09 Noyabr 2020 9:20

9 Noyabr - Dövlət Bayrağı Günüdür

Daim dalğalan, sən ey üçrəngli bayraq!

1918-ci il noyabr ayının 9-da Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul olunub. Bayraqda əks olunmuş üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
23 ay mövcud olmuş üçrəngli, ay-ulduzlu bayraq 1990-cı ildən Azərbaycan səmasında ucalır. Həmin il noyabrın 17-də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə muxtar respublikanın dövlət bayrağı kimi qəbul olundu. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli və ay-ulduzlu bayrağı müstəqil respublikanın dövlət bayrağı elan etdi.
Dövlət başçısının 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 Noyabr - Dövlət Bayrağı Günü kimi təsis edilib.
2010-cu il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - memorial abidə kompleksinin təntənəli açılışı olub. Burada Dövlət Bayrağı Muzeyi yaradılıb.
Dövlət bayrağı Azərbaycan Respublikasının Konstitusiyasında dövlət rəmzi kimi təsbit edilib, onun təsviri və ölçüləri təsdiq olunub. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir: "Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir".
Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan ordusunun mövqelərini və dinc sakinləri hədəfə alan hücumlarına cavab olaraq əks-həmlə ilə cavab verən müzəffər ordumuz düşmən işğalı altında olan torpaqlarımızın azad edilməsində qətiyyət nümayiş etdirir. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri, 3 qəsəbə və 216 kənd, həmçinin xüsusi əhəmiyyətli Murov zirvəsi işğaldan azad edilib.
Builki Dövlət Bayrağı Günü ərəfəsində - bir gün əvvəl xalqımıza ən böyük müjdə Qarabağ mirvarisi, Azərbaycanın qədim şəhəri Şuşanın azad edilməsi, rəşadətli Azərbaycan Ordusunun şanlı bayrağımızı Şuşa səmasında dalğalandırmasıdır və bu, sabaha ümidimiz, gələcəyə işığımızdır!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun torpalqarımızın işğaldan tamamilə azad edilməsi uğrunda zəfər savaşı davam edir. Bu savaş Ali Baş Komandanın qətiyyətlə elan etdiyi kimi “Qarabağ Azərbaycandır!” şüarının təntənəsi ilə yekunlaşacaq.

Yaşa, Ali Baş Komandan!

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Daim dalğalan, üçrəngli bayrağımız!





Bütün xəbərlər