10 May 2021 9:44

Vətənə sədaqətlə xidmətin bariz nümunəsi

Metro onun üçün milli sərvət idi

Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan dahi ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 98 illik yubileyidir.
Müasir Azərbaycan dövlətçiliyinin son yarım əsrlik tarixinə nəzər saldıqda, bu dövrdə ölkəmizin iqtisadi, siyasi, mədəni, ictimai və həyatın digər sahələrində baş verən hadisələri təhlil edərək, onların təbiətinə vararkən, bu sahələrdə əldə edilən uğurların Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin dühası ilə işıqlandığının şahidi oluruq. Ulu öndərin şərəfli ömür yolunun ən parlaq səhifələri  bu uğurlarla bağlıdır. Heydər Əliyevin bütün ömrü Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqətlə xidmət etməyin ən parlaq nümunəsidir.
Azərbaycanda bu gün böyük sürətlə davam edən hərtərəfli inkişafın təməli 52 il bundan əvvəl 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən qoyulub. Bütün ölkə iqtisadiyyatı, kənd təsərrüfatı, neft sənayesi, təhsil, ordu quruculuğu, nəqliyyat və digər sahələrin inkişaf strategiyası bu təməl üzərində qurulub.
Ulu öndərin fəaliyyətində şəhər sərnişin nəqliyyatının və ələlxüsus da onun əsas seqmenti olan metropolitenin inkişafı çox mühüm bir yer tutur. Heydər Əliyev və Bakı metrosu mövzusunun başlanğıcı əslində 1969-cu ildən daha əvvəlki dövrə gedib çıxır. Məlumdur ki, şəhər nəqliyyatının bir növü olan metro mülki mahiyyətli fəaliyyət sahəsi olmaqla yanaşı, həm də  hərbi-strateji obyekt kimi həm tikintisi, həm də istismarı həmişə dövlət təhlükəsizlik xidmətinin birbaşa nəzarəti altında olub. Xüsusi əhəmiyyətli obyektlərin tikintisində çalışan insanların siyasi yetkinliyi, sayıqlığı, dövlət sirlərinin yayılmasının qarşısının alınması və tikintidə çalışan insanlara bütün bunları aşılamaq altmışıncı illərin əvvəllərində Azərbaycan DTK-sının şöbə müdiri olan Heydər Əliyevin məşğul olduğu əsas  məsələlərdən biri idi. Onun rəhbərlik etdiyi şöbənin əməkdaşları vaxtaşırı metro inşaatçıları arasında bu mövzuda mühazirələr oxuyur, təlimatlar verirdilər. Gənc DTK polkovniki Heydər Əliyev özü də tez-tez bu söhbətlərdə iştirak edirdi.  Hətta Bakıda metro tikintisinin konservasiyadan sonra davam etdirilməsi ideyasının əsaslandırılması üzrə Dövlət Təhlükəsizlik Komitəsinin sənədlərinin hazırlanmasında  Heydər Əliyevin də əməyi böyük olub.
1969-cu ildən respublika hakimiyyətinin birinci şəxsi kimi Bakı metrosu ömrünün axırana kimi Heydər Əliyevin ən ciddi nəzarəti və böyük qayğısı altında yaşayıb və inkişaf edib. Altmışıncı illərin sonunda  cəmi 6 stansiyası olmasına baxmayaraq, metro artıq bakılıların həyatının bir hissəsinə çevrilmişdi, şəhər özünü metrosuz təsəvvür edə bilmirdi. O vaxt inşaatçılar metronun üçüncü buraxılış sahəsi olan “Nərimanov- Neftçilər” sahəsində çalışır, “Ulduz” stansiyasının tikinti-quraşdırma işlərinin mühüm mərhələsinə başlamışdılar. Birinci növbənin “28 May – Nizami” ikinci buraxılış sahəsində qarşıya çıxan çətinliklər inşaat işlərinin planında