30 Avqust 2020 14:20

Bakı metropoliteni sentyabrın 15-dək sərnişindaşıma fəaliyyəti göstərməyəcək

Xüsusi karantin rejiminin müddəti sentyabrın 30-dək uzadılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 29 avqust 2020-ci il tarixli 310 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti sentyabr ayının 30-u saat 00:00-dək uzadılıb.
Bundan savayı, Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti barədə növbəti qərarını qəbul edib.
Qərarın 3.3 bəndinə əsasən, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində dəyişiklik edilərək, 2.2-ci bənddə “31 avqust” sözləri “15 sentyabr” sözləri ilə əvəz edilib. Bununla Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qərar sentyabr ayının 15-i saat 06:00-a kimi uzadılıb.
Qərarın 3.2 bəndinə uyğun olaraq, Bakı metropoliteni sentyabrın 15-də sərnişindaşıma fəaliyyətini bərpa edəcəyi təqdirdə belə aşağıda qeyd edilən müddətlərdə sərnişinlərə xidmət göstərməyəcək:
2020-ci il 19 sentyabr saat 00:00-dan 2020-ci il 21 sentyabr saat 06:00-dək;
2020-ci il 26 sentyabr saat 00:00-dan 2020-ci il 28 sentyabr saat 06:00-dək.
Qərara əsasən, qeyd edilən tarixlərdə xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə ictimai nəqliyyatın hərəkəti dayandırılmalıdır.
Qeyd edək ki, buna qədər koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə Nazirlər Kabineti 4 avqust 2020-ci il tarixli "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 278 saylı Qərarının 3.3 bəndi ilə metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması müddətini cari il avqust ayının 31-dək uzatmışdı.

Qərarlara istinadlar:

Xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə





Bütün xəbərlər