27 Dekabr 2019 11:27

Bakı metropoliteni 2019-cu ildə

İlin ən mühüm nailiyyətləri

2019-cu il Bakı metropoliteni tarixində bir çox mühüm layihələrin həyata vəsiqə alması ilə yadda qalacaq. Yeniləşən stansiyalar, yeni tipli qatarlar, ventilyasiya sistemində köklü dəyişikliklər, mükəmməl kadr hazırlığı mərkəzi, deponun, elektrik təchizatının müasir standartlar səviyyəsinə çatdırılması ilə yanaşı bütün xətlərin alternativ elektrik mənbələrinin yaradılması, sosial ədalətin nümunəsi olan xüsusi layihələr və s. bu kimi işləri xüsusi qeyd etmək olar.

Yeniləşən stansiyalar...
                …"Bakmil"
Yeganə yerüstü stansiya - “Bakmil”də 2017-ci ilin avqustundan sərnişinlərin stansiyadan istifadə imkanlarını qismən məhdudlaşdırmaqla mərhələli şəkildə aparılan yenidənqurma işləri bu il başa çatdırılıb. Mart ayının 26-da stansiyanın açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev orada görülən işlərlə yaxından tanış olub.
Dəmir-beton konstruksiyasının monolit şəkildə möhkəmləndirilməsi nəticəsində stansiyanın sərnişin platformasının etibarlığı, davamlığı artırılıb. Sərnişinlər birbaşa platformanın ikinci mərtəbədə yerləşən gözləmə zalına qəbul edilir. Birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Stansiya yolunun üzərində qurulan çətir sərnişinləri yağıntılardan qoruyur. Stansiyanın fasadı, memarlıq görkəmi saxlanılmaqla, gücləndirilib. Bütün infrastruktur, kommunikasiya xətləri, yanğın təhlükəsizliyi ən son texnologiyalara uyğun yenilənib, müasir işıqlandırma və informasiya-məlumat sistemləri, sərnişin avtomatikası avadanlığı quraşdırılıb, stansiya yolu beton şpallar əsasında yenidən qurulub. Yaxınlıqdakı avtomobil yolu ilə səviyyə fərqi aradan qaldırılaraq, stansiyanın birinci mərtəbəsinin yağıntılardan mühafizəsi təmin edilib və ətrafda abadlıq işləri aparılıb.

bakmil1 bakmil1 bakmil1


                      ... “Xətai”
Stansiyanın əsaslı təmiri və yenidən qurulmasından sonra, sentyabrın 12-də keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Yarım əsrlik istismar müddətində köhnəlmiş, müasir dövrün tələblərinə cavab verməyən stansiya infrastrukturu mərhələlərlə yenilənib. Birinci mərhələdə stansiya bağlanmadan bir stansiya yolu, orta zalın bir hissəsi və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir işləri aparılıb. İkinci mərhələdə yeni eskalatorların quraşdırılması səbəbilə stansiyanın bağlanması zərurəti yaranıb. Burada istismar müddəti başa çatmış 3 köhnənin əvəzinə, funksionallığı ilə seçilən 4 müasir eskalator quraşdırılıb. Bakı metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılmasına, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.
Stansiyanın giriş vestibülü, platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyası da bərpa olunub. Bakı metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bütün kommunikasiya xətlərinin, avadanlıqların yenilənməsi ilə bağlı mühüm işlər görülüb, hərəkətin təşkili, idarə olunması və tənzimlənməsində əhəmiyyət kəsb edən mərkəzləşmə məntəqəsi və stansiya növbətçisinin otağı yenidən qurulub, eskalatorların nəzarətçi köşkü videogörüntülərlə təmin edilib.

