11 Noyabr 2020 9:57

Yeraltı şəhərin tarixində mühüm mərhələ

İnkişafın keşməkeşli yolları ilə yüksəlişə doğru

Bakı Metropoliteninin istismara verilməsinin 53-cü ili tamam olur. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 8 Noyabr tarixi Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Bakıda yeraltı nəqliyyatın işə başlaması şəhər sərnişindaşımalarındakı gərginliyi aradan qaldırdı, insanların şəhərdaxili hərəkətlərə sərf etdikləri vaxt itkisini nəzərəçarpacaq dərəcədə azaltdı. Şəhərin mərkəzindən aralı rayonları bir-biri ilə, eləcə də mərkəzin özü ilə yaxınlaşdırdı. O vaxt 10 km-ə yaxın yol və 6 stansiya ilə istifadəyə verilən metronun bu illər ərzində xətlərinin uzunluğu 3 dəfədən, stansiyaların sayı isə 4 dəfədən çox artdı.

              metro 53 metro 53 metro 53

Hazırda Bakı metrosu dünyanın yeraltı nəqliyyat sistemində özünəməxsus yeri olan mükəmməl texniki təchizata, ən müasir texnologiyalarla təmin olunmuş vaqon parkına, yol şəbəkəsinə, enerji təchizatı, işarəvermə və rabitə, tunel avadanlığı və ventilyasiya qurğularına, hər bir sahədə güclü maddi-texniki bazaya və yüksək xidmət mədəniyyətinə malik müəssisədir. Yarım əsrdən artıq olan bu inkişaf yolu illərin keşməkeşindən, məhrumiyyətindən, siyasi-iqtisadi böhranların burulğanından keçib. Amma hər bir dövrün bütün çətinliklərinə mətanətlə sinə gərib, ölkənin ən ağır günlərində belə xalqa gərəkli olan xidmətindən əl çəkməyib, işini dayandırmayıb.
2020-ci il bütün dünya üçün yeni növ (COVID-19) pandemiyanın yaratdığı gərgin il kimi yadda qalacaq və dünya hələ də bəşəri bəlaya çevrilmiş bu virusla mübarizə yollarını arayır. Onun təsirləri, təbii ki, Azərbaycandan da yan ötməyib. Lakin bu virusla mübarizədə ən ali beynəlxalq qurumların da etiraf etdiyi kimi, sistemli və uğurlu mübarizə aparan Azərbaycan Respublikası üçün 2020-ci il həm də 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində həlledici dönüş ili kimi daha çox xatırlanacaq. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu sentyabr ayının 27-də düşmənin dinc sakinləri də hədəfə almaqla cəbhə boyu hücuma keçərək, mənfur Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab kimi əks-həmlə ilə torpaqlarımızın azad edilməsi uğrunda mübarizəsinə başladı. Şanlı ordumuz tərəfindən Azərbaycan Respublikasının beynəlxalq hüquq normaları çərçivəsində tanınmış torpaqlarının azad edilməsi "Bakı Metropoliteni” QSC-nin də çoxminlik kollektivində böyük ruh yüksəkliyi ilə qarşılanıb.

                metro 53 metro 53 metro 53

Hər zaman olduğu kimi, metropolitençilər bütün xalqın ən ümdə arzusu olan torpaqlarımızın işğaldan azad və ərazi bütövlüyümüzün təmin edilməsində dövlət başçısına dəstəyini birmənalı şəkildə ifadə edir.
Əlbəttə, bununla əlaqədar cənab Prezident İlham Əliyevin çağırışına məmnuniyyətlə hazır olan və qələbəmiz naminə qüvvəsini əsirgəməyəcəyini bəyan edən metropoliten kollektivi koronavirus pandemiyasının diktə etdiyi şərtlərə və çətinliklərə rəğmən bu əhəmiyyətli günlərdə də öz sahəsində xüsusi ovqatla çalışır və 2020-ci ildə də qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcək.
Virusun xüsusiyyətləri və yayılma arealına görə xüsusi risk qrupunda olaraq zərbə alan sahələr sırasında nəqliyyat, xüsusən yeraltı qapalı məkan olan Bakı metropoliteni də var. Virusun yayılmasını minimuma endirmək üçün Bakı Metropoliteni yanvar ayının son günlərindən başlayaraq, işçiləri və sərnişinləri arasında xüsusi təbliğat, geniş maarifləndirmə şəbəkəsi qurdu. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması ilə bu məsələ ölkənin bütün digər sahələri ilə vahid mərkəzdən idarə olunur. Fevral ayının son dekadasından stansiyalarda, qatarlarda və müəssisənin digər obyektlərində qabaqlayıcı tədbir kimi geniş spektrli dezinfeksiya işlərinə başlanıldı. Stansiyalarda gün ərzində bir neçə dəfə olmaqla əllə təmas olunan bütün səthlərin dezinfeksiyaedici vasitələrlə təmizlənməsinə, gün ərzində depoya daxil olan qatarların elektrik deposu şəraitində sanitar-gigiyenik normaların tələblərinə uyğun gücləndirilmiş qulluğu təmin edildi. Bu tədbirlər mərhələlərlə gücləndirilsə də, mart ayının 29-31-i tarixlərində səhər 2, axşam isə 3 saat olmaqla, metropolitendə sərnişindaşıma fəaliyyəti məhdudlaşdırıldı. Aprel ayının 1-dən isə bu fəaliyyət tamamilə dayandırıldı. May ayının 9-da fəaliyyətini bərpa edən metropolitendə sərnişinlər ictimai nəqliyyatda müvafiq metodiki göstərişə uyğun olaraq, məcburi qaydada tibbi qoruyucu vasitələri taxmalı, sosial məsafənin qorunmasına riayət etməli oldular. Sonrakı dövrlərdə virus təhlükəsinin genişlənməsi nəticəsində metropoliten iyul ayının 4-dən sentyabr ayının 14-nə kimi sərnişinlərini qəbul etmədi. Oktyabr ayının 19-da sərnişindaşıma fəaliyyəti bir daha dayandırıldı. Beləliklə, 142 gün (2 noyabr tarixinə) sərnişinlərinə daşıma xidməti göstərməyən Bakı Metropoliteni tarixində ilk dəfə bu qədər müddətə bağlı qaldı. Lakin bu müddət heç də səmərəsiz ötüşmədi. Metropoliten Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara, müəyyən etdiyi məhdudlaşdırıcı tövsiyələrə, eləcə də sanitar-gigiyenik tələblər və metodiki göstərişlərin tələblərinə uyğun olaraq, sərnişinsiz qaldığı gecə növbələrində apardığı bir sıra yeniləşmə, sağlamlaşdırma tədbirlərini davamlı şəkildə apardı, belə bir şəraitdə infrastrukturun, tunel geyimi və avadanlıqlarının qorunması, eləcə də tikinti sahələrində optimal iş şəraitini qura bildi.

