27 May 2021 12:39

BAKI METROPOLİTENİNDƏ SƏRNİŞİNDAŞIMA FƏALİYYƏTİ BƏRPA OLUNUR

Mayın 31-i səhər saat 6-dan stansiyalar sərnişinlərin girişinə açıq olacaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 31 may 2021-ci il səhər saat 06:00-dan bərpa olunması barədə məlumat yayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli 151 saylı Qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb. Lakin Qərarın 2.1.2 bəndinə əsasən, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. 
Xüsusi karantin rejimi müddətində Bakı metropoliteninin fəaliyyəti, ələlxüsus sərnişindaşıma prosesinin təşkili, pandemiya şəraitində istifadə qaydaları və digər tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edilməlidir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" 16 oktyabr 2020-ci il tarixli 395 №-li Qərarına əsasən, Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 19 oktyabr saat 00:00-dan dayandırılmışdı.

Qərarların tam mətnlərinə istinad:
1.  “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
2. "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında"





Bütün xəbərlər