21 Oktyabr 2019 0:00

"Metrovaqonmaş"da Ulu Öndər Heydər Əliyevin xatirə lövhəsinin açılışı olub (Yenilənib)

SSRİ metro sənayesinin inkişafına verilən tarixi töhfəyə ehtiramın bariz nümunəsi

Bu gün Rusiyanın nəqliyyat maşınqayırması sənayesinin aparıcı müəssisələrindən biri olan “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin metro vaqonlarının istehsalı zavodunda tarixdə Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin xatirə lövhəsinin açılışı olmuş və bu tarixi hadisə ilə bağlı adıkeçən müəssisə ərazisində ağacəkmə kampaniyası keçirilib.
1897-ci ildə fəaliyyətə başlamış və zəngin tarixə malik müəssisənin inkişaf tarixində ən əhəmiyyətli rollardan birini  məhz Ulu Öndər Heydər Əliyev oynayıb. Yeri gəlmişkən, SSRİ-nin ilk elektrik dəmiryolu xətti olan Bakı-Sabunçu xətti üçün ilk elektrik vaqonları da məhz bu zavodun məhsulu olub. Zavodun bu gün nəinki Rusiyada, həmçinin dünyada aparıcı müəssisələr sırasında yer almasının təməli 1980-ci illərdə ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işlədiyi illərdə qoyulub.
Ulu Öndərin xatirəsini əbədiləşdirən lövhənin açılış mərasimində Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov, “Transmaşholdinq” SC-nin baş direktor müavini Artyom Ledenyov, "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin baş direktoru bildirib ki, xatirə lövhəsinin açılması Azərbaycan xalqının şanlı övladı Heydər Əliyevin bu müəssisə qarşısında tarixi xidmətlərinə xüsusi ehtiramın təzahürüdür. Çünki 1982-ci ildə dünyanın ən nəhəng dövlətlərindən birində mühüm rəhbər vəzifədə çalışdığı illərdə Heydər Əliyev SSRİ-də maşınqayırma sənayesinin, o cümlədən dəmir yolu və metro vaqonları istehsalının təkanverici qüvvəsi olub. Məhz həmin dövrdə Heydər Əliyevin təklifi və uzaqgörən qərarı sayəsində Mıtişşi vaqonqayırma zavodunun genişləndirilməsinə başlanılaraq ən böyük sexlərindən birinin inşasına başlanılıb. Bununla müəssisə ən nəhəng metro vaqonları istehsalçısına çevrilib.
Səfir Polad Bülbüloğlu xatirə lövhəsinin açılmasını Azərbaycan-Rusiya münasibətlərinin ən yüksək səviyyədə olmasının daha bir təzahürü, həmçinin tarixi irsə hörmət və ehtiram nümunəsi adlandırıb. Bu təşəbbüsə və Ulu Öndərin xidmətlərinin xatırlanmasına, onun adının əbədiləşdirilməsinə görə o, müəssisə rəhbərliyinə təşəkkürünü ifadə edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. "Bakı Metropoliteni" QSC ilə "Transmaşholdinq" səhmdar cəmiyyəti arasında əməkdaşlığın iki ölkə arasında əlaqələrin dinamik inkişafının bir nümunəsi olduğunu vurğulayan Polad Bülbüloğlu keçirilən bu tədbiri Azərbaycan və Rusiyanın inkişaf edən etibarlı tərəfdaşlığının göstəricisi kimi qiymətləndirib.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov tarixi ənənələrə sadiqlik nümayiş etdirərək dünyada ən aparıcı metro vaqonu istehsalçılarından biri kimi şirkətlə səmərəli əməkdaşlığın davam etdiyini xüsusi vurğulayıb. O, Bakı metropoliteninin fəaliyyətə başladığı 1967-ci ildən bu günə qədər "Metrovaqonmaş"la qarşılıqlı hörmət əsasında işgüzar əlaqələrin formalaşdığını və bu münasibətlərin dərinləşdirilməsində Heydər Əliyevin tarixi rolunu xüsusi qeyd edib. 1990-cı illərdə hər iki ölkə müstəqilliyə qovuşsa da, məhz Ulu Öndər Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra iki müəssisə arasında əlaqələr daha intensiv inkişaf etməyə başlayıb. “Bakı Metropoliteni” QSC sədri xatirə lövhəsinin açılmasının Ulu Öndərə xüsusi ehtiram nümunəsi, həmçinin iki müəssiənin qarşılıqlı etimad əsasında tərəfdaşlığına bir töhfə olduğunu deyib.
Zaur Hüseynov Bakı metropoliteninin əsaslı şəkildə yenidən qurularaq bu yaxınlarda istifadəyə verilmiş təlim-tədris mərkəzində 1983-cü il dekabrın 23-də keçirilmiş bir tarixi iclasın protokolunun qürur hissi ilə nümayiş etdirildiyini xüsusi vurğulayıb. Həmin sənədin tarixi əhəmiyyətindən danışan Bakı metropoliteninin rəhbəri bu tarixi qərarın SSRİ-də metropolitenlərin, bu nəqliyyatla bağlı sənaye və istehsalat sahələrinin yaradılmasına və inkişafına, Sovet iqtisadiyyatının dirçəldilməsinə yönələn zərgər dəqiqliyi ilə verilmiş bir qərar olduğunu bildirib. Bu xüsusda qeyd edilməlidir ki, iri vaqon istehsalı, tübinqlərin hazırlanması kimi mühüm istehsal prosesinin təşkili ilə yanaşı, kəskin ehtiyac duyulan kadrların Qərbi Avropa və dünyanın inkişaf etmiş ölkələrində təcrübə mübadiləsi keçməsinə zəmin yaradılması da bu dahi şəxsiyyətin uzaqgörən qərarlarından idi. 
Açılış mərasiminin sonunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası təşkil edilib. Mərasimdə iştirak edənlər bu ağacların pöhrələnərək gələcəkdə həm Ulu Öndər Heydər Əliyevin bir xatirəsi kimi müəssisənin daimi çiçəklənməsinin rəmzi, "Yaşıl həyat" devizi altında ekoloji təmizliyə və müəssisə əməkdaşlarının onu ehtiramla yad edərək asudə vaxtlarını keçirəcəyi bir gözəl yaşıllıq guşəsi olacağına əminliklərini ifadə ediblər.





Bütün xəbərlər