Xətai Xətai xetai.1

Yeni tipli qatarlar
İli vaqon parkının yenilənməsi baxımından da əhəmiyyətli hesab etmək lazımdır. “Xətai” stansiyada görülən işlərlə tanışlıq zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ildə Bakı metropoliteni xətlərinə buraxılan daha bir müasir tipli qatar tərkibi ilə tanış olub.
2019-cu ilin yanvar ayında bağlanmış müqaviləyə əsasən, il ərzində Bakıya 30 vaqon gətirilib. Bu da əvvəlki üç illə müqayisədə daha çoxdur. 2015-ci ildən "Metrovaqonmaş" Səhmdar Cəmiyyətindən 81-760.B/761.B/763.B tipli 15 vaqon, 2018-ci ildə 81-765/766 tipli 10 vaqon alınmışdı. 2019-cu ildə alınmış 30 vaqonla metropolitenin lokomotiv parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib. Yeni vaqonlar innovasiyalar baxımından ən müasir 4-cü nəslə mənsubdur və sifarişçinin texniki şərtləri əsasında hazırlanıb. Maksimal sürəti saatda 90 kilometr olan qatarlarda vaqon qapılarının daha enli olması minib-düşmə prosesini daha rahat və sürətli edib. Vaqonlararası birbaşa keçid sərnişin tutumunu 15 faiz artırır, sərnişinlərin qatar boyunca bərabər paylanmasını, rahatlığını və təhlükəsizliyini təmin edir. Ultrabənövşəyi lampalar havanın bioloji təmizliyini təmin edir. Daxili və xarici kameralarla videomüşahidə aparılır. İşıqdiodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyyatını 50 faiz azaldır, işıqlandırıcıların istismar müddətini 75 faiz artırır.
Vaqon təchizatı ilə bağlı 2019-cu ilin əlamətdar hadisələrindən biri uzunmüddətli müqavilənin bağlanmasıdır. Qarşıdakı 3 ildə Bakı metropolitenində istismardan çıxarılacaq vaqonların yerinə “Metrovaqonmaş”da hər il, ümumilikdə, 20 vaqon istehsal ediləcək.

xetai Yeni tipli qatarlar qatar

 

Elektrik deposu ən yüksək standartlar səviyyəsində
Aparılan yenidənqurma tədbirləri nəticəsində “Nərimanov” elektrik deposunun funksionallığı artıb, sahələr yaradılıb: yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı, infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılmış vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər.
Onlara nəzər salaq:

               ... Vaqonların əsaslı və cari təmiri yenilikləri
2019-cu il vaqonlara qulluq və təmir baxımından əlamətdar olub. 15-20 il işləmiş qatarlar texniki cəhətdən təkmilləşib, köhnə avadanlıqlar yenilənib.10 qatarın elektrik hissələrində yeni cihazlar quraşdırılıb. 20 vaqon müasir tələblərə cavab verən diodlu yeni işıqlandırma sistemi ilə təmin olunub. 81-717/714 seriyalı qatar tərkiblərində və onların modifikasiyasında quraşdırılmış avtomat açarların yoxlanılması, mühafizə aparatlarının sınaqdan keçirilməsi üçün cihaz dəsti alınıb.
2017-ci ilin noyabr ayında yaradılmış vaqonların əsaslı təmiri sexinin nailiyyətləri də ilin əhəmiyyətli hadisələrindəndir. Burada iki qatarın tam modernləşdirilməsi aparılıb. Qumla korroziyadan təmizləmə, rəngləmə, ön hissənin dəyişdirilməsi ilə yanaşı, zəruri olan pnevmatika, elektrik və mexaniki hissələri dünyanın vaqon istehsalı sənayesinin müasir avadanlıq və cihazları ilə əvəz olunub. Nəticədə, həmin elektron idarəetməyə keçirilən vaqonların istismar keyfiyyəti, etibarlığı ən yüksək standartlar həddinə çatdırılıb. Burada həmçinin 20 vaqonun 3 saylı cari təmiri və bu işlər çərçivəsində müvafiq modernizasiyası aparılıb.
2019-cu ilin ən mühüm yenilikləri sırasında yeni tipli qatarlara qulluq, təmir olunması da yer alır. Bu mənada yeni stend bu tipli vaqonların pnevmatika avadanlıqlarının sınağı üçün nəzərdə tutulub. Nəticədə, bu iş avtomatlaşdırılmış qaydada və ən yüksək nəzarətlə həyata keçirilir. Həmçinin qatararın kondisioner, havalandırma və mikroiqlim nəzarətinin, eləcə də stansiyaların çiller-fankoyl sisteminin normal işini təmin edən qrupu formalaşdırılıb, işçilərin peşə hazırlığı, müvafiq avadanlıq və proqramlarla təmin edilşəsinə nail olunub. Nəticədə, yeni tipli qatarlarda bu iş ən yüksək səviyyədə təmmin olunub. Həftə ərzində 9-10 vaqona texniki baxış keçirilir, lazımi profilaktik təmir işləri aparılır, qüsurlar aradan qaldırılır.
Ümumən, görülən tədbirlərin nəticəsidir ki, vaqon parkında istismar müddətini başa vuran və ya lazımi təmir mərhələsini vaxtında keçməyən bir vaqon belə yoxdur. Bu xüsusda qeyd olunmalıdır ki, 2020-ci ilin ilk ayında 2015-ci ildə alınmış yeni tipli qatarların 3 saylı cari təmirinin də vaxtı yetişəcək. Bu işi istehsalçı müəssisənin peşəkar təmirçi qrupu yerinə yetirəcək və ən əsası, yerli kadrların hazırlanmasını da həyata keçirəcək.

