06 Dekabr 2019 18:05

"Bakı Metropoliteni" QSC-də ağacəkmə kampaniyası

“Nərimanov” elektrik deposu yaxınlığında yaşıllıq salındı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyası ideyasından bəhrələnən "Bakı Metropoliteni" QSC-də dekabrın 6-da aksiya keçirilib.
"Nərimanov" elektrik deposunu "Bakmil" stansiyası ilə birləşdirən avtomobil və piyada yolları arasında yerləşən torpaq sahəsində 300-ə yaxın Eldar şamı əkilib. Dağların rəmzi sayılan iynəyarpaqlı bu ağac növü ekoloji cəhətdən əkildiyi əraziyə ən uyğun gələnidir. O, quraqlıq və istiliyə, həmçinin fərqli torpaq şəraitinə davamlıdır.
Onu da əlavə edək ki, ağacların yetişməsi və onlara daim qulluq göstərilməsi ilə bağlı əvvəlcədən müvafiq tədbirlər görülüb. Bu məqsədlə əraziyə suvarma xətti çəkilib. Həmçinin mütəxəssislərin yaxından iştirakı ilə ağaclar daim nəzarətdə saxlanılaraq, onlara müntəzəm qulluq göstəriləcək, vaxtaşırı gübrə və dərmanların verilməsinə diqqət yetiriləcək.
Onu da qeyd edək ki, 1970-ci illərdə bu ərazidə sənaye müəssisələrinin sürətli inkişafı ilə ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, hazırda Ələsgər Qayıbov adlanan, o vaxtlar isə Xalqlar Dostluğu Xiyabanı adlandırılmış küçə salınaraq, abadlaşdırılmışdı. Hətta küçədə yolları ayıran ayırıcı zolaqda salınan yaşıllıqda ilk ağacı da o vaxt Heydər Əliyev şəxsən özü əkmişdi.
Şəhərimizdə ekoloji cəhətdən sağlam mühitin inkişaf etdirilməsinə öz töhfəsini verərək, belə yaşıllaşdırma tədbirlərini davamlı aparan "Bakı Metropoliteni" QSC bu istiqamətdə müntəzəm addımları davam etdirəcək.





Bütün xəbərlər