        metro 53 metro 53 metro 53

Metropolitendə ötən müddətdə görülən işlərdən bəhs edərkən yeraltı yolların inkişaf tarixini 3 mərhələyə bölmək mümkündür: Sovet dövrü (1967-1991-ci illər), müstəqilliyin ilk illəri (1991-2014-cü illər) və "Bakı Metropoliteni” QSC-nin yaranmasından sonrakı dövr. Sovet dövründə metronun tikintisi və inkişafı sovetlər ittifaqı miqyasında mərkəzləşmiş idarəetmə şəklində həyata keçirilirdi. İlk illər şəhər hakimiyyəti orqanlarının idarəçiliyinə verilən metro əslində mərkəzdən maliyyələşdirildiyi üçün 1975-ci ildən SSRİ-nin bütün şəhərlərində olduğu kimi, SSRİ Yollar Nazirliyinin Baş Metropolitenlər İdarəsinə tabe edildi. Bu da maddi-texniki təchizat, planlaşdırma, yeni xətlərin layihələndirilməsi və tikintisindəki çətinlikləri xeyli dərəcədə aradan qaldırdı. Amma elə o vaxtlarda istər tikintidə, istərsə də istismarda problemlərin yaşanmadığını söyləmək olmaz. Bu illər ərzində Bakıda 19 stansiya istifadəyə verildi ki, bu da indiki nisbətlə götürdükdə 76 faizə bərabərdir. Bütün bu işlərin əsas hissəsi 1969-cu ilin iyul ayından sonra, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə birinci katib seçiləndən sonra həyata keçirilib. Ulu Öndər Bakı metrosunun fəaliyyətinə, yeni xətlərin tikintisinə xüsusi bir diqqətlə yanaşırdı. O, şəhərin inkişafında metronun rolunu çox yüksək qiymətləndirirdi. İstər həmin illərdə, istərsə də ondan sonrakı müstəqillik dövründə yeraltı yolların davamiyyətli inkişafı Ümummilli Liderin və onun siyasi varisi, müasir Azərbaycanın quruculuğunda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin daimi qayğısı və diqqəti altında olub.
Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatındakı dərin böhran bir çox müəssisələri iflic vəziyyətinə saldı. Onların əksəriyyəti çətinliklərə dözməyərək, yeni iqtisadi münasibətlərin tələblərinə cavab vermək iqtidarında olmadıqlarına görə fəaliyyətlərini davam etdirə bilmədilər. Şəhər sərnişindaşıma sisteminin mühüm sahəsi olan yerüstü elektrik nəqliyyatı da böhran dalğasının zərbələrinə davam gətirmədi.
Metroda ötən əsrin 90-cı illərində, 2000-ci illərin əvvəllərində vəziyyətin son dərəcə çətinliyinə baxmayaraq, bakılılar işində fasilə verməyən stansiyaların qapılarını bağlı görmədilər.
Ən böyük çətinliklər yerli istehsalda olmayan spesifik avadanlıqlara, metro vaqonları hissələrinə, elektrik materiallarına, yolun üst quruluşu elementlərinə, işarəvermə və rabitə vasitələrinə, müxtəlif təyinatlı mühərrik və nasos avadanlıqlarına və yüzlərlə profil üzrə hissə və detallara olan ehtiyacla bağlı idi. İttifaq miqyasında iqtisadi əlaqələrin tamam kəsildiyi bir şəraitdə, ölkə xaricindəki müəssisələrlə lazımi münasibətlərin hələ qurulmadığı bir dövrdə bu materialları əldə etmək olduqca çətin idi. Amma rəsmi əlaqələr pozulsa da, postsovet dövrünün metropolitenləri, xüsusən də Moskva, Xarkov, Sankt-Peterburq metropolitenləri, Mıtişşi, Sankt-Peterburqun Yeqorov adına Vaqonqayırma zavodları ilə dostluq münasibətləri saxlanılırdı. Elə bunun nəticəsi idi ki, Moskva metropolitençiləri bakılı həmkarlarını çətinlikdə qoymadılar. Moskva-Bakı sərnişin qatarının tərkibində Moskvaya gələn Bakı metrosunun poçt dəmiryolu vaqonu bir neçə dəfə ehtiyat hissələri ilə doldurulub, yola salındı. Əksər hallarda moskvalılar əvvəlcədən ödəniş də tələb etmir, bakılı həmkarlarının sadəcə vədlərinə etimad edirdilər. Xarkovun, Sankt-Peterburqun vaqon təmirçiləri əsaslı təmir müddəti yetişmiş qatarlarımızın təmirini öz üzərlərinə götürdülər.

