31 May 2021 9:50

226 gündən sonra yenidən sərnişinlərin xidmətində - FOTOREPORTAJ

Bu dəfə 26-cı stansiya ilə birlikdə

226 gündən sonra Bakı metrosu yenidən sərnişinlərinin xidmətindədir. Bu gün – may ayının 31-i saat 06:00-dan metropolitenin sərnişindaşıma fəaliyyətini bərpa edərək, növbəti sərnişindaşıma fəaliyyətinə metropoliten 25 stansiyasına daha birinin – “8 Noyabr” stansiyasının əlavə olunması ilə başlayıb. Həmçinin ilk dəfə Bənövşəyi xətt üzrə qatarlar tam dövrə vuraraq hərəkət ediblər.
Pandemiya şəraitində “COVID-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində tətbiq etdiyi xüsusi karantin rejiminin mövcud sanitar-epidemioloji vəziyyətə uyğun yumşaldılması planına uyğun olaraq metropolitendə sərnişindaşıma fəaliyyətinin bərpasını məqbul sayıb.
Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 saylı Qərarına əsasən, avqust ayının 1-nə qədər uzadılmış xüsusi karantin rejimi müddətində metropoliten stansiyaları həftəiçi səhər saat 6-dan gecə saat 12-yə qədər sərnişinlərin girişinə açıq olacaq. Həmin Qərarın daha bir müddəasına görə, aşağıda qeyd edilən tarixlərdə metropolitendə sərnişin daşınmayacaq:

5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;

13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;

19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;

26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.

Ümumiyyətlə, pandemiya dövründə Bakı metropolitenində 3 dəfə sərnişindaşıma prosesi müxtəlif müddətlərə dayandırılıb.
İlk dəfə 2020-ci il mart ayının 31-i saat 22:00-dan may ayının 9-u saat 06:00-a qədər – 38 gün ərzində sərnişindaşıma fəaliyyəti göstərməyib.
İkinci dəfə 2020-ci il 4 iyul saat 00:00-dan 14 sentyabr saat 06:00-dək metropolitendə sərnişindaşıma fəaliyyəti 72 gün müddətinə dayandırılıb.
Üçüncü dəfə sonuncu sərnişinini 2020-ci il oktyabrın 16-da mənzil başına çatdırmış metropoliten, növbəti iki istirahət günü də daxil olmaqla, oktyabr ayının 19-dan qüvvəyə minən qərara uyğun olaraq 2021-ci il may ayının 31-i saat 06:00-a qədər - 226 gün ərzində sərnişininə xidmət göstərməyib.
Onu da xüsusi qeyd edək ki, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş” Nazirlər Kabineti yanında Operativ Qərargahın əlavə göstərişi xüsusi karantin rejiminin uzadıldığı müddət ərzində qüvvədə qalacaq.
Sərnişinlərimizə müraciət edərək, bir daha mövcud qaydalara, sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə çağırır və ənənəvi devizimizi xatırladırıq:

Birlikdə güclü olaq və qalib gələk!





Bütün xəbərlər