12 İyun 2015

Metropolitendə sağlamlıq günləri davam etdirilir

Ənənələrinə sadiq qalan Bakı metropolitenində bu il də sağlamlıq günləri keçirilir.

İşçilərin sağlamlığı və mütəmadi tibbi yoxlamadan keçirilməsi metropolitendə ən vacib məsələlərdən biri sayılır və daim diqqət mərkəzində saxlanılır. Buna görə də, öz ənənələrinə sadiq qalan Bakı metropolitenində bu il də sağlamlıq günləri keçirilir.
Müntəzəm təşkil olunan, illik xarakter daşıyan belə tibbi aksiyalardan biri ötən gün «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin idarə aparatında olub. Tibbi müayinə Bakı Dəmir Yolu Xəstəxanasının poliklinikası ilə əldə olunmuş razılığa əsasən, Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı və nəzarəti ilə müəyyən edilmiş qrafikə uyğun surətdə, bütün xidmət və sahələrdə işçilərin iş yerindən ayrılmadan keçirilir. Bu prosesə poliklinikanın terapevti, nevropatoloqu, ginekoloqu, cərrahı, okulisti, burun-qulaq boğaz və dəri zöhrəvi həkimləri, eləcə də EKQ və laboratoriyası ilə bir tibb bacısı da cəlb olunub.
Müayinəyə gələn işçilər həvəsli və bu aksiyadan tam razı görünürdülər. Müayinə olunmaq istəyənlərin sayı da kifayət qədər idi.
Aprelin 28-də yol xidmətində başlanmış sağlamlıq günləri, hələlik tikinti departamenti istisna olmaqla, bütün digər xidmət və sahələrdə ən azı bir dəfə keçirilib. Ümumiyyətlə, bu kimi tədbirlər ilin sonuna – dekabrın 22-nə qədər davam etdiriləcək. İşçilərinin sayından asılı olaraq, hər xidmət və sahədə, ən azı iki dəfə sağlamlıq günü təşkil olunur. Söz yox ki, metropolitenin ən çoxsaylı kollektivi olduğundan, həm də iş rejimi və şəraiti nəzərə alınaraq, hərəkət xidmətində 7 sağlamlıq günü nəzərdə tutulub və onlardan ikisi may ayında keçirilib.
Qeyd edək ki, bu tədbirlər həm də işçilərin sağlamlığının etibarlı mühafizəsi və tibbi yardım təminatı ilə yanaşı, onların tibbi maarifləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.





Bütün xəbərlər