirəsi zamanı Bakı metropolitenində belə hallarda tətbiq edilmiş konsepsiya yığıncaq iştirakçılarında böyük maraq doğurub. Azərbaycan Respublikasının Prezidentinin birbaşa tapşırığı ilə qısa müddətdə həyata keçirilən bu layihə Bakı metropoliteninin daha bir sahədə nümunəvilik aktı kimi, mühəndis fikrinin diqqətini çəkib. Əlixan Osmanov bu layihənin Bakı metropoliteninin yeni xətlərində tətbiq olunacağını da qeyd edib. İclas iştirakçıları bakılı həmkarlarının bu nailiyyətini metropolitenə xüsusi diqqətin nəticəsi və yeraltı dəmiryolu nəqliyyatında təhlükəsizliyin təminatında tarixi yenilik adlandırıblar.
Metropolitenin bu xüsusda diqqətəlayiq daha bir layihəsi də həyat əhəmiyyətli kommunikasiyaların elektrik enerjisi ilə fasiləsiz təchizatı barədədir. Bakı metropolitenində bununla bağlı işlənib hazırlanan konsepsiyanın həyata keçirilməsi istiqamətində işlər yaxın vaxtlarda başlanılacaq. Bu məsələ, elektrik enerjisinin verilişində yaranmış fasilə, eləcə də qısamüddətli problemlərin avadanlıq və sistemlərin işinə təsirinin aradan qaldırılmasını nəzərdə tutur. Bununla bağlı, Bakı metropolitenin görmək istədiyi işlər, konsepsiyanın texniki xüsusiyyətləri iclasda iştirak edən mütəxəssislərin diqqətini çəkib və təcrübə mübadiləsi təklifləri verilib.
Metropolitendən istifadə məhdudiyyəti olan sərnişinlərlə bağlı layihələrdən bəhs edərkən, Əlixan Osmanov bu ildən postsovet məkanında nümunəsi olan layihənin Bakıda da həyata keçirilməyə başladığını qeyd edib. Bu məqsədlə yaradılan xüsusi işçi qrupu ilə müvafiq təlimlər keçirilib, həmçinin əlil arabasından istifadə edən sərnişinlər üçün xüsusi qurğular, o cümlədən məhdud hərəkət imkanlı, lakin əlil arabası istifadəçisi olmayan sərnişinlərin də maraqları nəzərə alınıb. Ümumiyyətlə bu xidmətin fəaliyyət spektri təkcə əlil arabalarının daşınması ilə məhdudlaşmır. Bundan savayı, əhalinin müxtəlif kateqoriyasından olan insanlara, o cümlədən ahıllara, görmə və eşitmə imkanları məhdud, əl yükü olan hamilə xanımlara, uşaq arabası ilə hərəkət edənlərə də xidmət göstərilir.
Baş mühəndislər metroda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi baxımından bir sıra məsələlər ətrafında müzakirələr aparıblar. Əlixan Osmanov son dövrlərdə bir çox metropolitenlərdə tətbiqinə başlanılan sistemlərin artıq köhnəldiyini qeyd edib. "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi bu məsələ ilə bağlı müasir avadanlıq və qurğuların inkişafını izləməklə kifayətlənməyərək, yanaşma sistemini, metodika və üsulları, həmçinin hərəkətin təşkilinin xüsusiyyətləri ilə vəhdətdə öyrənilməsinin vacibliyini qeyd edib, müşahidələrini və qənaətini bölüşüb. Bakı metropoliteninin təmsilçisi tətbiq edilən bir sıra texnologiyalarla yoxlamanın metropolitenə yaxın ərazilərdən başlanmalı olduğunu və təhlükəsizliyin təminatında bunun vacibliyini söyləyib. Buna nümunələrdən biri kimi üztanıma sistemlərinin daha effektli tətbiqi ilə bağlı fikirlərini söyləyib.
Metropolitenlərdə yanğın təhlükəsizliyi ilə bağlı xüsusi istilik kameraları adlandırılan rəqəmsal sistemlərin tətbiqi müzakirə olunub. Bu sistemlər avadanlıq və qurğuların müəyyən edilmiş norma hədlərini cüzi aşdıqda belə, idarəetmə mərkəzinə məlumat ötürür.
Texniki şurada müzakirə olunan mühüm məsələlərindən biri də tikinti norma və qaydalarının yenidən işlənməsi olub. Son dövrlərin nailiyyətləri, texnoloji inkişaf bu mühüm və fəaliyyətdə rəhbər tutulan sənədlərdə dəyişikliklərin edilməsi qarşılıqlı müzakirələrdən sonra qurumların daxil olduğu ölkələrin hökumətlərinə tövsiyə olunacaq.
Mühüm məsələlərdən biri də vaqonların zavod şəraitində əsaslı təmiri və onun keyfiyyəti ilə bağlı olub. Yığıncaqda təmir prosesinə nəzarət, əsaslı təmirin keyfiyyətinə zəmanət, istehsalçı müəssisənin imkanlarından asılılıq və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılıb. Bu məsələdə Bakı metropoliteninin təcrübəsi təqdirəlayiq sayılıb. Müasir dövrün tələblərinə uyğunlaşmanı optimal qaydada tətbiq etməyə çalışan Bakı metropoliteni bu addımı ilə iqtisadi səmərə əldə etməklə yanaşı, bu sahənin mənimsənilməsi, orada yeniliklərin tətbiq edilməsində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Əldə olunan iqtisadi və texniki səmərədən savayı, bu, vaqonların yerli metropolitenin tələblərinə uyğun modernləşdirilməsinə, praktiki yeniliklərin daha da genişləndirilməsinə, kadr potensialının gücləndirilməsinə, elmi biliklərin artması kimi üstünlüklərə də yol açır. Bu məsələ də Azərbaycan dövlətinin metropolitenə verdiyi önəmin təzahürü kimi qiymətləndirilib.





Bütün xəbərlər