       metro 53 metro 53 metro 53

1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyət sükanına yenidən keçdikdən sonra, ilk növbədə, diqqət mərkəzindəki müəssisələrdən biri də metropoliten oldu. Keçmiş ittifaqın metropolitenləri ilə əlaqələrin saxlanılması da Heydər Əliyevin sovet iqtisadiyyatına rəhbərlik edən orqanda yüksək vəzifədə çalışması bu sahədə göstərdiyi bacarığa, onun yüksək idarəçilik məharətinə olan rəğbətin nəticəsi idi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olduğu illərdə dəmir yolu və metropolitenlər onun idarəçiliyinə verilmişdi. Onun SSRİ dəmir yolları və bu sahəyə aid müəssisələrin təkmilləşdirilməsi, inkişafı sahəsində gördüyü işlər bu gün də unudulmayıb. Bunu Mıtişşi vaqonqayırma zavodu bir daha əməldə sübut etdi. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində zavod 136 vaqonu dünya bazar qiymətlərindən çox ucuz qiymətə Bakı Metropoliteninə satdı. Ulu Öndərin şəxsiyyətinə hörmət əlaməti olan bu addım vaqon parkımızın möhkəmlənməsində əvəzsiz rol oynadı.
Yeni əsrin ilk onilliyinin ikinci yarısından ölkə iqtisadiyyatının sürətli inkişaf dövrünə qədəm qoyması yeni istehsalat sahələrinin, ölkədə iqtisadi sabitliyin yaranması, işsizlik faizinin aşağı salınması, ümumdaxili məhsulun həcminin artması, nəqliyyat sektorunun yenidən qurulmasına və inkişafına zəmin yaratdı. İlk növbədə, metronun Şimal sahəsinin tikintisində 1980-ci illərin sonundan yarımçıq qalmış işlər bərpa edildi. Orada 3 stansiya və bir deponun tikintisində sürətli işlər başlandı. 2011-ci ilin ortalarına kimi "Nəsimi”, "Azadlıq prospekti”, "Dərnəgül” stansiyaları və "28 May” stansiyasının ikinci çıxışı istifadəyə verildi. Bununla da şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatdı.
Bakının yeraltı yollarının perspektiv inkişafı üzrə 2008-ci ildə təsdiq edilmiş dövlət proqramının yerinə yetirilməsi üzrə başlanan işlərin sürəti bundan sonra daha da artırıldı. Proqrama görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Metronun yaşadığı hazırkı 3-cü dövr 28 fevral 2014-cü ildən başlayır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin təməli qoyuldu. Dövrün yeni iqtisadi münasibətlərinin tələblərindən irəli gələn bu qərar metropolitenin inkişafında fərqli bir dövrün başlandığını bildirirdi. Həmin vaxtdan keçən 7 ilə yaxın bir müddətdə metropolitenin istismarı və yeni xətlərin tikintisi sahəsində indiyə kimi görünməmiş bir vüsət yaşandı. Dövlət başçısının yuxarıda qeyd olunan sərəncamı ilə yeni quruma təyin edilən yeni rəhbərlik müasir iqtisadi münasibətlərin təməl prinsiplərinə uyğun olan proseslərin həyata keçirilməsinə başladı. Bu prinsiplərə uyğun olmayan istehsalat sahələrinin yenidən qurulması, kadrların düzgün yerləşdirilməsi və yeni kadr hazırlığı, vaqon təmirinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmirin keyfiyyətinin yüksəldilməsi, istismar müddətini başa vurmuş avadanlıqların daha müasir analoqları ilə əvəz edilməsi, vaqon parkının sağlamlaşdırılması və yeniləşdirilməsi, hərəkətin təşkilinin müasir sistemlərinin tətbiqi üzrə işlərin başlanması, sosial sahədə tətbiq edilən yeniliklər metronun inkişafının yeni mərhələsinin ilk illərində daha böyük diqqət ayrılan istiqamətlər idi. Bu yeniliklərin bəhrəsini çox gözləmək lazım gəlmədi. Vaqon təmiri sahəsinə ayrılan diqqətin nəticəsində deponun, xüsusən də təmir heyətinin nöqsanları, işdə yol verilən çıxdaşların sayı kəskin şəkildə azaldı. Bunu nasazlığa görə vaxtından əvvəl xətdən çıxarılan qatarların sayındakı azalma da təsdiq edirdi.

