05 Noyabr 2019 11:30

Maşinist peşəsi üzrə növbəti kursda 9 müdavim

Tədris yeni trenajorda aparılır

Bakı metropolitenində hərəkət qatarlarının maşinist peşəsi üzrə ilk seçim prosesi və sonrakı təlimlər metropoliten tarixində kadr hazırlığına yeni və fərqli yanaşmaya, seçimə münasibətin novator yenilikləri özünü artıq təsdiq edib. Bu səbəbdən layihəni davamlı aparmaq üçün hər bir münbit şərait də var. Bu səbəbdən yeni qaydalarla maşinist peşəsi hazırlığı üzrə 2019-cu ilin yanvar ayında verilmiş elana uyğun olaraq, aparılan növbəti mərhələli seçim prosesi başa çatıb. Hazırda təlim-tədris prosesi davam edir.
Müasir texnologiyaların, ən əsası, informasiya-kommunikasiya texnologiyalarının gətirdiyi yeniliklər, kadrların seçiminə də köklü təsir göstərir. Məlumdur ki, Bakı metropolitenində innovativ texnologiyaların tətbiqi baxımından ən son nəsil qatarların sayı artmaqdadır. 2019-cu ildə 30 müasir vaqon almaqla, ən son texnologiyalarla təchiz edilmiş qatarların sayı 11-ə çatdırılıb. Yeni tipli qatarların maşinistlərinin hazırlığı da fərqli yanaşma tələb edir. Yenilik tətbiq edilməzdən əvvəl dünya təcrübəsi geniş və əyani öyrənilib, araşdırmalar aparılıb. İlk təlim-tədris prosesi seçilmiş xəttin doğru olduğunu aşkara çıxarıb.
Budəfəki birinci seçim mərhələsinə ərizə qəbulu "Bakı Metropoliteni" QSC-nin rəsmi intrenet saytı vasitəsilə aparılıb. Ümumən 600-dək müraciət daxil olub. Onlardan 180 nəfəri müvafiq tələblərə tam uyğun olublar. Dəvət edilmiş iddiaçılar arasından 72 nəfər birinci seçim mərhələsinə gəlməyib.
Geniş mütəxəssis heyətindən ibarət kadr komissiyası iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsinə, dünyagörüşünə, maşinist peşəsi ilə bağlı məlumatlılığına, peşə marağın səbəblərinə, ümumi psixoloji durumuna və s. məqamlara xüsusi diqqət edib. Birinci mərhələnin nəticələrini təhlil edən mütəxəssislərdən ibarət komissiya 14 iddiaçıya müsbət rəy verib. Onlardan biri sonrakı müsabiqəyə qatılmaqdan imtina edib. Peşəkar mütəxəssislərin apardığı psixoloji test mərhələsində 10 nəfər əsas seçim standartlarına tam cavab verib.
Sonrakı mərhələdə bir iddiaçı tələb olunan müvafiq sənədləri təqdim etməyib.
Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 9 nəfər iştirak edir.
Onu da əlavə edək ki, qatar maşinisti peşəsi üzrə birinci dəfə keçirilmiş seçim turlarını uğurla başa vurmuş 12 nəfər cari ilin aprel ayından metropoliten xətlərində inamla qatarları idarə edir.
Ümumiyyəttlə, bu seçim tərzi maşinist peşəsinə yiyələnmək istəyənlərin yolunda əsas maneəyə çevrilərək formalaşmış ehkamları, süni maneələri aradan qaldırır. Əvvəllər qatar maşinisti olmaq üçün müvafiq peşə təhsili ilə təmir sahəsində, ən azı, bir il çilingər işləmək, sonra müvafiq kurslarda iştirak etmək, imtahan vermək lazım idi. İllərcə davam edən bu proses artıq yeni vaqonlar erasında özünü doğrultmur. Eyni zamanda öncül dünya metropolitenlərinin təcrübəsi də dərindən öyrənilərək, tədris prosesinin təşkilində xüsusi nəzərə alınıb.
Peşə üzrə hazırlıq prosesinin iştirakçıları hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edir, metropoliten infrastrukturunu öyrənir, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarını mənimsəyirlər. Vaqon təmirçisi və maşinist peşəsi üçün vacib olan digər əsas təlimlər də tədris proqramının mühüm tərkib hissəsidir. Müəyyən olunmuş proqram əsasında hər tədris dövrünün yekununda müdavimlər növbəti mərhələyə keçmək üçün imtahan verirlər.
Onu da xüsusi vurğulayaq ki, bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tipli qatarların trenajoru quraşdırılıb. Bu isə tədris prosesinin keyfiyyətini əsaslı şəkildə artırmağa, müdavimlərin bu prosesdə bilavasitə maşinistlərlə ünsiyyətdə olaraq, biliklərini, praktiki vərdişlərini daha sürətlə artırmağa kömək edir. Onu da əlavə edək ki, trenajor virtual prinsiplər üzərində qurulsa da, proqram təminatı Bakı metropoliteni xətlərinin real infrastrukturu üzərində hazırlanıb.
Təlimatdan irəli gələn tapşırıqlar, qəza vəziyyətləri maşinist kabinasının yaxınlığında qurulmuş idarəetmə mərkəzində təlimatçı tərəfindən verilir, əyani şəkildə izlənilir. Proqrama insan müdaxiləsi qeyri-mümkündür. Maşinistin bütün hərəkətlərini proqram təminatı özü qiymətləndirir. İlkin bacarıqların mənimsənilməsi, peşə vərdişlərinin artırılması və möhkəmləndirilməsi, yenilərinin yaradılması, peşə qabiliyyətinin gücləndirilməsi, maşinistlərin zəif cəhətlərini aşkarlayaraq islah edilməsi istiqamətində müvafiq işin aparılması, tədris prosesinin daha kamil və fərdi proqram üzərində qurulması baxımından bu trenajor əvəzsiz vasitədir.





Bütün xəbərlər