12 Dekabr 2019 9:10

Ulu öndərin əziz xatirəsi metropolitençilərin qəlbində daim yaşayacaq (YENİLƏNİB)

Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il keçir

Azərbaycan xalqı 16-cı ildir ki, 12 dekabr tarixini müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü kimi qeyd edir. Doğum günü tarixində olduğu kimi, anım günündə də bu dahi şəxsiyyətin məzarı xalqın üz tutduğu ziyarətgaha çevrilir, ruhuna dualar oxunur.
“Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir” deyən Heydər Əliyevin xatirəsi hər bir metropolitençi üçün çox əzizdir. Çünki 1967-ci ildə istismara verilmiş Bakı metropoliteninin inkişafının əsas mərhələsi məhz onun adı ilə bağlıdır. Sovet dövründə istər Azərbaycan, istərsə də SSRİ rəhbərliyində yer alarkən o, paytaxtın yeraltı nəqliyyat səltənətinə Moskvanın biganə münasibətinin qarşısını alaraq, onun inkişafına təkan verən tarixi addımlar atmış və şəhərin bu gün ən böyük yaşayış məkanlarına metro xətlərinin çəkilməsi məhz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün olmuşdur. Müstəqillik illərinin ilk dövrlərində də məhz Heydər Əliyevin bu nəqliyyat növünə verdiyi önəmin nəticəsidir ki, metropoliten mövcudluğunu qoruyaraq, nümunəvi nəqliyyat vasitəsinə çevrilib. Təsadüfi deyil ki, bu ilin oktyabr ayında Rusiyanın nəqliyyat maşınqayırma sənayesinin aparıcı müəssisələrindən biri olan “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin metro vaqonlarının istehsalı zavodunda müəssisənin inkişaf tarixində əhəmiyyətli rolu olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin açılışı olub və bu tarixi hadisə ilə bağlı adıkeçən müəssisə ərazisində ağacəkmə kampaniyası da keçirilib.
Bu il əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində də Ümummilli liderimizin əziz xatirəsinə ithafən yaradılmış geniş guşədə onun Bakı metropoliteninin inkişaf tarixindəki xidmətləri xronoloji ardıcıllıqla nümayış etdirilir.

***

Bu gün Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin kollektivi, ənənəsinə sadiq qalaraq, Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib. Ümummilli liderin xatirəsinə dərin ehtiramını ifadə edən metropolitençılər Ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.





Bütün xəbərlər