Elektrik deposu ən yüksək standartlar səviyyəsində Elektrik deposu ən yüksək standartlar səviyyəsində Elektrik deposu ən yüksək standartlar səviyyəsində

 

Vaqonların əsaslı və cari təmiri yenilikləri Vaqonların əsaslı və cari təmiri yenilikləri Vaqonların əsaslı və cari təmiri yenilikləri

               ... Yeni standartlı daha bir təmir sahəsi
2019-cu ildə depoda həyata keçirilən mühüm yeniliklərdən biri fərqli istehsalat sahələrinin tələblərini optimallaşdıran təmir-bərpa sexlərindən ibarət mərkəzləşmiş emalatxanalar şəbəkəsidir. Xüsusən son illərdə vaqonların dartı mühərriklərinin, kompressorların təmiri sexinin günün tələblərinə cavab verən səviyyədə qurulmasına zərurət yaranmışdı və QSC rəhbərliyinin qərarına əsasən, dövrün tələblərinə uyğun müasir və nümunəvi emalatxana inşa edilib. İkimərtəbəli binanın 250 kv.m-dən artıq birinci mərtəbəsi bütün təsərrüfat sahələrininin elektrik mühərrikləri və avadanlığı, kompressorların əsaslı təmiri üçün ayrılıb. Yeni dəzgah parkı əməyin yüksək səviyyədə təşkilini, məhsuldarlığını, keyfiyyətini təmini edəcək. Əvvəllər iş həcminin böyük hissəsini təşkil edən əl əməyini aradan qaldıracaq. Bu da qatarların dartı mühərriklərinin və digər mühərriklərin daha uzun müddətli istsmarına zəmin yaradacaq.

Yeni standartlı daha bir təmir sahəsi Yeni standartlı daha bir təmir sahəsi Yeni standartlı daha bir təmir sahəsi

