06 Yanvar 2021 11:34

Pandemiya şəraitində sərnişindaşıma

Bakı metropoliteni 2020-ci ildə - Birinci məqalə

Azərbaycan tarixində xüsusi il kimi yaddaşlara həkk olunacaq 2020-ci il yekunlaşır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü 30 ilə yaxındır düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi. Sentyabr ayının 27-də cəbhə boyu hücuma keçərək dinc sakinləri də hədəfə alan mənfur Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına əks-həmlə ilə cavab verən şanlı Azərbaycan ordusu 44 gün ərzində Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində tanınmış ərazisini işğaldan azad etdı.
Bu qələbəni böyük ruh yüksəkliyi ilə qarşılayan "Bakı Metropoliteni” QSC-nin çoxminlik kollektivi üçün inşasının əsas mərhələləri yekunlaşmış Bənövşəyi xəttin 3-cü stansiyasına dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adının verilməsi qürurverici oldu. Çünki bundan sonra Bakı metropoliteni də bu şanlı tarixin bir parçasını – Zəfər Gününün qürurunu şərəflə yaşadacaq.

Sərnişinli-sərnişinsiz günlər
Könüllərə sığmayan Zəfər sevincini yaşadığımız 2020-ci il dünyada yaranmış pandemiya ilə bağlı çətinlikləri ilə də xatırlanacaq. Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının ən böyük zərbə vurduğu sahələr arasında nəqliyyat, ələlxüsus da Bakı metropoliteni də var. Paytaxtın yeraltı polad magistralı tarixində ilk dəfə sərnişinsiz, qatarsız günlər yaşadı, stansiyalarımız insan nəfəsinə həsrət qaldı.
Metropoliten yola saldığımız ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.
Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti il ərzində bir neçə dəfə dayandırılıb. Ümumiyyətlə, ilk dəfə, metropoliten mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.
Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib.

Pandemiya şəraitində yeni qaydalarla xidmət
Qatarların fəaliyyətdə olduğu müddətdə metropoliten xətlərində, stansiyalarında, park yollarında qatarların hərəkətinin və manevr işlərinin cədvəl üzrə dəqiq və təhlükəsiz icrası, stansiyaların fasiləsiz işi təmin edilib, sərnişin qatarlarının hərəkət cədvəlinin yerinə yetirilməsinə tam nail olunub, qatarların təhlükəsiz hərəkəti təmin edilib. Ən əsası, qatarlarda nasazlıq səbəbilə sərnişindaşıma fəaliyyətinə xələl gətirilməyib. Stansiyaların tikili, qurğu və avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına ciddi riayət olunub, vaxtında aparılan qulluq və təmir işləri sayəsində problemlər yaşanmayıb.
Stansiya qapılarının bağlı olduğu dövrlərdə sərnişindaşıma prosesinin arxa səhnəsində, yəni metropolitenin cari saxlanması, tunelin və tunel qurğularının, yol təsərrüfatının, yeraltı-yerüstü avadanlıqların, eləcə də hərəkətin, daşıma prosesinin təşkili üçün tələb olunan bütün texniki şərtlərin qorunub saxlanması, hər bir sahədə texnoloji proseslərin təkmilləşdirilməsi üzrə nəzərdə tutulan işlər davam edib. Hərəkətlə bağlı olan hər bir sahədə işlər xüsusi karantin rejiminin tələblərinə uyğun surətdə aparılıb.
İl ərzində stansiyaların sanitar-gigiyena vəziyyətinin normada saxlanılmasına ciddi nəzarət edilib, qənaətbəxş sanitar vəziyyət yaradılıb. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi planlı müntəzəm yoxlamalarla yanaşı, 73 qəfil reyd keçirərək, sahələrdə əmək şəraiti, sanitar-gigiyenik və digər mövcud qaydalara riayət olunmasına xüsusi diqqət yetirməklə sərnişinlərə nümünəvi xidmətdə əhəmiyyətli rol oynayıb.
Bundan başqa, koronavirus pandemiyası ilə əlaqədar karantin olmayan müddətlərdə metropoliten xətlərində işçilərin tibbi maska və əlcəkdən istifadə etmələri yoxlanılır. Sifarişlərə uyğun olaraq bütün struktur və bölmələr xüsusi geyim, ayaqqabı, fərdi mühafizə vasitələri ilə təmin ediliblər. Bədbəxt hadisələrin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər geniş miqyasda keçirilib, zərərli əmək şəraitində çalışan işçilər südlə təmin ediliblər.
Koronavirus infeksiyasına qarşı əks-epidemik tədbirlər çərçivəsində dezinfeksiya işlərinin aparılması təşkil edilib, bütün sahə və bölmələrin   dezinfeksiyaedici maddələr, maskalarla təmin edilməsinə xüsusi diqqət yetirilib. Sahələr hər biri 5 litr olmaqla ümumilikdə 475 ədəd əl dezinfeksiyaedicisi, 498 dezinfeksiyaedici sprey, 159 qutu tibbi əlcək və 8454 tibbi maska ilə təmin edilib.