    metro 53 metro 53 metro 53

Vaqon təmiri sahəsində nəzərdə tutulan planlar təkcə miqyasına görə deyil, həm də köhnə təfəkkür tərzinin sərhədlərinə sığmazlığı ilə fərqlənirdi. Məqsəd deponun layihə imkanlarında nəzərdə tutulmayan təmir həcmlərini yerinə yetirmək idi. Belə ki, o vaxta qədər vaqonların orta və əsaslı təmiri Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında, Moskva və Xarkov metropolitenlərində yerinə yetirilirdi. Bu da istismar xərclərinin böyük bir hissəsi hesabına başa gəlirdi. Yeni rəhbərlik əsaslı təmirin yerli şəraitdə aparılması üçün imkanların araşdırılmasından, mühəndis-texniki heyətlə ətraflı müzakirələrdən sonra, bu işin yerli şəraitdə aparılmasının texniki-iqtisadi əsaslara söykəndiyinə əmin olmaqla, qəti tədbirlərə başladı. İlk dövrlər Tbilisi zavodunda yerinə yetirilən təmir işləri, eləcə də vaqonların modernləşdirilməsi mövcud istehsal şəraiti və texniki imkanlar çərçivəsində yerinə yetirildi. Sonradan bu işlə daha peşəkar səviyyədə məşğul olmaq üçün vacib olan istehsalat sahəsi yaradıldı. Deponun ərazisində, sonradan bütöv bir təsərrüfat vahidinə çevrilən, vaqonların əsaslı təmir sexi inşa edildi. Hazırda bu təmir həcminə daxil olan bütün proseslər bu xidmətin vaqon təmirçiləri tərəfindən yerinə yetirilir.
Burada vaqonlar qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənir, salonları tamamilə yenilənir, vaqonaltı avadanlıqlar ən müasir qurğularla əvəz olunur, baş vaqonların ön hissələri modernləşdirilir, maşinist kabinaları genişləndirilir, yeni avadanlıqlarla təmin edilir. Hazırda xidmət bütün bu işləri yüksək səviyyədə yerinə yetirməyə qadir olan işçi heyətinə malikdir. Orta və əsaslı təmirə uyğun məsafə normasını başa vurmuş vaqonlar burada planlı surətdə təmir olunaraq istismara verilir. Bu ilin 9 ayı ərzində bir qatar tərkibi modernizasiya olunmaqla orta təmirdən keçib, bir qatar əsaslı şəkildə təmir olunub və modernləşdirilmiş edilmiş halda istismara verilib. Həm də bu qatarda aparılan işlər pandemyia dövrünün tələblərinə uyğun bütün sistemlərin quraşdırılması təchizatçı şirkətlə birlikdə internet üzərindən müasir kommunikasiya texnologiyaları vasitəsilə həyata keçirildi. Hazırda daha bir qatarda eyni həcmli işlər aparılmaqdadır. "B-3” stansiyasının yaxın vaxtlarda istifadəyə verilməsi ilə əlaqədar olaraq, "Bənövşəyi” xəttə lazımi sayda hərəkət vahidi vermək üçün Vaqonların əsaslı təmiri xidməti Depolar üzrə iş departamentinə yardım məqsədilə bir qatarın 2 saylı cari təmir işlərini də öz üzərinə götürüb. Bu isə metropolitendə təmir bazasının optimal səviyyədə və qarşılıqlı təşkilinin də nümunəsidir.
Vaqon parkının sağlamlaşdırılması ilə yanaşı, onun yeniləşdirilməsi üzrə də işlər davamlı şəkildə aparılır. Şəhərimizin yeraltı yollarında müasir tipli qatarların sayı ildən-ilə artmaqdadır. Bu gün onların sayı 15-ə çatıb. Onlardan 4-ü bu il xəttə buraxılıb. Ümumiyyətlə, Bakı Metropoliteninin lokomotiv təsərrüfatında vaqon parkının yeniləşməsi 2015-ci ildən başlayıb. 2019-cu ilin oktyabrında "Transmaşholdinq”lə bağlanmış müqaviləyə uyğun olaraq, müəssisənin tərkibinə daxil olan Mıtişşi "Metrovaqonmaş” Səhmdar Cəmiyyəti Bakı metrosunu növbəti iki il ərzində də, 40 vaqon olmaqla, ümumilikdə, 8 qatar tərkibi ilə təmin edəcək. Yeni qatarların istismar sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. Baş vaqon 38, orta vaqon 44 oturacaqlıdır. Vaqonların ümumi sərnişin tutumu müvafiq olaraq 315, orta vaqonlarda isə 329 sərnişindir. Vaqonlararası birbaşa keçid salonu 15 faiz genişləndirməklə daha çox sərnişin daşımağa imkan verir. Eyni zamanda sərnişinlərin qatar boyunca bərabər paylanması sərnişinlərin rahatlığını və təhlükəsizliyini artırır. Qapıların əvvəlki nəsil vaqonların qapılarından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da var. İri yükləri, uşaq arabaları olanlardan ötrü xüsusi sahələr ayrılıb. Tutacaqlar da sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər var.
Məlumdur ki, 2019-cu ildən Bakı Metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə, fiziki imkanları məhdud olan sərnişinlərə xüsusi xidmət növü təqdim olunub. Metropoliten tarixində ən mühüm sosial addımlardan biri kimi dəyərləndirilən "Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb. Bu layihə uğurla inkişaf etdirilir və xidmətdən istifadə edənlərin sayı müntəzəm olaraq artır. Layihənin inkişafı isə sərnişinlərə xidmət mədəniyyəti baxımından əhəmiyyətli hadisə kimi qeyd olunmalıdır.
Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarət funksiyası ilə təchiz edilib. Bu sistem eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanı zərərsizləşdirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir. Texniki tələblər sırasında paytaxtın yeraltı yollarının ağır hidrogeoloji şəraiti, eləcə də Bakı metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin olunmaqla yanaşı, burada qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər qurulub. Vaqonların daxili və xarici videomüşahidə sistemləri maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni qarşısındakı monitorunda müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir. Sahəsi genişləndirilmiş maşinist kabinası sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib.
Bakı Metropoliteni tarixinin QSC dövrünü əlamətdar edən əsas məsələlərdən biri də stansiyalarda aparılan yenidənqurma və əsaslı təmir işləri, tunellərin sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlərdir. 2015-ci ildə Bakıda I Avropa Oyunlarının açılışı ərəfəsində başlanan bu işlər bu gün də davam edir. İlk mərhələdə yenidənqurma işləri "Gənclik” və "Nəriman Nərimanov”, "İnşaatçılar” və "20 Yanvar”, "Qara Qarayev”, "Neftçilər”, "Elmlər Akademiyası” stansiyalarının keçid və vestübüllərində aparılıb. Eskalatoru olan bu stansiyalarda istismar müddəti başa çatmış eskalatorlar daha müasir analoqları ilə əvəz edilib. Əsaslı təmir işləri "Nizami”, "Xətai”, "Sahil” stansiyalarında aparılıb, metronun yeganə yerüstü stansiyası olan "Bakmil” tamamilə yenidən qurulub. Bu günlər irimiqyaslı təmir işləri "Cəfər Cabbarlı” stansiyasının 2-ci yolunda başa çatmaq üzrədir. Bu stansiya ilə "Xətai” stansiyasını birləşdirən tunellərdə böyükhəcmli bərpa işləri aparılıb. Stansiyanın uzun illər istismar olunmayan birinci yolunda və ona bitişik tunel sahəsində aparılan sağlamlaşdırma işləri tuneli, demək olar ki, tam yararsız və qəza halına düşməkdən xilas edib.
Yeni texnologiyaların tətbiqi, texniki müasirləşmə prosesi vaqon parkı ilə yanaşı, metropoliten təsərrüfatının hər bir sahəsini əhatə edib. İstər hərəkətin təşkili və idarə olunmasında, istərsə də yol təsərrüfatında, ventilyasiya sistemində, elektrik enerjisi ilə təminat sahəsində həyata keçirilən yeniliklər hərəkətin təhlükəsizliyinin, sərnişinlərə xidmət mədəniyyətinin səviyyəsini xeyli dərəcədə yüksəldib, sərnişinlərin rahatlığının təminatına çevrilib. Hərəkətin təşkili sahəsində bu gün metropolitendə tətbiq edilən SCADA (dispetçer idarəetmə sistemi) və onun tərkib hissəsi CBTC (qatarların hərəkətinin radiokanal əsasında təşkili) dünya dəmir yolları sisteminin ən son nailiyyəti sayılır. Bu proses Bakı Metropolitenində mərhələli şəkildə həyata keçirilir. "Nərimanov” elektrik deposunda başlanmış bu işin daha bir mərhələsi başa çatıb. Park yollarında köhnə birxətli rels dövrələrini ox sayğacları əvəz edib. İşlərin icrası prosesində depoda ən müasir avadanlıqla təchiz olunmuş yeni blok-post tikilib. Oradan park yollarındakı hərəkətə ən müasir kompüter proqramları ilə nəzarət edilir. Park yollarında 60 yoldəyişdirici, 16 birləşdirici qutu, 54 gödək, 19 qülləli svetofor yenilənib, 9 svetoforda istiqamət göstərici, yollarda 98 ox sayğacı quraşdırılıb. Bu işlərin mühüm tərkib hissəsi depo ərazisində inşa olunmuş dispetçer mərkəzləşməsi mərkəzidir. Unikal layihə əsasında inşa olunmuş 5 mərtəbəli bina hərəkətin təşkil edilməsi sistem və avadanlıqları, depo ərazisinə videomüşahidə mərkəzini, ən əsası, qatarların hərəkətinin idarə olunması, nizamlanması və tənzimlənməsinin həyata keçirildiyi mərkəzləşmə məntəqəsini özündə birləşdirir. Məntəqə növbətçisi bu funksiyaları ən müasir sistemlərlə təchiz edilmiş idarəetmə pultu ilə həyata keçirməklə, eyni zamanda, ona park yollarını əyani olaraq vizual müşahidə etməsi üçün də şərait yaradılıb. Bu səbəbdən bina dairəvi olaraq inşa olunub, otaq şüşəbənd formasında qurulub.
Bu xüsusda hazırda "Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulmasını da qeyd etmək lazımdır. İşlər sürətlə davam edir. Bu məqsədlə 2019-cu ilin mart ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya rəsmi səfəri zamanı "Thales” şirkəti ilə ikitərəfli saziş imzalanıb. Yeri gəlmişkən, məhz həmin səfər çərçivəsində "Bənövşəyi” xəttin Xocəsən qəsəbəsində inşa olunan deposunda da müasir sistemlərin qurulması bu şirkətlə əməkdaşlıq şəraitində həyata keçiriləcək.