          ... Yeni layihələrin də sınandığı sınaq yolu
Sınaq yolu ümumən metro tarixinin ən əhəmiyyətli layihələrindəndir. İstismar normalarına görə, təmirdən sonra qatarlar hərəkətdə sınanmalı, qatarın müxtəlif qovşaqları bir neçə dəfə dəqiq yoxlanılmalıdır. Bu işlər uzunluğu 1060 metr, eni 260 m olan sınaq yolunda yerinə yetiriləcək. Metroda yol ilk dəfə burada beton özül üzərində qurulub və ağac şpallar əvəzinə daha bir dövrün – dəmir-beton bloklar erasının başlanması deməkdir. Bu bloklar Azərbaycanda ilk dəfə Bakı metropolitenində yaradılmış və Almaniya texnologiyaları əsasında qurulmuş istehsalat sahəsinin məhsuludur. Sınaq yolunda postsovet məkanında ilk dəfə müasir "Vollert-Rheda" sistemi, habelə yeni üstquruluşu avadanlıqları quraşdırılıb və gələcəkdə xətlərdə tətbiq ediləcək. Alüminiumdan hazırlanmış və enerjiyə 25 faizədək qənaət edən yeni tipli təmas relsi, qatarların yüksək sürətlə və rəvan manevrinə imkan verən yoldəyişdiricilər, sayı azalan, fiziki təsirləri və səs-küyü minimallaşdıran rels qovuşuqları da ilk dəfə burada sınanıb. Nəticədə, qatarlar təmirdən sonra ən münasib sınaqları məhz yüksək peqəkarlıqla qurulmuş yola keçirlər.

Yeni layihələrin də sınandığı sınaq yolu Yeni layihələrin də sınandığı sınaq yolu Yeni layihələrin də sınandığı sınaq yolu


Yeniləşən və etibarlığı artan elektrik təchizatı
Metropolitenin “Nərimanov” elektrik deposunda inşa edilən iki elektrik yarımstansiyası deponun elektrik təchizatını ən müasir standartlara çatdırıb. İki mərtəbəli binaların birinci mərtəbəsi xətlərin əsas daşıyıcı sahəsidir. Burada idarəetmə personalının avtomatik iş yeri, əsasən “Siemens” şirkətinin istehsalı olan avadanlıqlar yerləşdirilib. Bu şirkətlə əməkdaşlıq fərqli istehsalçılara məxsus avadanlıqların bir sistemin tələblərinə uyğunlaşdırılması kimi ağır prosesi sadələşdirməyə, təkmilləşdirilmiş, səmərəli və keyfiyyətli iş qurmağa kömək edir, avadanlığın istismarı və qulluğu xeyli asanlaşır.
Stansiyaların da elektrik təchizatı müasir tələblər səviyyəsinə çatdırılır. "İçərişəhər" yarımstansiyasında bu işlər başa çatmaq üzrədir. Orada 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, cəmi 6 transformator dəyişdirilib. "Sahil", "Gənclik", "Elmlər Akademiyası" yarımstansiyaları tamamilə yenidən qurulub. Qarşıdakı ildə "Nəriman Nərimanov" yarımstansiyası da eyni tələblər çərçivəsində yeniləşəcək.

Yeniləşən və etibarlığı artan elektrik təchizatı Yeniləşən və etibarlığı artan elektrik təchizatı Yeniləşən və etibarlığı artan elektrik təchizatı

İlin operativ layihəsi - ehtiyat enerji mənbəyi
2018-ci il iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın mənfi nəticələri Bakı metropoliteninin fəaliyyətində özünü daha kəskin şəkildə birüzə verdi. Metronun işində yaranmış fasilə şəhərin normal həyatını pozdu, minlərlə insan şəhər daxilində rahat hərəkət imkanından məhrum oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Bakı metroplitenində dizel-generator stansiyalarının qurulması ilə unikal ehtiyat elektrik enerji mənbələrinin yaradılmasına başlandı.
Alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyalarının "Azərişıq" ASC-nin 10 rayon yarımstansiyasında yaradılması artıq başa çatıb. Ümumilikdə yarımstansiyalarda 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generator qurulub. Bununla eskalator, ventilyasiya, suvurma qurğuları və işıqlanma sistemi fövqəladə hallarda işə qoşulacaq, qatarların hərəkəti minimal tələblər səviyyəsində təmin olunacaq.
2011-ci ildə təsdiq edilmiş “Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq, yeni xətlərdə bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir.

