19 Noyabr 2019 11:30

Məktəblilərin ekskursiyası təşkil edilib

Şagirdlərə metrodakı peşələrdən danışılıb

"Bakı Metropoliteni" QSC-də korporativ sosial məsuliyyət çərçivəsində daha bir tədbir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin 8-ci sinif şagirdlərinin QSC-nin Təlim-tədris mərkəzində ekskursiyası təşkil edilib.
Məqsəd uşaqları metropolitenin fəaliyyəti ilə tanış etmək, onlarda əməyə münasibətin formalaşmasına, istehsalatla, texnika və texnologiyalarla tanış olmasına, gələcək peşə seçiminə, müxtəlif peşələrə maraq yaratmaqdır.
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov,Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov, hərəkət qatarlarının istismarı üzrə iş departamentin rəis müavini Elmar Əzimov şagirdlərə Bakı metrosunun inkişaf tarixindən, yenidən qurulan təlim-tədris mərkəzi, burada keyfiyyətli təhsil prosesinin təmin olnması üçün yaradılmış şərait, metropolitendə peşəkar kadrlara xüsusi diqqət yetirilməsi barədə məlumat veriblər.
Metro qatarını xatırladan 8 vaqon-guşə, dərslərin canlı və dərindən mənimsənilməsi üçün sifarişlə hazırlanmış və tədris prosesində hər sahənin özəlliklərini əks etdirən 18 maket və 100-dən artıq əyani-praktiki vəsaitlər şagirlərin marağına səbəb olub.
Məktəblilər burada hər sahəyə aid xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, eləcə də elektron imtahan otaqları ilə tanış olublar.
Sonda ən əhəmiyyətli yeniliklərindən biri olan qatar trenajoru ilə uşaqları təlimatçı-maşinist Niyazi Hətəmov tanış edib, bu qurğu haqqında onlara ətraflı məlumat verib. Şagirdlər trenajorun maşinist sükanı arxasında ilk təlimlərini alaraq, qatarın idarə edilməsinin bəzi xususiyyətləri ilə əyani tanış olublar. Onlara maşinistlərin yeni seçim qaydası izah edilərək, bu şərəfli peşəyə indi texniki təhsili olan gəncin sahib olmasının mümkünlüyü də əyani izah edilib. Ekskursiyada bu seçimlərin cari təlim kursunun müdavimləri və onu bitirmiş maşinstlə söhbət etmək imkanı yaradılıb.
Ekskursiya zamanı şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb.





Bütün xəbərlər