dəyişikliklərə səbəb oldu. Əsas qüvvələr “Nərimanov” stansiyasından sonra başlayan üçüncü buraxılış sahəsində cəmləşdirildi. İki ilə yaxın bir müddətdə “Ulduz” stansiyası istifadəyə verildi. Bu, Heydər Əliyevin respublika rəhbəri kimi açılışında iştirak etdiyi ilk stansiya idi. 1970-ci il aprelin 17-də bu münasibətlə keçirilən mitinqə toplaşan Bakı sakinlərini salamlayan Heydər Əliyev çıxışında  inşaatçıların işinə böyük qiymət verdi, onlara minnətdarlığını bildirdi. Sonra o, metromuzun 7-ci stansiyasının qırmızı lentini kəsdi. Sonrakı illərdə “Əzizbəyov” (“Koroğlu”), “Avrora” (“Qara Qarayev”), “Neftçilər”, “Nizami”, “Elektrozavod” (“Bakmil”) stansiyaları da  Ulu öndərin iştirakı ilə  açılıb.
1982-ci ilin noyabrında Sovetlər İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonra da Heydər Əliyev Bakı metrosunun inkişafını diqqətdən kənarda qoymayıb. Metronun tikintisində qarşıya çıxan əngəllərin aradan qaldırılmasına, problemlərin həllinə  hərtərəfli yardım göstərib.  Tikintinin maddi-texniki bazasının gücləndirilməsi, tapılmayan inşaat materiallarının respublikaya göndərilməsi üçün əlindən gələni əsirgəməyib. Bunun nəticəsi idi ki, həmin illərdə metronun “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi” stansiyalarını vaxtında istifadəyə vermək mümkün oldu.
1993-cü ildə ölkədə yaranmış iqtisadi böhranın dərinliyinə baxmayaraq, “Cəfər Cabbarlı” keçid stansiyasının tikintisini başa çatdırmaq üçün yaradılan imkan ulu öndərin metronun gələcəyinə verdiyi dəyəri bir daha təsdiq edir. Eyni sözləri 2002-ci ildə istifadəyə verilən “Həzi Aslanov stansiyası barədə də demək olar.
Həmin illərdə Bakı metropoliteninin istismarında da böyük çətinliklər yaşanırdı. Müstəqilliyimizin ilk böhranlı dövründə Bakı metrosu məhz Heydər Əliyevin tükənməz qayğısı nəticəsində öz varlığını qoruyub saxlaya bildi. Ölkəni bürüyən böhrandan metro kiçik itkilərlə çıxdı. Metronun maddi-texniki bazasının möhkəmləndirilməsinə, vaqon parkının yeniləşməsinə göstərdiyi yardım Ümummilli liderin  Moskvada yüksək vəzifədə işlədiyi illərdə qazandığı nüfuz və hörmətin nəticəsi idi. Heydər Əliyevin şəxsiyyətinə böyük hörmətin parlaq ifadəsi idi ki,  Moskva vilayətinin Mıtişşi “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti istehsal etdiyi vaqonlarını  Bakı metropoliteninə o vaxt qüvvədə olan qiymətlərdən aşağı qiymətə satmağa razı oldu. Bundan əlavə Moskva metropolitençiləri də metromuzu çətin vəziyyətdən çıxarmaq üçün bakılı həmkarlarına haqqın ödənilməsini gözləmədən saysız-hesabsız ehtiyat hissələri göndərdilər.
Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra Mıtışşi vaqon istehsalçıları ilə Bakı metropoliteninin əməkdaşlığı daha da möhkəmləndi. Həmin dövrdən başlayaraq son illərə kimi, Moskva zavodu Bakı metropoliteni üçün münasib qiymətlərlə 136 vaqon hazırladı.
Heydər Əliyev Bakı metropolitenini milli sərvət adlandırırdı: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda, bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”.





Bütün xəbərlər