27 Fevral 2021 10:55

“Bakı Metropoliteni” QSC yeddi ilin tamamında

Zamanca qısa dövrün həcmcə böyük nailiyyətləri

Bakı metropoliteninin tarixində elə hadisələr var ki, onlar müəssisənin yarıməsrlik taleyinin əsas məqamlarını özündə ehtiva edir, yeraltı yollarımızın inkişafı ilə bağlı dəqiq hədəfləri, tərəqqi istiqamətlərini,  iritutumlu nailiyyətləri yaşadır. Belə tarixi günlərdən biri də 27 fevraldır. 7 il bundan öncə fevral ayının bu tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edilib. 
Tarixi prizmada 7 il çox kiçik müddətdir. Amma bu illərin paytaxtın mürəkkəb bir nəqliyyat sisteminin həyatına gətirdiyi yeniliklərinin xüsusi çəkisini nəzərdən keçirdikdə, qısa zaman çərçivəsinin darlığı müqabilində metroda görülən işlərin həcminə, miqyasına təəccüblənməmək mümkün deyil. Bu işləri bütünlüklə əhatə etmək, onlar barədə ayrı-ayrılıqda məlumat vermək niyyətimiz olmasa da, 7 ili dəyərləndirən, yeraltı yollarımızın inkişafında təkanverici rol oynayan əsas məqamları həmin tarixi günün ildönümündə qeyd etmədən ötüşmək olmaz. 

Ilk addımların izi ilə
İlk növbədə diqqəti metrodakı bu islahatın əsas məqsədinə yönəltmək lazımdır. Cəmiyyətdə iqtisadi gerçəkliyin yenidən qurulması hər şeydən əvvəl yeni reallıqların tətbiqindən başlanır. 2014-cü ilin əvvəlindən Bakı metropolitenində gerçəkləşdirilən korporativ islahatların məqsədi bu infrastruktura müasir dövrün texnoloji yeniliklərini, iqtisadi münasibətlərdə tətbiq edilən dünya standartlarını, mütərəqqi korporativ idarəçilik metodlarını gətirməklə ən yüksək tələblərə cavab verən və dünyanın inkişaf etmiş ölkələrinin metropolitenlərinə nümunə ola biləcək bir ictimai nəqliyyatın formalaşdırılmasına nail olmaq idi.
Gözlənilən nəticələrin ilk cücərtiləri Səhmdar Cəmiyyətin fəaliyyətinin bir ili tamam olmamış özünü büruzə verdi. Vaqonların təmir keyfiyyətinin yüksəldilməsi qatarların nasazlıq səbəbindən depoya plandankənar qayıtma hallarının sayını kəskin şəkildə aşağı saldı. Belə bir nəticənin əldə edilməsini təmin edən amillərdən biri də deponun təmir sexlərində əmək şəraitinin yaxşılaşdırılması, istehsalat sahələrinin yenidən qurulması, müasir avadanlıqlarla təminat, işçilərin sosial problemlərinə diqqətin artırılması idi.

Vaqon parkının inqilabi yenilikləri
Bu işlər vaqonların əsaslı təmir həcminin yerli şəraitdə təşkili üzrə tədbirlərin həyata keçirilməsi ilə paralel aparılıb. Həm də qarşıya daha geniş məqsəd qoyuldu: əsaslı təmir həcminə vaqonların modernləşdirilməsi də əlavə edildi. Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində “Nərimanov” elektrik deposu ərazisində vaqonların əsaslı təmiri sexi istifadəyə verildi. Yeni sexin bazasında yaradılan ayrıca xidmət əsaslı təmir həcmi ilə yanaşı vaqonların modernləşdirilməsi üzrə də ixtisaslaşdı. Bununla da ölkə xaricindəki müəssisələrdən asılılıq aradan qaldırıldı. 
Depoda əldə olunan yüksək keyfiyyətli təmirlə yanaşı vaqon parkının müasir standartlar səviyyəsinə qaldırılması xüsusi qeyd edilməlidir. Parkın yenilənməsinə 2015-ci ildən başlanılıb. Bu işin davamı olaraq 2019-cu ilin oktyabrında "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, ötən il 20 vaqon alınmaqla vaqon parkındakı müasir tipli vaqonların sayı 75-ə çatdırılıb. Vaqonlarda yeraltı yolların ağır hidrogeoloji şəraiti, eləcə də Bakı metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Bütün vaqonlar dartı mühərriki, qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, Bakının iqlim şəraitinə hesablanmış kondisioner və avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib.