İlin operativ layihəsi - ehtiyat enerji mənbəyi İlin operativ layihəsi - ehtiyat enerji mənbəyi İlin operativ layihəsi - ehtiyat enerji mənbəyi

Hərəkətin təşkilində yeni idarəetmə sistemləri
Bakı metropoliteninin Bənövşəyi xəttində Fransanın “Thales” şirkətinin müasir sistemləri qurulur. Müstəqillik dövründə istifadəyə verilən ilk xətdə və onun fəaliyyətdə olan 2 stansiyasında ən müasir sistemlər qismən tətbiq olunur və bu proses davamlı olaraq inkişaf etdirilir. Hələ 2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində keçirilmiş Azərbaycan–Fransa iqtisadi forumunda “Bakı Metropoliteni” QSC ilə “Thales” şirkəti arasında ilkin araşdırmaların aparılmasına dair anlaşma memorandumuna əsasən başlanan işlərdə uğurlu nəticələr əldə olunub.
2019-cu il martın 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri çərçivəsində imzalanmış Azərbaycan-Fransa sənədlərindən ikisi Bakı metropoliteninin yaxın illərdəki inkişafını əhatə edir. Əməliyyat-Nəzarət Mərkəzinin yaradılması ilə bağlı müqavilə dispetçer idarəetməsinin qurulmasını təmin edəcək. Eyni zamanda “Xocasən” deposunun işarəvermə və telekommunikasiya sisteminin reallaşdırılması istiqamətində işlər aparılacaq.
Hazırda Bənövşəyi xətdə "Thales" şirkətinin 4 sistemi quraşdırılır. Buraya qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətdən başlayan, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən TETRA radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqlar daxildir. Artıq mikroprosessor idarəetməsi və TETRA rabitə sistemi xətdə fəaliyyət göstərir.
Bakı metropoliteninin mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkəti SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir. Lakin texnoloji inkişafın son məhsulu sayılan CBTC və yaxud qatarların radiodalğalarla idarə edilməsi sistemləri Bənövşəyi xətlə yanaşı, gələcəkdə Yaşıl və Qırmızı xətlərdə də tətbiq olunacaq. Bu sistemin quraşdırılması sahəsində böyük işlər görülür. "Nərimanov" elektrik deposunda "ox sayğacı" bazasında mikroprosessor sistemi quraşdırılır. Bu məqsədlə orijinal mühəndis-layihə həlli ilə seçilən yeni mərkəzləşmə məntəqəsinin inşası başa çatıb. Yeni blok-post ən müasir avadanlıqlarla təchiz edilib. Depo və park yollarında da müvafiq avadanlıqlar artıq quraşdırılıb, hazırda yeni sistemə keçid işləri aparılır.

Hərəkətin təşkilində yeni idarəetmə sistemləri Hərəkətin təşkilində yeni idarəetmə sistemləri Hərəkətin təşkilində yeni idarəetmə sistemləri

Müasir havalandırma sistemləri
2019-cu ildə havalandırma sisteminin yenidənqurulması sürətləndirilib. 2018-ci ildə ventilyatorların optimal iş qrafiki yaradılıb, bu il 7 ən müasir ventilyator alınaraq quraşdırılıb. Rusiyanın “Ventprom” maşınqayırma zavodunun istehsalı olan ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı meropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Güclü ventilyatorlar stansiyalarda və onlara yaxın tunel mənzillərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılmasını təmin edir. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 3-4 dəfə çoxdur.
Ventilyatorlar sifarişçinin təklif etdiyi texniki şərtlər nəzərə alınmaqla hazırlanıb. Yeni ventilyatorların iş rejimini (axından sovurmaya və əksinə) 30 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin möhkəmləndirilməsi, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçidin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. "Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına görə, ventilyatorların idarəetmə sistemləri “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verir.
2020-ci ildə isə 16 yeni ventilyator alınaraq, onlardan 10-u məhz mövcud xətlərdə quraşdırılacaq.

