27 Noyabr 2019 16:44

Talassemiyalı xəstələrə Bakı metropolitenindən dəstək

"Soyuq ürək" qəhrəmanları “İçərişəhər” stansiyasında

Bakı metropolitenində daha bir fərqli sosialyönümlü aksiya keçirilib. Belə ki, “Bakı Metropoliteni” QSC-nin “Park Cinema” kinoteatrlar şəbəkəsi və “AnderSon” kafesinin əməkdaşlığı ilə “İçərişəhər” stansiyasında baş tutan budəfəki aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq idi. İnsanları bu sahədə maarifləndirmək üçün təşkil edilən aksiya saat 12:00-dan 14:00-a qədər davam edib.
Xüsusi geyimli animatorların stansiyanın vestibülündə göstərdikləri zəngin şou daha çox azyaşlı sərnişinlərin diqqətinə səbəb olub. Bütün dünyada uşaqların böyük rəğbətini qazanmış "Soyuq ürək" animasiya filminin qəhrəmanlarını canlandıran animatorlar metropolitenin azyaşlı sərnişinlərini sevindiriblər. Talassemiya xəstəliyinə qarşı mübarizə və bununla bağlı aparılan maariflənmə işində böyük əhəmiyyət kəsb edən bu aksiya həmçinin gələn həftə Bakıda keçiriləcək "Soyuq ürək-2" animasiya filminin premyerası ərəfəsində filmin daimi izləyicisi olan azyaşlı sərnişinlərin böyük sevincinə səbəb olub.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək dövlətin bu xəstələrə olan diqqətinin göstəricisidir. Bu xüsusda Bakı metropoliteni talassemiyalı xəstələrə yardım etmək üçün ənənəvi olaraq sosialyönümlü layihələr keçirir, həmçinin hər il qanvermə aksiyaları təşkil edir. Bununla yanaşı, müəssisə olaraq belə aksiyaların metropolitendə keçirilməsinə daim dəstək olur.
Talassemiya xəstəliyi ilə bağlı müvafiq məlumatlar stansiyadakı xüsusi lövhələrdə yerləşdirilib.





Bütün xəbərlər