30 Dekabr 2020 11:04

Qəhrəman övladların ailələri diqqətsiz qalmır

Vətən oğullarına minnətdarlıq hissi ilə

Sentyabrın 27-dən Azərbaycanın yaşayış məntəqələrini müxtəlif növ silahlardan atəşə tutan Ermənistan silahlı qüvvələrinin həmlələrinin qarşısını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə alan Azərbaycan Ordusunun cəmi 44 gün ərzində torpaqlarımızı düşmən əsarətindən azad etməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi, gələcəyə qəti inam yaradıb. Hər birimiz üçün müqəddəs olan Vətən savaşında ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıqlar göstərmiş həmvətənlərimiz arasında “Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşlar da olub. Zəfər ovqatı ilə yaşadığımız bu günlərdə ölkəmizin ərazi bütövlüyünün qorunmasında iştirak etmiş “Bakı Metropoliteni” QSC-nin əməkdaşları və onların ailə üzvlərinin fədakarlığı da ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, igidlər dövlətin müxtəlif ali mükafatlarına layiq görülüblər.
Böyük Zəfər inamı ilə yaşamış ailənin üzvləri kimi, “Bakı Metropoliteni” QSC-nin kollektivi də qəhrəman Vətən oğullarına minnətdarlıq hissi ilə səylərini əsirgəməyib. Xüsusən bu günlərdə, Vətənin müdafiəsində və torpaqlarımızın işğaldan azad edilməsində şəhid və qazi olmuş metropolitençilər və onların ailə üzvləri, müharibə müddətində olduğu kimi, Zəfər ovqatını yaşadığımız dövrdə də diqqətdən kənar saxlanılmır.
Müqəddəs savaşda övladları  şəhid olmuş müəssisəmizin əməkdaşlarına və ölkədə elan edilmiş qismən səfərbərliklə bağlı ordu sıralarına çağırılmış hər bir metropoliten işçisinə birdəfəlik qaydada maliyyə yardımının göstərilməsi barədə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qərar verib.
Ənənələrinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin kollektivi Vətənin müdafiəsi uğrunda canını fəda etmiş Vətən övladlarının xatirəsini daim əziz tutacaq, bu tarixin qəhrəmanlarını diqqətdən kənar qoymayacaq.

Qarabağ Azərbaycandır!

 





Bütün xəbərlər