05 May 2015

"28 May" stansiyasının əsas girişi açıldı

Mayın 5-də Bakı metropoliteninin "28 May" stansiyasının əsas girişinin qapıları yenidən sərnişinlərin üzünə açıldı.


Bu gün Bakı metropoliteninin "28 May" stansiyasının əsas girişinin qapıları yenidən sərnişinlərin üzünə açıldı.
Vestibüldə aparılan təmir işləri ilə əlaqədar olaraq, stansiyanın əsas giriş vestibülü 2013-cü ilin iyul ayının 1-dən bağlanmışdı. Bu müddət ərzində sərnişinlər stansiyaya enmək üçün stansiyanın ikinci giriş-çıxışı və "Cəfər Cabbarlı" keçid stansiyasından istifadə etməli olublar.

"28 May" stansiyasında təmir işləri Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair dövlət proqramı çərçivəsində aparılıb. Yenidənqurma işləri zamanı 1967-ci ildən istifadəyə verilən "28 May" stansiyası simasını tam dəyişib, tam fərqli mərmər libasa bürünüb. İstismar müddətini başa vurmuş və yararsız hala düşmüş avadanlıqlar yeniləri ilə əvəzlənib. Mərmər örtük dəyişdirilib, işiqlandırma, havalandırma sistemi yenidən qurulub.

Yerüstü vestibülün zahiri görkəmi də xeyli dəyişdirilib. Qeyd edək ki, bütün bu işlər stansiyada sərnişin axınını dayandırmadan, stansiya öz işini davam etdirməklə aparılıb. Yuxarı vestibüldə aparılan konstruktiv dəyişikliklər isə əsas girişin bağlanmasını qaçılmaz etmişdi. Bu gün isə artıq əsas girişinin qapıları da sərnişinlərin üzünə açılmış stansiya yenidən əvvəlki ahəngdarlıqla fəaliyyətini bərpa edib.





Bütün xəbərlər