13 Noyabr 2019 14:00

Bakı metrosu: müasirləşmə davam edir

Bakı metropoliteni-52

Bakı şəhərində ilk metro qatarının hərəkətə başladığı vaxtdan 52 il ötür. Yarım əsrdən artıqdır paytaxtın sərnişin nəqliyyatı infrastrukturunda özünəməxsus yeri olan metropoliten ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə xüsusi diqqət və qayğıyla əhatə edilib. Müstəqillik illərində metro tikintisinin yenidən canlandırılması, metropolitenin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə irimiqyaslı layihələrin icrasının davam etdirilməsi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərinin həyata keçirdiyi struktur islahatları çərçivəsində 2014-cü il fevralın 27-də Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması mövcud potensialın modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, strateji məqsədlərin gerçəkləşdirilməsi üçün əlverişli zəmin, metropolitenin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyev metropolitenin fəaliyyətini daim diqqətdə saxlayır, aparılan yenidənqurma işlərinin gedişatı və nəticələri ilə yerində tanış olur, tövsiyə və tapşırıqlarını verir.

Vətəndaşların rahatlığını təmin edən ən yüksəksəviyyəli sərnişindaşıma xidmətinin yaradılması Prezident İlham Əliyevin qarşıya qoyduğu mühüm və təxirəsalınmaz vəzifələrdəndir. Bu baxımdan, Bakı metropolitenində də məqsədyönlü tədbirlər müəyyənləşdirilib icra edilir, tunelqazmada müasir qurğuların tətbiqi, stansiyaların inşasında yeni üsullardan istifadə genişləndirilir, idarəetmə infrastrukturu əsaslı şəkildə təkmilləşdirilir, havalandırma, elektrik təchizatı, lift və eskalator, yanğın təhlükəsizliyi sistemləri yenidən qurulur.
“Bənövşəyi” xəttin ilk iki - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları metropolitenin yeni inkişaf konseptinin bütün mühüm elementlərini özündə ehtiva edir. Müasir texnologiyaların tətbiqinə görə ən yüksək dünya standartlarına cavab verəcək bu xətdə qatarlar radiodalğalarla (CBTC), bütün infrastruktur isə SCADA sistemi ilə idarə ediləcəkdir. Yeni idarəetmə sisteminin mövcud xətlərdə də tətbiqinə “Nərimanov” elektrik deposunda yenidənqurma tədbirlərinin icrası ilə başlanılıb. Belə ki, Fransanın “Thales” şirkəti ilə bağlanmış müqavilə əsasında, hazırda depo ərazisində ox sayğacı bazasında yeni sistemin qurulması işləri aparılır.
Metropolitenin dəmir-beton konstruksiyalar hazırlayan istehsal sahəsi İSO keyfiyyət standartlarının bütün tələblərinə tam cavab verən və müvafiq beynəlxalq lisenziyaları olan bir struktur vahididir. Burada dünyanın ən aparıcı texnologiyalarının tətbiqi ilə ölkəmizdə ilk dəfə dəmir-beton blokların istehsalına başlanılıb. Nəticədə, xaricdən ağac şpalların alınıb gətirilməsinə xərclənən vəsait daha uzunömürlü, ucuz, səmərəli və qulluğu asan yerli məmulatın hazırlanmasına yönəldilib. Tikinti sahəsində də müasir inşaat texnologiyalarının tətbiqinə imkan yaradan maşın və mexanizmlərdən istifadə edilir.
Son beş ildə yeni stansiyaların inşası ilə yanaşı, mövcud stansiyaların və yolların yenidən qurulması, istismar müddətini başa çatdırmış avadanlıqların daha müasirləri ilə dəyişdirilməsi, tunellərin mühafizəsinin təkmilləşdirilməsi də diqqət mərkəzində olub. Belə ki, ötən müddətdə “Gənclik”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu”, “İnşaatçılar”, “20 Yanvar” stansiyalarında keçid və vestibüllər təmir edilib, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında istismar müddəti başa çatmış eskalatorlar Almaniya istehsalı olan müasir analoqları ilə əvəzlənib. Sərnişin axınının gur olduğu “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə verilib, birinci çıxışında müasir tipli eskalatorlar quraşdırılıb, orijinal memarlığı qorunmaqla vestibül əsaslı təmir edilib. “Nizami” stansiyasında da mövcud memarlıq üslubu saxlanılmaqla orta zal və hər iki platforma, yol divarları yenidən qurulub. Stansiyanın yararsız vəziyyətə düşmüş konstruktiv və memarlıq elementləri tam bərpa edilərək, daha etibarlı mühafizə sistemləri və inşaat materialları ilə gücləndirilib.