       metro 53 metro 53 metro 53

Tək bu deyil, hər bir sahədə inqilabi yeniliklər diqqət çəkir. Yol infrastrukturunda son yeniliklər isə Bakı metrosunun tarixində yeni bir era adlandırılır. Burada söhbət ağac şpalların dəmir-beton bloklarla əvəz olunmasından, yeni yol sistemi olan ballastsız yol tikintisinin başlanmasından gedir. Məsələnin əhəmiyyətini Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xüsusi vurğulayıb. Beton şpallar daha uzunömürlü, vibrasiyaya qarşı davamlıdır, istismar xərcləri daha aşağıdır.
İstismar olunan yollarda dəmir-beton şpallara keçid məsələsi hələ 2010-2011-ci illərdə qaldırılmışdı. Amma o vaxt bu məsələyə inamsız yanaşanlar, yeraltı yollarda bunu məqbul saymayanlar oldu. Bu mübarizədə mühafizəkar mövqe qalib gəldi. Lakin "Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra hər bir sahədə ən mütəfəkkir ideyalara yollar açıldı, dünya təcrübəsinin ən müasir nümunələrinə, onların öyrənilməsinə və yerli şəraitdə ən optimal tətbiqi imkanlarına geniş meydan verildi. Yolun üst quruluşu elementlərinin ballastsız əsaslar üzərində qurulması və burada dəmir-beton bloklardan istifadə olunması iqtisadi, texniki, istismar səmərəsi baxımından daha böyük imkanlara yol açır. Hazırda yeni sahələrdə yollar bu tərzdə salınır və tikinti sahələrinin dəmir-beton blokları metronun öz baza istehsalat sahəsi olan dəmir-beton konstruksiyalarının istehsalı sahəsində hazırlanır. "Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində Almaniyanın "Vollert” şirkətinin quraşdırdığı yeni istehsal sexində yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də "Made in Azerbaijan” brendinə bir töhfədir. Sınaq yolunun inqilabi yenilikləri sırasında yolun üstquruluş elementləri də var. Postsovet məkanında ilk dəfə yolda tətbiq edilən müasir "Vollert-Rheda” sisteminin quraşdırılmasına başlanılıb.
Dəmir-beton bloklar təkcə yeni inşa olunan "Bənövşəyi” xəttin "Memar Əcəmi-B-3”, "Xocəsən deposu-Avtovağzal” sahələrində deyil, "Xətai” və "Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmir edilən stansiya yollarına qoyulmaqla daha bir mərhələnin başlanğıcı olub.
Ağac şpalların ölkəmizdə istehsal olunan dəmir-beton şpallarla əvəz edilməsi Nərimanov elektrik deposunun park yollarında da aparılır. İndiyə kimi "Bakmil” stansiyasının hər iki yolunda, stansiyadan portala qədər olan yol sahəsində, deponun təmir olunmuş qanovlarının davamında 2000-dən artıq dəmir-beton şpal qoyulub.
Metro tarixində xüsusi yer alan daha bir layihə uzun illər həll edilməyən bir məsələ kimi "Nərimanov" elektrik deposunda sınaq yolunun istismara verilməsidir. Bu da metropolitenin öz bazasında istehsal edilən beton blokların tətbiqi ilə mümkün olub. Ümumiyyətlə, son illlərdə "Nərimanov" elektrik deposu simasını tamamilə dəyişməklə yanaşı, mövcud istehsalat və istismar sahələrinin yeni tələblər səviyyəsində modernləşdirilməsi, texnoloji və infrastruktur yeniliklərinin tətbiqi ilə diqqət çəkir. Elektrik mühərriklərinin təmiri sexinin istifadəyə verilməsi elektrik avadanlıqlarının nəinki təmiri və qulluğu, onların inventarlaşdırılmasına, sistemli şəkildə düzgün istifadə edilməsinə imkan verib. Bundan əlavə, avtomobil qarajının əsaslı təmiri, yeni funksional yük həyətinin qurulması iş və texnoloji proseslərin maksimallaşdırılmasına şərait yaradıb.
Metropolitendə sərnişin təhlükəsizliyi və yüksək xidmət mədəniyyətinin təmin edilməsi gecə növbəsində aparılan işlərdən çox asılıdır. "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra tunellərə qulluğu və təmiri həyata keçirən sahələrin modernləşdirilməsi, bu xüsusda yolun plan və profildə vəziyyətinə nəzarəti həyata keçirən avadanlıq və cihazların alınması, kompüter yoxlaması mexanizmlərinin tətbiqi, tunel geyiminin keyfiyyətinin yoxlanılması, xüsusi boyaq maddələrinin seçilməsi və onların ölkəmizdə istehsalı ilə məşğul olan müəssisələrin inkişafına da dəstək verən qarşılıqlı praktiki fəaliyyətin təmin olunması, yeni təsərrüfat qatarlarının alınması və s. işlər xüsusi qeyd oluna bilər.