Təhlükəsizlik əsas meyardır
Bakı metropolitenin yeddiillik QSC dövrünün hər ili istər iqtisadi, istərsə də sosial sahədə həyata keçirdiyi layihələrlə yeraltı yollarda hərəkətin təşkili, sərnişinlərin təhlükəsizliyinin təmin olunması, mədəni xidmətin göstərilməsi sahəsində yüksək göstəricilərlə səciyyələnir. Bu məqsədlə metronun metroloji təminat qrupu və yol xidmətinin yolölçən laboratoriyasının əsasında metroloji təminat və diaqnostika mərkəzi yaradılıb. Mərkəzin diaqnostika kompleksi metropolitenin infrastrukturunun əsas elementlərini müayinə etmək, aparılan təmir işlərinin keyfiyyətini qiymətləndirmək imkanındadır.
Vaqonların təmir keyfiyyətinin qiymətləndirilməsində son illərin əhəmiyyətli yeniliklərindən biri kimi sınaq yolunun da əhəmiyyəti qeyd olunmalıdır. Vaqonların təmirdən sonrakı vəziyyəti burada yoxlamadan keçir.
Eyni zamanda yeraltı yolların enerji təchizatının möhkəmləndirilməsi, yolun üst quruluşu elementlərinin yenilənməsi, ventilyasiya sisteminin təkmilləşdirilməsi, işarəvermə və rabitə qurğularının müasir standartlara uyğun şəkildə qurulması, tunellərin mühafizəsi, korroziyadan mühafizənin yeni üsullarının axtarışı, tunelin istismar üçün yararsız hala düşmüş sahələrinin bərpası üzrə geniş miqyaslı işlərin həyata keçirilməsi başladı. Metronun ilk buraxılış sahələrinə aid stansiyalar, keçid və vestibüllər, xüsusən də bir vaxtlar kütləvi ticarət şəbəkəsinin təşkili səbəbindən görkəminə ciddi xələl gəlmiş stansiya keçidləri təmir olunub, müasir dizaynda yeniləndi.

Kadr potensialı əsas hərəkətverici qüvvədir
“Kadrlar hər şeyi həll edir” deyimi bütün dövrlərdə əhəmiyyətini saxlasa da, günün tələbləri baxımından daha aktualdır. 2014-cü ilin tədris ili ərəfəsində metropolitendə ilk dəfə olaraq təlim-tədris mərkəzi fəaliyyətə başlayıb, 2019-cu ildə isə mərkəz genişləndirilərək, tamamilə yeni şəraitdə və metropolitenin bütün əsas sahələrini özündə ehtiva edən müasir təlim-tədris ocağına çevrilib. Burada vaqon formalı guşələr, texniki kabinetlər qurulub. 
Ən müasir tipli qatarların trenajorunun quraşdırılması isə maşinistlərin bu yenilikləri daha rahat mənimsəməsində, yeni nəsil qatar maşinistlərinin hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. 
Mərkəz Bakının sənaye müəssisələri, ali və peşə təhsili sahələrində fəaliyyət göstərən tədris müəssisələri arasında təlim-tədris işinin təşkili, əyani vasitə ilə təchizatın səviyyəsi, məşğələlərin keyfiyyəti ilə seçilən müasir təhsil-təcrübə ocağıdır.

Yollar yeni standartlar səviyyəsində qurulur
Qlobal işlərdən biri də yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq olaraq ballastsız əsaslar üzərində qurulması, park yollarında taxta şpallar əvəzinə dəmir-beton şpallardan istifadə olunmasıdır. Yolların dəmir-beton blokları metronun öz istehsalat bazasında hazırlanır. Burada Almaniyanın "Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Sahə təkcə 2020-ci ilə 1198 dəmir-beton blok istehsal edib. Onlardan "Bənövşəyi” xəttin "Memar Əcəmi-8 Noyabr”, "Xocəsən-Avtovağzal” sahələrində olduğu kimi "Xətai” və "Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmiri işləri zamanı da istifadə olunub. Bir neçə ildir ki, “Nərimanov” elektrik deposunun park yollarında taxta şpalların dəmir-beton şpallarla əvəz edilməsi davam edir. İndiyə kimi depo yollarında 2000-dən artıq dəmir-beton şpal qoyulub.