Uzun müddət istismar edilən “Sahil” və “Xətai” stansiyalarının yenidən qurularaq sərnişinlərin ixtiyarına verilməsi də son illərin diqqətəlayiq nailiyyətlərindəndir. “Sahil”də 3 köhnə eskalatorun yerində 4 yenisi quraşdırılıb, bütün infrastruktur və interyer tamamilə yenilənib.
“Xətai” stansiyasında isə ilk mərhələdə plaftoma və bir yol xətti, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci tuneli təmir edilsə də, istismar müddəti başa çatmış 3 eskalatorun Almaniya istehsalı olan 4 yeni eskalatorla əvəzlənməsi üçün bir giriş-çıxışı olan stansiyanı bağlamaq lazım gəlib. Bu mərhələdə stansiyanın əsas memarlıq və inşaat xüsusiyyətləri, orijinallığı qorunmaqla bütün infrastrukturu tamamilə yenilənib. Stansiya binasının günlüyü müasir və daha davamlı materiallardan istifadə olunmaqla yenidən qurulub. Vestibüldə və platformada Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları bərpa olunub. Hazırda üçüncü mərhələdə təmir işləri “Cəfər Cabbarlı-Xətai” mənzilinin ikinci tunelində və “Cəfər Cabbarlı” stansiyasında davam etdirilir.
İlk vaxtlarda “Nərimanov” elektrik deposunun platforması olan, son 30 ildə isə metropolitenin yeganə yerüstü stansiyası kimi fəaliyyət göstərən “Bakmil” əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni infrastrukturu ilə bu ilin martında istifadəyə verilib. Monolit dəmir-beton konstruksiyalardan inşa edilmiş platforma əvvəlkindən daha etibarlı, davamlı və uzunömürlüdür. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Daha bir innovativ yenilik isə açıq hava şəraitində yerləşən stansiya yolunun üstündə çətir qurulması, beləliklə, platformanın və yol sahəsinin yağışdan qorunmasıdır. Stansiyada bütün kommunikasiya xətləri təzələnib, yanğın təhlükəsizliyi ilə bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq edilib. Gözləmə zalında yeni asma tavan, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, turniketlər quraşdırılıb.
Metropolitenin vaqon parkının yenilənməsi və mövcud vaqonların əsaslı təmirinin təşkili son 5 ilin ən böyük nailiyyətlərindəndir. 2015-ci ildən alınmasına başlanılmış ən müasir tipli vaqonların sayı indi 25-ə çatdırılıb. Bu il isə əvvəlki 3 ildə alınanların cəmindən də çox - 30 yeni və müasir standartların tələblərinə uyğun vaqon alınıb. Qarşıdakı 3 ildə daha 60 vaqonun alınması nəzərdə tutulur ki, bu da metropolitenin vaqon parkının əsaslı şəkildə yenilənməsinə imkan verəcəkdir.
Vaqonların təmiri isə metropolitenin ən müasir tələblər səviyyəsində qurulmuş sexində aparılır. Mərhələli olaraq 2014-cü ildən modernləşdirilən və dərinləşdirilən bu proses vaqonların ölkə xaricində təmirinə xərclənən vəsaitə qənaət edilməsi ilə yanaşı, həm də yeni tipli işçi potensialının formalaşmasını, keyfiyyət və səmərəliliyin yüksəldilməsini təmin edir.