       metro 53 metro 53 metro 53

Enerji təchizatı sisteminin təkmilləşdirilməsi, gücləndirilməsi metronun fasiləsiz işinin əsas təminatlarındandır. Son illər bu sahədə əsaslı yeniliklər edilib. Depo ərazisində qatarların dartı qüvvəsini artıran, eləcə də oradakı istehsalat sahələrinin elektrik enerjisinə olan ehtiyacını tam şəkildə ödəmək üçün 2 yarımstansiya yenidən inşa olunaraq, ən müasir avadanlıqla təmin edilib. "Gənclik", "İçərişəhər", "Elmlər Akademiyası" və digər bir neçə yarımstansiyada təmir-yenilənmə işləri aparılıb. Amma əldə edilən ən böyük inqilabi yenilik metroda alternativ enerji mənbəyindən istifadə imkanlarının yaradılmasıdır.
Metronun sabit enerji təchizatı sisteminə malik olmasına baxmayaraq, bəzi hallarda rayon, eləcə də ölkənin elektrik sistemində yaranan problemlər yeraltı yollarda hərəkətin dayanmasına səbəb olub. Sonuncu dəfə belə hadisə 2018-ci il iyulun 3-də baş verdi. "Azərbaycan" İstilik Elektrik Stansiyasındakı qəza Bakının, eləcə də metronun normal fəaliyyətinə öz təsirini göstərdi. Elektrik enerjisinin qəfil kəsilməsi metronun texniki qurğularının, stansiya və tunellərdə qatarların dayanmasına səbəb oldu. Stansiyalararası yol mənzillərində qalan qatarlardan sərnişinlər qəza işıqları altında təxliyə edildi. Ertəsi gün ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metropolitenin enerji təminatı, fövqəladə hallarda yeraltı nəqliyyatın ehtiyat elektrik təchizatı məsələsi ilə bağlı təkliflərin qısa müddətdə hazırlanması barədə tapşırıq verdi.
Qeyd edək ki, Bakı Metropoliteninin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşasında alternativ enerji təminatı məsələsi nəzərdə tutulub və hazırda yeni sahələrdə dizel-generator stansiyaları tikilir. Onlar qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, bütün suxaric qurğularının, stansiya infrastrukturunun - ventilyatorların, eskalator, lift və travolatorların minimal enerji tələbini ödəyəcək.
Dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası üzrə işlər kollektiv tərəfindən təxirə salınmadan başladı. "Bakı Metropoliteni" QSC müvafiq dövlət strukturları, o cümlədən ölkənin enerji sektorunun mütəxəssisləri ilə ətraflı müzakirələrdən sonra fəaliyyət istiqaməti müəyyən edildi. Metropolitenin enerji tələbatının xüsusiyyətləri nəzərə alınmaqla fövqəladə hallarda elektrik enerjisinə ehtiyacın yeni tikilən sahələrdə olduğu kimi, dizel elektrik stansiyaları vasitəsilə təmin edilməsi daha məqsədəuyğun hesab edildi. "Azərişıq" ASC-nin 10 yarımstansiyasında "Rolls-Royse Power Systems AG MTU" GmbH şirkətinin müxtəlif gücə malik 17 generatoru yerləşdirildi. Dizel-elektrik stansiyaları fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda yeraltı qrunt sularını metro tunellərindən xaric edən drenaj qurğuları 450 kVA gücə malik ehtiyat mobil dizel elektrik stansiyası ilə təmin edildi.
Metropolitenin alternativ enerji mənbəyinin yaradılması üzrə işlər bu ilin əvvəlində başa çatdı. Metronun müxtəlif sahələrində keçirilən sınaqlardan sonra bütün xətlərdə əsas yoxlama, baş məşq aparıldı. Metropoliteni bütün kənar enerji mənbələrindən tam təcrid etməklə 4 saat ərzində keçirilən məşqlər zamanı qatarların hərəkəti, stansiyaların və tunellərin işıqlandırılması, kommunikasiya vasitələrinin - drenaj qurğularının, eskalatorların, ventilyatorların, rabitə vasitələrinin qidalanması muxtar enerji mənbələrindən - generator stansiyalarından təmin olundu.
Fövqəladə hallarda adi enerji sistemindən alternativ sistemə keçmək avtomatik olaraq baş verir. Bütün generatorların ümumi gücü ilə qatarların hərəkətini xüsusi qrafik üzrə təmin etmək mümkündür. Bununla da Prezidentin metroda alternativ enerji mənbələrinin yaradılması barədə göstərişləri yüksək səviyyədə yerinə yetirildi.