Hər yenilik yüksələn xidmət mədəniyyəti deməkdir
7 ilin uğur hədəfləri sırasında fəaliyyətdə olan stansiyaların yenidən qurulması da əhəmiyyətinə görə sanballı çəkiyə malikdir. Bu, həm də Bakı metropoliteninin inkişafı üzrə dövlət proqramının tərkib hissəsidir. Son 7 il ərzində “Sahil” “Bakmil”, Xətai” stansiyalarında, bundan savayı, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” stansiyalarının keçid və vestibüllərində, “Xalqlar dostluğu”, “Neftçilər” və “Qara Qarayev” stansiyalarının keçidlərində, “Nizami” stansiyasının platformasında, “Cəfər Cabbarlı” stansiyasının bir yolunda bu işlər aparılıb.
Ümumiyyətlə, hərəkətin təşkili ilə bağlı olan və olmayan bütün istismar sahələrində görülən  işlər, həyata keçirilən tədbirlər sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsinə istiqamətlənib. Son illər bu sahədə daha qabarıq şəkildə görünən yeniliklərdən biri də əlil arabası istifadəçilərinin metro sərnişininə çevrilməsi üçün imkanların yaradılmasıdır. Bu işlər bütün vaqonlarda əlil arabaları üçün yerlərin yaradılmasından başlayıb. Hərəkət imkanları məhdud olan insanlar stansiyaların girəcəyində xüsusi mobil işçi qrupu tərəfindən qarşılanır və gedəcəyi stansiyanı tərk edənə qədər müşayiət olunurlar. 
Son 7 ilin ən böyük nailiyyətlərindən biri CBTC və SCADA proqram-alət kompleksinin tətbiqi işlərinin başlanmasıdır. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Bundan savayı, hazırda yeni xətlə yanaşı, “Nərimanov” elektrik deposunda da “ox sayğacı” bazasında qatarların hərəkətinin təşkili və idarə edilməsi sistemləri tətbiq olunur və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək. Sistem hazırda hərəkəti tənzimləyən SAT-ALİ sistemini əvəz edəcək.

Mühəndis-texniki yeniləşmə standartları
7 ilin uğurları barədə danışarkən, enerji sisteminin gücləndirilməsi xüsusilə qeyd edilməlidir. Burada təkcə elektrik yarımstansiyalarının yenidən qurulması, yeni avadanlıqların tətbiqi, kabel şəbəkəsinin yenilənməsi nəzərdə tutulmayıb. Fövqəladə hallarda yeraltı nəqliyyatın ehtiyat elektrik enerjisilə təchiz olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı da yüksək səviyyədə yerinə yetirilib. “Azərişıq” ASC-nin 10 yarımstansiyasında "Rolls-Royse Power Systems AG MTU" GmbH şirkətinin müxtəlif gücə malik 17 generatoru yerləşdirilib.
Dövlət başçısının metropolitenlə bağlı başqa bir tapşırığı metropoliten tunellərindəki qrunt sularından istifadə ilə bağlıdır. Onu da qeyd edək ki, onilliklər ərzində metropoliten rəhbərliyi və aidiyyatı qurumlar bu məsələni gündəmə gətirsə də, həlli yolları tapılmamışdı. Ötən il “Bakı Metropoliteni” QSC rəhbərliyinin təklifinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanan layihə özünü təsdiq edib. Yer üstündə yaradılan mənbəyə toplanan qrunt suları texniki məqsədlər, yaşıllıqların suvarılması üçün şəhərə verilib. Bu layihənin icrası gələcəkdə də davam edəcək.
Ventilyasiya sistemində avadanlıqların yenilənməsi,ventilyatorların optimal iş rejiminin tətbiqi stansiya və tunellərdə iqlim şəraitinin normallaşdırılmasında əhəmiyyətli rol oynayıb. Elə son iki ildə quraşdırılan 17 güclü yeni tunel ventilyatoru həm məhsuldarlığına, həm də iqtisadi cəhətdən səmərəliliyinə görə sələflərindən fərqlənir. Eskalatorlara gəldikdə isə bu gün metropolitendə istismar müddəti başa çatmış eskalator yoxdur. Bu illər ərzində eskalatorların yenilənməsi nəticəsində sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.  Hazırda sovet istehsalı olan eskalatorlar yalnız “Nəsimi”, “Nizami”, “Cəfər Cabbarlı”, “Xalqlar dostluğu”, “Həzi Aslanov”, “28 May” stansiyasının ikinci çıxışında qalıb. Onların istismar müddəti hələ başa çatmayıb.

Günün əsas vəzifələri
Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. 2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur. 
Böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb. Metro insanların sağlamlığının qorunması, “COVID-19” bəlasından uzaqlaşdırmaq üçün ötən ildə sərnişinlərə 202 gün qapı aça bilməyib.
Bu ilin ikinci ayı da daşıma fəaliyyəti olmadan başa vurulmaq üzrədir. Pandemiyanın ilk günlərində metropoliten şəraitin tələblərinə uyğun bütün lazımi tədbirləri yerinə yetirsə də, son nəticədə müvafiq şəraitdə yeraltı nəqliyyatın sərnişin daşınmasındakı iştirakı məqbul hesab edilmədi. Amma bununla belə metro gələcəkdə daşımaların daha rahat, xidmət mədəniyyətinin daha yüksək, hərəkətin daha təhlükəsiz olması üçün fəaliyyətini davam etdirir və çoxdan darıxdığı sərnişinlərini hər an qarşılamağa hazırdır. 





Bütün xəbərlər