18 Sentyabr 2020 11:05

Milli musiqimiz stansiyaların atributu kimi

18 Sentyabr Milli Musiqi Günüdür

Sentyabrın 18-i xalqımız, mədəniyyət tariximiz üçün çox əhəmiyyətli bir gündür. Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuş Üzeyir Hacıbəyli məhz bu gündə dünyaya göz açıb. Xalqımız Üzeyir bəyin doğum gününü 1995-ci ildən başlayaraq Milli Musiqi günü kimi qeyd edir. Bu isə səbəbsiz deyil. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur. Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olduğu günün musiqi bayramı kimi qeyd edilməsi barədə 1995-ci ildə, bəstəkarın 110 illik yubileyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla qeyd edilir. Hər il Milli Musiqi Günü təntənələrinin Üzeyir Hacıbəylinin adını qürurla daşıyan Bakı Musiqi Akademiyasının qarşısında - bəstəkara qoyulmuş əzəmətli abidənin önündən başlanması o vaxtdan gözəl bir ənənəyə çevrilib.
Toy-büsatımız, yasımız, qələbələrimiz, ruhdan düşməyən döyüşkən ruhumuz, sevgimiz, kədərimiz, vətənpərvərliyimiz və daha sadalanmayan bir çox hisslərimiz min illərdir yaradılan musiqimizlə izhar edilib. Milli musiqimizin yeraltı sarayımız sayılan Bakı metropolitenində məhz 90-cı illərdən başlayaraq səslənməsi də əlamətdar hadisə kimi qiymətləndirilə bilər.
Qatarlar hər stansiyaya (qatarların xüsusi qrafik üzrə daxil olduğu “Bakmil” stansiyası istisna olmaqla) məhz milli musiqimizin müxtəlif janrlarından ibarət parçalarla daxil olur. İstər muğam, istər xalq mahnısı, istər mahnı janrı, istərsə də klassiklərimizin əsərlərindən olan bu musiqi parçaları hətta hər bir stansiyanın atributuna çevrilib. Mənzil başına çatan qatarların ilk xəbərçisi, sərnişinlərin məhz bu musiqi parçalarından məlumatı alması artıq bir ənənəyə çevrilib. Milli Musiqi Gününün Bakı metropolitenində xüsusi layihələrlə qeyd edilməsi artıq ənənə halını alıb. Hər il metro stansiyalarında canlı olaraq səsləndirilən həm klassik, həm milli musiqi nümunələri sərnişinləri bu bayram ovqatına kökləyirdi. Bu il isə bütün dünyada olduğu kimi ölkəmizdə də “COVID-19” virusuna görə tətbiq edilmiş pandemiya ilə əlaqədar olaraq bütün tədbirlərin keçirilməsi qadağan edilib.
Metropoliten kollektivi həmvətənlərimizi Milli Musiqi Günü münasibətilə təbrik edir. Bakı metropoliteni stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçalarını diqqətinizə çatdırırq:

Qırmızı xətt

1. “Həzi Aslanov” - “Ay işığında” (Qəmbər Hüseynli)
2. “Əhmədli” - “Bakı” (Tofiq Quliyev)
3. “Xalqlar Dostluğu” - “Əziz dost” (Tofiq Quliyev)
4. “Neftçilər” - “Dostluq” və yaxud Neftçilər haqqında mahnı (Tofiq Quliyev)
5. “Qara Qarayev” - “7 gözəl” (baletdən fraqment, Qara Qarayev)
6. “Koroğlu” - “Koroğlu” (uvertüra, Üzeyir Hacıbəyov)
7. “Ulduz” - “Tez gəl” (“Yar gəlir görüşə”, Tofiq Quliyev)
8. “Nəriman Nərimanov” - “Güllərim” (Arif Məlikov)
9. “Gənclik” - “Yadındamı” və ya “Ötən günlər” (Xəyyam Mirzəzadə)
10. “28 May” - “Qarabağ şikəstəsi” (muğam)
11. “Sahil” - “Liman” (Oqtay Rəşid Nəsiboğlu)
12. “İçərişəhər” - “Bakı gecələri” (Ələkbər Tağıyev)

Yaşıl xətt

1. “Dərnəgül” - “Bakı” (Vasif Adıgözəlov)
2. “Azadlıq prospekti” - “Cəngi” (milli rəqs)
3. “Nəsimi” - “Gül açdı, bahar oldu” (xalq mahnısı)
4. “Memar Əcəmi” - “Şəbi-hicran” (“Leyli və Məcnun” operasından, Üzeyir Hacıbəyli)
5. “20 Yanvar” - “Bayatı-şiraz” (muğam)
6. “İnşaatçılar” - “Reyhan” (Fikrət Əmirov, xalq mahnısı)
7. “Elmlər Akademiyası” - “Tələbə” (Telman Hacıyev)
8. “Nizami” - “Sənsiz” (Üzeyir Hacıbəyli)
9. “Cəfər Cabbarlı” - “Azərbaycan kapriççosu” (Fikrət Əmirov)
10. “Xətai” - “1001 gecə” baleti (Fikrət Əmirov)

Bənövşəyi xətt

11. “Avtovağzal" - “Arazbarı” simfonik muğamı (Üzeyir Hacıbəyli)
12. "Memar Əcəmi" - “Leyla” mahnısı (Rauf Hacıyev, "Əhməd haradadır" filmi)





Bütün xəbərlər