Müasir havalandırma sistemləri Müasir havalandırma sistemləri Müasir havalandırma sistemləri

Etibarlı kadr bazası – yeni təlim-tədris mərkəzi
2019-cu ilin ən əhəmiyyətli hadisələrindən biri “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin əsaslı təmirdən sonra tam fərqli formatda fəaliyyətə başlamasıdır. "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra 2014-cü ildə verilən tarixi qərarlardan biri metropolitendə kadr məsələsinin yenidən qurulması və müasir tədris sisteminin yaradılması idi. Ötən 5 ildə kadr hazırlığı, işçilərin peşə keyfiyyətinin artırılması baxımından çox işlər görülüb, kurslara cəlb edilənlərin sayı 5000 nəfərə çatıb. Təmir və yenidənqurmadan sonra mərkəzdə metropolitenin hər sahəsi haqqında ən müfəssəl məlumatı almaq, kamil mütəxəssis kimi yetişmək mümkündür. Mərkəz ən müasir texnoloji tələblər səviyyəsində əyani vəsaitlərlə təchiz edilib. Sahələrin və struktur vahidlərinin fəaliyyət spektrini əhatə edən və ən çeşidli məlumatlarla zənginləşdirilmiş statik lövhələr, monitorlar, informasiya-kommunikasiya texnologiyaları tədris prosesini canlandırır və dərinləşdirir. Tədris mərkəzində xüsusi sifarişlə hazırlanmış 15 maket və 100-dən artıq əyani-praktiki tədris vəsaiti yer alıb.
Əhəmiyyətli yeniliklərdən biri Bakı metropoliteni xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirləri əsasında qurulmuş interaktiv qatar trenajorudur. Proqrama insan müdaxiləsi qeyri-mümkündür və maşinistin bütün hərəkətləri avtomatik qiymətləndirilir.
Mərkəz həm də ölkənin müvafiq ali və orta-ixtisas təhsil ocaqlarına əsl praktiki biliklər məkanıdır. Hazırda bağlanmış memorandumlar çərçivəsində Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə yanaşı, Dövlət Neft və Sənaye, Texniki, Memarlıq və İnşaat universitetləri, habelə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri qurulub.

Etibarlı kadr bazası – yeni təlim-tədris mərkəzi Etibarlı kadr bazası – yeni təlim-tədris mərkəzi Etibarlı kadr bazası – yeni təlim-tədris mərkəzi

 

Etibarlı kadr bazası – yeni təlim-tədris mərkəzi Etibarlı kadr bazası – yeni təlim-tədris mərkəzi Etibarlı kadr bazası – yeni təlim-tədris mərkəzi

Metropoliten tarixinin ən mühüm sosial layihəsi
2019-cu ili mart ayından Bakı metropoliteni əlil arabasından istifadə edənlərə əlçatandır. Bu məqsədlə 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. Qrup sifarişi qəbul etdikdən sonra, sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Sifarişlərin verilməsi mobil telefon rabitəsi və internet resursları vasitəsilə aparılır.
Müəyyən səbəblərdən metropolitendə sərbəst hərəkət məhdudiyyəti yaranan sərnişinlərin maraqları xüsusi nəzərə alınıb. Belə sərnişinlərə xidmət göstərmək üçün mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Mobil işçi qruplarının müşayiət xidmətindən istifadə edə biləcək sərnişinlərin kateqoriyası genişləndirilib: əsa və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar, əl yükü olan hamilə qadınlar və s. Bütün qatar tərkiblərində baş vaqonun maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün, vaqon konstruksiyasının təməl prinsiplərinə xələl gətirmədən, yerlər quraşdırılıb.
Aprel-may aylarında bu xidmətdən həftə ərzində 20 civarında sərnişin istifadə edirdisə, hazırda ay ərzində 80-dən artıq sifariş daxil olur.
Bütün bunlar Bakı metrosunun 2019-cu ildəki uğurlarına ümumi baxışdır. Lakin hər sahə üzrə nailiyyətlər daha genişdir və bu barədə davamlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq.

Metropoliten tarixinin ən mühüm sosial layihəsi Metropoliten tarixinin ən mühüm sosial layihəsi Metropoliten tarixinin ən mühüm sosial layihəsi




Bütün xəbərlər