30 Dekabr 2020 16:30

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününüz və Yeni iliniz mübarək!

Yeni ildə böyük quruculuq bayramlarını qeyd edək 

Qəlblərə sığmayan Zəfər sevincini bizə bəxş edən 2020-ci il sona çatır. Dünyada yaranmış pandemiya böhranı və koronavirus adlı qara kabusun bütün bəşəriyyətə sarsıntılar yaşatdığı bu ildə metropolitenimiz indiyə qədər qarşılaşmadığı  müəmmalı bir vəziyyətə qatlaşmalı oldu. Bakı metropoliteni tarixində yeraltı saraylarımız heç vaxt bu qədər uzun bir müddətdə sərnişinsiz, polad magistrallarımız isə qatarsız qalmamışdı.
 Pandemiya şəraiti ilə əlaqədar sərnişinlərin daşınmadığı günlərdə, əsas diqqət mürəkkəb yeraltı infrastrukturun cari saxlanılması ilə yanaşı, sərnişindaşıma və hərəkətin təşkili prosesinin daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlərə yönləndirildi. Əlbəttə, bütün sahələrdə işlər xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edildi. Fəaliyyətdə olan xətlərin işlək vəziyyətinin təmin olunması üçün nəzərdə tutulan tədbirlər uğurla həyata keçirildi. 
2020-ci il həm də Bənövşəyi xəttin 3-cü stansiyasının istismara hazır vəziyyətə gətirilməsi baxımından qlobal işlərin həyata keçirildiyi il oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də torpaqlarımızın işğal altından azad edilməsi uğrunda başlanan zəfər yürüşündə qazandığımız böyük qələbə münasibətilə “8 Noyabr” adlandırılan yeni stansiya ilk sərnişinlərinə 2021-ci ildə qovuşacaq.
Bu çətin ildə bütün sahələrdə uğurlar az olmayıb. Pandemiyanın məhdudiyyətlərinə rəğmən “Cəfər Cabbarlı” stansiyasının bir yolu və “Xətai-Cəfər Cabbarlı” yol mənzilində əsaslı yenidənqurma və modernləşdirmə işləri, demək olar ki, tamamlanıb, xətlərə 20 vaqondan ibarət 4 yeni qatar verilib və bununla müasir tipli hərəkət tərkiblərinin sayı 15-ə çatdırılıb. Qatarların əsaslı və cari təmiri, Yaşıl və Qırmızı xətlərdə yeni texnoloji eranın başlanğıcı olan ən müasir işarəvermə sistemlərinin tətbiqinə “Nərimanov” elektrik deposundan başlanması, alınmış yeni ventilyatorların, habelə digər sanitar-mühəndis qurğularının quraşdırılması, müvafiq qulluq aparılaraq modernləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarına söykənən avadanlıq və sistemlərdə müvafiq yenilənmə tədbirlərinin həyata keçirilməsi, yollarda, tunellərdə sağlamlaşdırma tədbirlərinin dərinləşdirilməsi və digər bütün mühüm sahələrin işi planlaşdırılmış qaydada davam etdirilib. 
Pandemiya dövründə metropoliten bütün qüvvəsini səfərbər edərək, sərnişin daşıdığı müddətdə  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, göstəriş və tövsiyələrini rəhbər tutaraq  əsil nümunəvi fəaliyyət nümayiş etdirdi.
İnanırıq ki, dünyanı cənginə almış bu bəladan bəşəriyyət tezliklə qurtulacaq və metropoliten sərnişinlərinə yenidən  xidmət göstərəcək.
2021-ci ildə “Bakı Metropoliteni” QSC-nin kollektivini  daha böyük quruculuq planları, yeraltı yollarımızın müasir standartlara uyğunlaşdırılması və genişləndirilməsi, böyük sosial layihələrin gerçəkləşdirilməsi istiqamətində uğur qazanacaq işlər və layihələr gözləyir.
Metropoliten kollektivi yeni ildə qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edir və bütün sərnişinlərini, xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir.
Qoy yola saldığımız ilin ağrı-acıları tez unudulsun, sevinci isə yeni ilə daşınsın və 2021-ci il işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq ovqatı ilə daha böyük nailiyyətlər dövrü, bitib tükənməyən uğurlar ili olsun.

Bayramlarımız mübarək, əziz həmvətənlər!





Bütün xəbərlər