       metro 53 metro 53 metro 53


Metroda xidmət mədəniyyətinin səviyyəsi xeyli dərəcədə stansiya və tunellərdə mikroiqlim şəraitinin normativ göstəricilərinin təmin olunmasından asılıdır. Bakı Metropoliteni tarixinin hazırkı mərhələsinin ilk günlərindən aparılan araşdırmalar bu sahədə müəyyən uyğunsuzluqların, nöqsanların olmasını aşkar etdi. Buraya sistem avadanlıqlarının, ventilyatorların böyük bir hissəsinin istismar müddətinin başa çatmasına görə tələb olunan səmərənin hasil olmaması, ventilyatorların iş rejiminin düzgün qurulmaması, hava axınında məhsuldarlığın təmin olunmaması kimi amillər daxil idi. İstismar müddəti başa çatmış ventilyatorların daha məhsuldar və səmərəli avadanlıqlarla əvəz edilməsi məqsədilə dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparıldı. Metropolitenin bütün tələblərinə uyğun olan avadanlığın alınması üçün Rusiyanın Artyomovsk şəhərində yerləşən "Ventprom" maşınqayırma zavodu ilə müqavilə imzalandı. Müqaviləyə görə istehsalçı ventilyatorları sifarişçinin texniki tələblərini nəzərə almaqla hazırlamalı idi. Hazır məhsullar zavod şəraitində sifarişçinin iştirakı ilə keçirilən hərtərəfli sınaqdan sonra qəbul edildi. Sınaq prosesində ventilyatorların bütün texniki parametrləri, idarəetmə lövhələri, nəzarət-məlumat vericilərinin "Bakı Metropoliteni" QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanıldı. Yeni ventilyatorların rejimini 30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından mühüm əhəmiyyət kəsb edir. Hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsi məqsədilə quraşdırma zamanı hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə də xüsusi diqqət yetirilib. Ventilyatorun idarəetmə sistemləri istehsalçı müəssisə tərəfindən "Siemens" və "Schneider" şirkətlərinin avadanlıqları üzərində qurulub. Yeni ventilyatorların səsi normalardan aşağı olsa da, sərnişin rahatlığı baxımından müasir səsboğucularla da təmin olunub. Yeni səsboğucular effektiv və istismar üçün daha əlverişlidir.
Ümumiyyətlə, 2014-cü ildən bu günə kimi metropolitendə 17 ventilyator təzələnib. Ötən il 7, bu il isə daha 10 ventilyator alınıb. Hazırda alınmış ventilyatorların koronavirus pandemiyasının müvafiq tələblərinə ən ciddi şəkildə əməl olunmaqla quraşdırılması davam edir. Eyni zamanda təbii ventilyasiyanın imkanlarından da səmərəli istifadə etmək üçün müvafiq tədbirlər həyata keçirilib. Bununla da son iki ildə stansiyaların mikroiqlim şəraitini normal tələblər çərçivəsinə salmaq mümkün olub və bəzi stansiyalarda havanın keyfiyyət göstəriciləri daha yüksəkdir.
Metronun normal fəaliyyətini təmin edən digər istehsalat sahələrində də əməyin təşkili və səmərəliliyin artırılması məqsədilə işlər görülüb. İstehsal sahələri təkmilləşdirilib, genişləndirilib, səmərəsiz sahələri, avadanlıqları yeniləri ilə əvəz edilib. Elektrik mühərriklərinin əsaslı təmir xidməti, depodakı təsərrüfat sahələrini istiliklə təmin edən yeni qazanxana, suvurma qurğusu istifadəyə verilib. İstilik xətləri üçün kollektor tikilib. Deponun özündə təmir-baxış qanovlarının təmiri davam edir və ən müasir tələblər səviyyəsinə çatdırılır. Qanovların 825 voltluq elektrik şəbəkəsində yeni sistemin qurulması üzrə işlər sona çatmaq üzrədir.
Yeni xətlərin tikintisində bütün çətinliklərə baxmayaraq irəliləyişlər var. "Bənövşəyi xətt”in üçüncü stansiyasında (şərti adı "B-3") artıq tamamlama işləri son mərhələyə qədəm qoyub. Bu xəttin "Xocəsən" deposunda əsas obyektlərin tikintisinə başlanılıb. Deponu "Avtovağzal" stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb. Sağ tunelin yolu hazırdır, sol tuneldə isə yol-tikinti işləri davam edir.
Bütün yeniliklər kadr potensialı olmadan həyata keçirilə bilməz. Yeni dövrün tələbləri, yeni texnologiyalar da öz şərtlərini diktə edir. Metropolitendə təlim və tədris prosesinə keyfiyyətcə yeni baxış gətirilib. 2014-cü il sentyabrın 16-dan metropoliten tarixində ilk dəfə tədris mərkəzi fəaliyyətə başladı. 2019-cu ilin sonlarından isə mərkəz ən son texnoloji və tədris prosesi əsasında tamamilə yenidən qurulmuş binada fəaliyyətini davam etdirməyə başladı. Bu isə təlim və tədris prosesinin keyfiyyətini artırmaqla yanaşı, onun məzmun, yanaşma, eləcə də proqram və vəsait bazasını yeniləməklə peşə bilikləri və bacarıqlarının artırılmasına, işə qəbul prosesinin yeni imkanlarından faydalanmağa şərait yaratdı. Eyni zamanda tədris ocaqları ilə işgüzar münasibətlərə də yeni baxış gətirildi.
Bu xüsusda qeyd olunmalıdır ki, qatar maşinistini metropolitenin siması da adlandırırlar. Aparıcı dünya təcrübəsi öyrənilməklə postsovet məkanında ilk dəfə məhz Bakıda metro qatarlarının maşinistləri üçnövbəli iş rejiminə keçirilib, işin keyfiyyəti və səmərəsi artırılıb. Bununla yanaşı, Bakı metropoliteni tarixində ilk dəfə maşinistlər yeni qayda ilə - yeni qatarların idarə edilməsinin zəruri etdiyi tələblərə uyğun seçilir. 2018-ci ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran maşinistlər bir ildən də artıqdır ki, xətlərdə qatarları peşəkarlıqla idarə edirlər. Kursu müvəffəqiyyətlə bitirənlər arasında Bakı Metropoliteni tarixinin ilk qadın maşinisti də var. Bu işlər davamlı aparılır və təkcə 2020-ci ildə iki belə kurs fəaliyyətə başlayıb. Pandemiya şəraitinin qaydaları nəzərə alınmaqla kurslardan biri uğurla başa çatdırılıb, digərində isə təlimlərə başlanılıb.
Metropolitendə platforma növbətçisi üzrə yeni tipli kadr seçimi prosesi də ilk dəfə 2020-ci ildə tətbiq edilib və artıq təlimlərə start verilib. Bundan əlavə, xüsusi olaraq təcrübə mübadiləsi qaydası ilə yeni kadrların hazırlanması layihəsi də başlanılıb və pandemiya ilə mübarizənin müəyyən münasib mərhələsində bu iş ali təhsil ocaqları ilə davam etdiriləcək.
Ümumən, bütün dünyanı bürüyən yeni koronavirus - COVID-19 pandemiyasının narahatlıqlarına, çətinliklərinə rəğmən 2020-ci il Azərbaycan xalqının tarixinə Böyük Qələbə ili kimi yazılacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın azad olunması uğrunda illərlə həsrətlə gözlədiyimiz əmrini şərəflə yerinə yetirən, Azərbaycanın haqq işi uğrunda döyüşən ordumuz bizi tezliklə böyük sevincə qovuşduracaq.

 2020-ci il bizim üçün Böyük Qələbə ili olacaq.

"Azərbaycan” qəzeti
№ 231 (8547) 6 noyabr 2020-ci il
№ 232 (8548) 7 noyabr 2020-ci il
№ 233 (8549) 8 noyabr 2020-ci il





Bütün xəbərlər