29 May 2015

OYUNLAR ZAMANI BAKI METROSUNDA 90 KÖNÜLLÜ XİDMƏT GÖSTƏRƏCƏK

İyunun 12-də başlayanacaq və 28-də başa çatacaq I Avropa Oyunları zamanı Bakı metropoliteni də sıx qrafiklə çalışmağa hazırdır.

İyunun 12-də başlanacaq və 28-də başa çatacaq I Avropa Oyunları zamanı Bakı metropoliteni də sıx qrafiklə çalışmağa hazırdır. Əlbəttə, bu müddət ərzində metropolitendən istifadə edən sərnişinlərin kontingenti də fərqli olacaq. Sərnişinlərə, əsasən də xarici qonaqlara lazımi xidmət göstərmək üçün metropoliten də könüllülərin xidmətindən istifadə edəcək. Lakin onlar, sadəcə, xarici vətəndaşlara müəyyən məlumatları verməyə deyil, Oyunlar dövründə kompleks tədbirlərdə əsl metropolitençi kimi fəaliyyət göstərməyə də hazır olacaqlar.
"Bakı Metropoliteni" QSC-nin stansiyalarına təhkim olunacaq 90-a yaxın könüllünün seçimi başa çatıb və onların bilik-bacarığının artırılması məqsədilə treninqlərə start verilib. Treninqlər zamanı bütün könüllülərin iş qrafiki, xidmət intizamı barədə müfəssəl təlimatlandırılması, siyasi baxışından, milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq, bütün sərnişinlərlə davranış qaydaları barədə geniş məlumat verilib.
Qeyd edək ki, vəziyyət təhlil edilərək, araşdırılmış və treninqlərin istiqaməti əvvəlcədən müəyyənləşmişdir.
Ötən həftə keçirilən treninqlərdə insan resursları və xidmət departamentinin rəhbəri Tərlan Dadaşov, təlim-tədris mərkəzinin rəisi Fuad Tağızadə, departamentin digər müvafiq şöbələrinin, eləcə də mühafizə şöbəsi, epidemiologiya qrupu və digər xidmət və sahələrin rəhbər və mütəxəssisləri könüllülərə müvafiq təlimatlar keçərək, məsləhət və tövsiyələrini veriblər.
İlk növbədə, sərnişinlərin informasiya ehtiyaclarının ödənilməsinə diqqət edilməlidir. Çünki bu sualla müraciət edəcək sərnişinlərin kifayət qədər çox olacağı gözlənilir. Milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı hazırlıq keçilib.
Sözsüz ki, ən vacib məsələlərdən biri yarışların keçiriləcəyi obyektlərin dəqiq ünvanları, bu obyektlərə istər metro stansiyaları, istərsə də digər ictimai nəqliyyat vasitələri ilə yetişmək barədə məlumatlar yer alır. Könüllülər sərnişinləri həmin obyektlərə yetişdirəcək xüsusi avtobusların hərəkət saatları haqqında məlumatlandıracaqlar. Bu məqsədlə könüllülərin metro daxilində bələdçiliklə, hərəkət istiqamətləri, hərəkət qrafikləri, qatarlararası intervallarla bağlı müfəssəl məlumatının da olması vacibdir. Bu məqsədlə müvafiq xidmətin əməkdaşları onlara lazım olan təlimatları keçiblər. Könüllünün bilməli olduğu məsələlər sırasında metro xətlərinin sxemi, kartın alınması, balansa yükləmə mexanizmi, ödənişin həyata keçirilməsi, turniketdən keçid qaydası da daxildir. Onlar həm də metropolitendən istifadə qaydalarına riayət olunması ilə bağlı məsələləri də öyrənirlər.
Əlbəttə ki, metropolitençi kimi, könüllünün də ilk vəzifləri sırasında yanğın və ictimai təhlükəsizlik texnikası, ilkin tibbi yardım, digər fövqəladə hallar zamanı zəruri hazırlığın olmasıdır. Onlara bu məsələlərlə bağlı xüsusi kurslar keçilib.
Qeyd edək ki, könüllüləri tanımaq da asan olacaq. Onlar üzərində “Ask me” ("Məndən soruş") yazısı olan köynək, papaq, bayraqcıq, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, stansiyaların vəzifəli şəxsləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri ilə, paytaxtın sxemi, metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmini, ödənişi həyata keçirməyi, turniketdən keçid qaydasını özündə əks etdirən yaddaş kitabçası ilə təmin olunacaqlar.





Bütün xəbərlər