18 Aprel 2020 22:00

Xüsusi karantin rejimi uzadılır

Uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılır.
Bununla belə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək, hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyil.
COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

144 №-li Qərarın tam mətninə istinad:





Bütün xəbərlər