Yeri gəlmişkən, metropoliten tunellərini və yolun vəziyyətini qiymətləndirən çoxfunksiyalı diaqnostika kompleksi özünün dünyadakı analoqları arasında unikallığı ilə seçilir. 2015-ci ildə yerli mütəxəssislərimizin təklifləri əsasında Rusiyanın “Tvema” şirkətinin iştirakı ilə quraşdırılan, teplovizor avadanlığı və müvafiq proqramla təchiz olunan kompleksə və onun iş təcrübəsinə postsovet məkanında böyük diqqət və maraq göstərilir.
Müasir texnologiyaların sürətli tətbiqi metropoliten kimi genişspektrli sahədə kadr hazırlığının da optimal həddə çatdırılmasını tələb edir. Səhmdar Cəmiyyətin beş il əvvəl yaradılmış və texnoloji inkişafın tələbləri əsasında yenidən qurularaq tamamilə fərqli formatda bu il istifadəyə verilən Təlim-Tədris Mərkəzi metropoliten üçün peşəkar kadrların, mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Burada əyani vəsait kimi 18 maket və 100-dən artıq işçi vasitə, əyani iş rejimini əks etdirən xüsusi stendlər, həmçinin audio-vizual resurslar tədris prosesinin effektivliyini artırır, yeni texnologiyaların mənimsənilməsinə, peşə keyfiyyətlərin artırılmasına və ən yüksək standartlar səviyyəsinə çatdırılmasına kömək edir.
Metropolitenin elektrik enerjisi ilə dayanıqlı təchizatı onun təhlükəsiz fəaliyyəti və sərnişinlərin rahatlığının təmin olunması baxımından ən vacib məsələdir. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında 2018-ci il iyulun 3-də baş vermiş qəza nəticəsində enerji sistemdə yaranmış vəziyyətlə əlaqədar keçirilən müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, qısa müddətdə metropolitenin elektrik enerjisi təchizatının ehtiyat mənbələri ilə təmin edilməsi layihəsi hazırlanıb. Bu layihə əsasında “Azərişıq” ASC-yə məxsus 10 elektrik yarımstansiyasında dizel-generator stansiyaları qurulub. Beləliklə, enerji problemi yarandığı təqdirdə metropolitenin fasiləsiz fəaliyyətini təmin edən etibarlı elektrik təchizatı sistemi yaradılıb.
İctimai nəqliyyatın ucuz və populyar növü kimi metronun hərəkət imkanları məhdud olan şəxslər üçün əlçatanlığına nail olmaq məqsədilə səhmdar cəmiyyətin gerçəkləşdirdiyi layihə cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Əlil arabasından istifadə edən həmin şəxslər bu ilin mart ayından başlayaraq stansiyaya girişdən təyinat yerində çıxışa qədər metro işçiləri tərəfindən müşayiət olunurlar. Bunun üçün hərəkət imkanları məhdud şəxs xüsusi proqram təminatı vasitəsilə əvvəlcədən sifariş verməlidir. Belə şəxslərə xidmət üçün əlil arabası daşıyan 5 ədəd xüsusi avadanlıq alınıb gətirilib ki, onları də təlim keçmiş metro işçiləri idarə edirlər.
Ümumiyyətlə, sosial əhəmiyyətli layihələrin icrası “Bakı Metropoliteni” ASC-nin fəaliyyətində mühüm istiqamətlərdəndir. Bu layihələrdə milli-mədəni irsimizin və dünya mədəniyyətinin təbliği, əlamətdar günlər, tarixi hadisələr, adət-ənənələr, uşaq problemləri və digər aktual mövzularla bağlı maarifləndirmə tədbirləri yer alır. Bu baxımdan, “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarının yenidən qurulmuş keçidləri əsl sərgi-qalereyaya çevrilib. Metropolitendə bir-birindən fərqli sosial əhəmiyyətli layihələrin icrası davamlı xarakter daşımaqla cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin geniş ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayır.
İşçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək şəraitinin və iş yerlərinin ən müasir tələblər səviyyəsinə çatdırılması metropolitendə həyata keçirilən yeniləşmə prosesinin uğurunu təmin edən mühüm amillərdir. Son beş ildə müasir texnologiyaların geniş tətbiqi, ehtiyat hissələrlə təchizatın tam yeni əsaslarla qurulması, ağır əl əməyini minimuma endirən avadanlıqlardan, iri və kiçikhəcmli vaqonaltı avadanlıqların avtomatik yuyulmasını təmin edən qurğulardan, yeni tipli qaldırıcı mexanizmlərdən istifadə edilməsi qatarların normadan artıq yürüşünü tam aradan qaldırmaqla əməyin səmərəli təşkilinə və məhsuldarlığın artmasına şərait yaradıb. Bundan başqa, depo ərazisində yeni park salınıb, köhnə hovuzun yerində nəfis tərtibatlı fəvvarə inşa edilib, milli-mənəvi dəyərlərə və müstəqil dövlətçilik ənənələrinə ehtiramın təcəssümü olaraq ulu öndər Heydər Əliyevin büstü qoyulub, ölkəmizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həlak olmuş metropolitençi şəhidlərin xatirəsini əbədiləşdirən abidə yenilənib. Tamamilə yenidən qurulmuş yeməkxanada müasir tələblərə cavab verən iaşə xidməti təşkil olunub. Ümumilikdə metropoliten işçilərinə xidmət etmək üçün açılmış 7 iaşə obyektinin nümunəvi fəaliyyəti təmin olunub. Bu obyektlərdə nağdsız və güzəştli ödəniş sistemi tətbiq edilir. Həm də iaşə xidmətinə görə ödənişin 49 faizini müəssisə və Metropoliten İşçilərinin Həmkarlar İttifaqı öz üzərinə götürüb. İşçilərin özlərinin payına düşən məbləğ isə əməkhaqqından tutulur. Korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində işçilərin övladları üçün müxtəlif kursların açılması, onlardan ali təhsil müəssisələrinə yüksək balla daxil olanlara xüsusi diqqətlə yanaşılması, ölkənin müxtəlif istirahət guşələrinə ailəvi turların, xarici ölkələrə qısamüddətli səfərlərin təşkili metropolitenin öz işçilərinə göstərdiyi qayğının bariz təzahürüdür. Son beş ildə sosial sahədə baş verən yeniliklərə metropolitenin Bilgəhdəki istirahət sahəsində aparılan yenidənqurma işləri, köhnə kottec tipli evlərin yerində 2-3 mərtəbəli binaların ucaldılması, sanatoriya və profilaktoriyanın müayinə-müalicə imkanlarının genişləndirilməsi, uşaq və böyüklər üçün əyləncə mərkəzlərinin, idman meydançalarının yaradılması, sanatoriya-profilaktoriyanın ən müasir tibbi avadanlıqlarla təchiz edilməsi, yeni tipli tibbi xidmətin təklif olunması da daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda keçirdiyi iqtisadi müşavirədə yenə də 20 ən islahatçı ölkə sırasında yer aldığımızı və bunun Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatında konkret şəkildə öz ifadəsini tapdığını bildirib. 141 ölkə arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanmış hesabatda Azərbaycan nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci yerdədir. Həmin göstəricilər ilə ölkəmiz MDB məkanında birinci yeri tutur. Azərbaycan beynəlxalq reytinqdəki bu sanballı mövqeyi möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş siyasəti, genişmiqyaslı islahatları sayəsində qazanıb. Paytaxtın ictimai nəqliyyatının mühüm həlqəsi olan metropolitenin 52 illik fəaliyyətinin səhmdar cəmiyyət statusunda 5 illik texnoloji yeniləşmə və vüsətli inkişaf dövrünün uğurları da məhz dövlət başçısının müəyyənləşdirdiyi islahatçılıq strategiyasının mühüm nailiyyətlərindəndir. Bu gün 8 noyabr peşə bayramını yüksək işgüzarlıq əhval-ruhiyyəsi ilə qeyd edən Bakı metropoliteninin çoxsaylı əməksevər kollektivi qarşısında duran məsul və şərəfli vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün bütün qüvvəsini səfərbər edəcəkdir.


Hidayət Məmmədov
"Bakı Metropoliteni" QSC-nin
sədr müavini
"Respublika” qəzeti
№ 248 (6575) 08 noyabr 2019-cu il





Bütün xəbərlər