27 İyul 2020 14:58

Sizinləyik!

BNA-nın timsalında sərnişinlərə xidmət göstərən nəqliyyatçı həmkarlarımıza minnətdarıq

Bu gün Azərbaycanda yeni növ koronavirus ("COVID-19") pandemiyası ilə mübarizə şəraitində silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarları və zamanında verilmiş tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə virusla mübarizədə və onun geniş miqyasda yayılmasının qarşısının alınması, müvafiq tədbirlərin görülməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və çağırışları bu mübarizədə hər bir Azərbaycan vətəndaşının inam və güvənc mənbəyidir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla mübarizədə həyata keçirdiyi tədbirlər sırasında ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi ilə bağlı taleyüklü qərarlar yer alır. "COVID-19" virusunun qapalı məkanlarda, o cümlədən Bakı metropoliteni kimi yeraltı nəqliyyatda xüsusi intensivliklə yayılmaq təhlükəsinə malik olması günümüzün reallığıdır. Məhz bu təhlükələr nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti mart ayının 31-i gecə saat 22:00-dan etibarən Bakı metropolitenində sərnişindaşıma fəaliyyətini dayandırmış və 38 gün ərzində paytaxtda insanların hərəkətinin təşkili sahəsində yük, əsas nəqliyyat təminatçısı kimi, Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. May ayının 9-da Bakı metropolitenində yenidən qatarların hərəkəti bərpa olunsa da, iyul ayının 4-ü saat 00:00-dan etibarən 5 avqust saat 06:00-a qədər Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bir daha dayandırıldı.
Bu günlər ərzində də yenidən Bakı şəhərində ictimai nəqliyyatın əsas yükü Bakı Nəqliyyat Agentliyinin üzərinə düşüb. Bundan əlavə Bakı Nəqliyyat Agentliyi iyun və iyul aylarında tətbiq edilən sərt izolyasiya tədbirləri ilə əlaqədar paytaxt ərazisində ictimai nəqliyyatın işinin dayandırıldığı günlərdə bir çox mühüm sahələrin fəaliyyətinin tənzimlənməsi məqsədilə işçilərin daşınmasında danılmaz xidmət və fədakarlıq nümayiş etdirir. Belə müəssisələr sırasında bir çox spesifik sahələrinin iş rejimi müxtəlifliyi ilə seçilən, sutkanın 24 saatı ərzində fasiləsiz fəaliyyət göstərməli olan "Bakı Metropoliteni" QSC də var. Zərurət yarandığı təqdirdə, Agentlik məmnuniyyətlə dəstəyini əsirgəmədən metropolitençilərin də köməyinə çatmağa hazır olduğunu nümayiş etdirir.
Hər kəsə məlumdur ki, ölkə paytaxtı kimi, Bakı şəhərində nəhəng infrastruktura malik, çoxsaylı inzibati, istehsalat, sənaye, təsərrüfat və xidmət sahələrinin hər birinin fasiləsiz işi, insanların nəqliyyat ehtiyaclarının ödənməsi bu günlərdə çox mühüm əhəmiyyət kəsb edir. Həyatın normal axarı ilə davam etməsi, ölkəmizin rifahının sütunu olan sosial-iqtisadi sahələrin iş ritminin təmin olunması nəqliyyat sektorunun da hərəkətverici qüvvəsindən çox asılıdır.
İnsanların rahat və təhlükəsiz daşınmasının məsuliyyəti, ağırlığı, eyni zamanda, bu işin təşkilinin mürəkkəbliyi nəqliyyat sektorunda özünəməxsus yer tutan metropoliten kollektivinə çox yaxından tanışdır və bunun nə qədər böyük zəhmət, fədakarlıq tələb etməsini metropolitençilər yaxşı başa düşürlər.
Şəhərdaxili ictimai nəqliyyat sektorunun əsas yükünü üzərinə götürərək bu vəzifənin layiqincə yerinə yetirilməsində, sözün həqiqi mənasında, fədakarlıq nümayiş etdirən, əzmlə və yorulmadan çalışan Bakı Nəqliyyat Agentliyinin kollektivinə metropolitençilər adından təşəkkürümüzü və mənəvi dəstəyimizi bir daha ifadə edirik.
Bu gün hər birimiz naminə evindən iş yerinə, işdən evinə yol alan insanların xidmətində dayanmaq böyük şərəfdir. Belə bir öhdəliyi üzərinə götürən Bakı Nəqliyyat Agentliyinin bütün imkanları daxilində və ən əsası alnıaçıqlıqla bu işi yerinə yetirdiyinə heç bir şübhəmiz yoxdur. Əksər sahələrdə pandemiyanın yaratdığı maneələrə, bəzən mürəkkəbləşən vəziyyətə rəğmən, çətinliklərə sinə gərərək "birlikdə və güclü olub qalib gəlmək" naminə qüvvələrimizi səfərbər etməyi, bir-birimizə dəstək olmağı da unutmamalıyıq. Məhz birlikdə olub, inamla, sayğı və səbirlə bu çətinlikləri aradan qaldıracağımıza əminik.
Pandemiyanın diktə etdiyi xüsusi şərtlər səbəbindən Bakı metrosunun sərnişinlərinə xidmət göstərə bilmədiyi, lakin paytaxtın ağır geoloji təsirləri şəraitində böyük infrastrukturu qorumaq naminə bütün qüvvələrini sərf etdiyi və əməkdaşlarının, əksərən, məhz yerüstü ictimai nəqliyyatın xidmətindən istifadə edərək iş başına yetişdiyi bir vaxtda, Bakı Nəqliyyat Agentliyinin timsalında, virusa yoluxma riski qrupuna daxil olmalarına baxmayaraq, ruh yüksəkliyi ilə və bacarığını əsirgəmədən sərnişinlərinə nümunəvi xidmət göstərməyə çalışan bütün yerüstü ictimai nəqliyyat sektorunun fədakar əməkdaşlarına "Sizinləyik" deyərək, işlərində müvəffəqiyyətlər arzulayırıq.

“Bakı Metropoliteni” QSC-nin kollektivi





Bütün xəbərlər