Sərnişin sağlamlığı naminə
Təbii ki, sərnişindaşıma təhlükəsizliyi çərçivəsində yeni növ koronavirusa (“COVID-19”) qarşı qabaqlayıcı tədbirlər xüsusi yer tutur. Yanvar ayının son günlərindən başlayan silsilə maarifləndirici və ilkin profilaktik tədbirlər getdikcə dövrün tələbinə uyğun gücləndirilib. Fevral ayının 21-dən gecə növbəsində qatarların və stansiyaların əsaslı dezinfeksiya işlərinə başlanılıb və müntəzəm olaraq, xüsusi tərtib edilmiş qrafik üzrə davam etdirilib. Bu xüsusda iş yerləri də hər bir sahənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla dezinfeksiya işlərinə cəlb edilib. İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Dərman maddələrinin insan orqanizminə və ətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir.
Metropoliten gündəlik sərnişindaşıma xidməti göstərən müəssisə olduğundan, sərnişindaşıma xidmətinin göstərildiyi günlər ərzində də xüsusi profilaktik tədbirlər yerinə yetirilir. Stansiyaların əllə təmas olunan bütün səthləri, istisnasız olaraq, insan orqanizminə əks-təsiri olmayan dezinfeksiyaedici maddələrdən istifadə olunmaqla təmizlənərək silinir. Hər bir stansiyanın xüsusiyyətindən asılı olaraq, bu tədbirlər ən azı gün ərzində 3 dəfə həyata keçirilirdisə, aparılmış monitorinqlərə əsasən, bunun ən azı 6 dəfə yerinə yetirildiyi müəyyən olundu və iyul ayından cari dezinfeksiya tədbirlərinin gündəlik olaraq ən azı 6 dəfə aparılmasına qərar verildi.
Qatarlar isə hər gün baxış və qulluq üçün elektrik deposuna göndərilərkən depo şəraitində müvafiq sanitar-gigiyenik tədbirlərə əlavə olaraq cəlb olunur. Eyni zamanda qatarlar “Bakmil” stansiyasından depoya və əksinə olaraq, qapıları açıq saxlanılmaqla havalandırılır.
Maarifləndirici tədbirlər çərçivəsində “Bakı Metropoliteni” QSC-nin hazırladığı, həmçinin müvafiq qurumlarla birlikdə bir sıra tədbirlər də davamlı aparılıb. Stansiyalar və qatarlarda statik məlumat və təbliğat stendləri davamlı olaraq yerləşdirilib və müntəzəm olaraq həm tematik, həm də təsvir baxımından yenilənməklə bütün sahələrdə diqqəti çəkib, stansiya döşəmələrində, habelə stansiya və qatarların oturacaqlarında sosial məsafənin qorunması ilə bağlı qadağanedici nişanlar qoyulub. Stansiya və qatarlarda hər 5 dəqiqədən bir olmaqla, müvafiq elanlarla yanaşı, koronavirusa qarşı DJ Fatehin iştirakı ilə tərtib edilmiş qabaqlayıcı tədbirlərə səsləyən  mərkəzləşdirilmiş qaydada çağırışlar edilib.
Bundan əlavə hər gün monitorinqlər aparılıb, sərnişinlərlə birbaşa ünsiyyət qaydası ilə təbliğat tədbirləri, reydlər təşkil edilib, müvafiq qurumlarla yoxlama-təbliğat tədbirləri görülüb. May ayının 9-da sərnişindaşıma fəaliyyəti bərpa olunan metropolitendə ictimai nəqliyyat üçün müəyyən edilən müvafiq metodiki göstərişlərin tələblərinə uyğun qaydalar tətbiq edilib. Sərnişinlərin metropolitendən maska taxmaqla istifadə etməsinə nəzarət mexanizmləri fəallaşdırılıb. Həmin vaxtdan stansiya girişlərində və yaxud avtomat nəzarət-buraxılış məntəqələrində sərnişinlərin hərarəti selektiv qaydada yoxlanılıb.
Pandemiya dövründə ən vacib məsələlərdən biri də havalandırma ilə bağlı olduğundan bütün güclü ventilyatorların iş qrafikində müvafiq dəyişikliklər edilərək, stansiya və tunellərin daim təmiz hava axını şəraitində olması təmin olunub. Mikroiqlim laboratoriyası bütün obyektlərdə yoxlamaları planlı şəkildə yerinə yetirib. Bu xüsusda havada tozun miqdarı, hərarəti, rütubət və digər mikroiqlim parametrləri mütəmadi olaraq ölçülüb, həmçinin Bakı metropoliteni stansiyalarının şaxtalarında yerləşən güclü ventilyatorların təsdiq olunmuş qrafikə uyğun işləməsinə nəzarət olunub.
Sərnişinlərə nümunəvi xidmətin keyfiyyətini təmin etmək məqsədilə fevral ayının 28-də metropolitendə 964 və +994 (12) 490 00 00 nömrələrindən ibarət 24 saat fəaliyyətdə olan qaynar xətt yaradılıb. Bu günə qədər xəttə 4691 zəng daxil olub və hər biri müvafiq qaydada cavablandırılıb, araşdırma tələb edən məsələlərə xüsusi həssaslıqla yanaşılıb.
Bir sözlə, metropoliten 2020-ci ildə fəaliyyət göstərdiyi müddət ərzində sərnişinlərə nəinki nümunəvi xidmət göstərmək üçün bütün mümkün tədbirləri yerinə yetirməyə, layihələri həyata keçirməyə çalışıb, həmçinin daxil olan bütün sərnişin müraciətlərinə əsasən buna yüksək səviyyədə nail olub.





Bütün xəbərlər