16 İyun 2015

«SAHİL» YARIMSTANSİYASINDA İŞLƏR BAŞA ÇATDI

«Sahil» stansiyasında yerləşən eyniadlı yarımstansiya müasirləşdirildi.

Bakının yeraltı yollarındakı müxtəlif təyinatlı avadanlıqlar gücünü, stansiyalar nurunu xüsusi elektrik yarımstansiyalarından alır. Hər gün yarımmilyondan artıq insanı mənzil başına çatdıran qatarları hərəkətə gətirən qüvvənin də mənbəyi bu yarımstansiyalardır.
«Sahil» stansiyasında yerləşən eyniadlı yarımstansiya isə ancaq «İçərişəhər – Sahil- 28 May» mənzilində yerləşən bütün elektrik istehlakçılarını qidalandırır. Buraya qatarların hərəkətinə sərf olunan yüksək gərginlikli (825 V) sabit cərəyan daxil deyil. Əlli ilə yaxındır ki, rayon yarımstansiyasından alınan 6 kV gərginlik burada 380, 220 və 127 V-a qədər endirilərək, mənzildəki stansiyalara, eskalatorların maşın zallarına, tunel avadanlıqlarına ötürülür. Bu müddət ərzində yarımstansiyanın qurğuları mənəvi və fiziki cəhətdən yararsız hala düşdüyündən sahənin enerji təchizatında az problem yaratmırdı. Doğrudur, son illər orada avadanlığın müasirləşdirilməsi üzrə müəyyən addımlar atılmışdı. Məsələn, yağ açarları vakuum açarları ilə əvəz edilmiş, köhnə turşu-qələvi tipli akkumulyatorların yerini Almaniya istehsalı olan müasir nümunələr tutmuşdu. Amma metropolitenin enerji təminatı sistemində kökündən yenidənqurma işlərinin günün tələbinə çevrildiyi bir vaxtda məsələni bu şəkildə həll etmək mümkün deyildi. Enerji paylayıcı qurğular, transformatorlar tam yeniləşməli idi. Amma yeni avadanlığı illərdən bəri təmir üzünə həsrət qalan, axıntıların rütubətə bürüdüyü, rəngi solmuş, suvağı tökülmüş divarlar arasında yerləşdirmək, onları bəri başdan məhvə məhkum etmək demək idi. İlk növbədə yarımstansiyadakı istehsal sahələri, yeni qurğuların yerləşdiriləcəyi otaqlar normal vəziyyətə gətirilməli idi. Həm də bu işin müəyyən hissəsi yeni avadanlığın quraşdırılması ilə paralel aparılmalı idi. Bunun üçün isə metropolitenin əsaslı təmir və elektrik təchizatı xidmətləri müştərək əməliyyat planı hazırlamalı, işlərin ardıcıllığını müəyyən etməli idilər.
Köhnə avadınlığı sökülüb çıxarılan otaqlara əsaslı təmir xidmətinin briqadaları daxil oldular.Təmirçilər öz öhdələrinə düşən vəzifəni vaxtında başa çatdırmaq üçün ikinövbəli iş rejimi tətbiq etdilər. Otaqlar sadəcə təmir edilmirdi. Burada çox şey yenidən qurulurdu. Qalınlığı 20 sm olan 90 kv.m-dən artıq beton arakəsmələr, 200 kv.m-dən çox metlax döşəmə söküldü. Sərnişin platforması səviyyəsində yerləşən əsas işçi otaqlarında köhnə divar, eləcə də tavan çətiri söküləndə tunel örtüklərinin çox pis vəziyyətdə olduğu aşkar edildi. Korroziyanın yeyib dağıtdığı tunel örtüyü naftin turşusu ilə yuyuldu, bəzi yerlərə metal tor çəkilib, səth sulfat qatışıqlı davamlı sementlə möhkəmləndirildi. Tavanda alkopondan daha bir müdafiə çətiri yaradılmaqla axıntıların qarşısı alındı.
Otaqların yararsız qapıları, döşəmə örtüyü, divarların ovulub tökülən suvağı tamamilə yeniləndi. Bundan sonra elektrik təchizatı avadanlığı quraşdırıla bilərdi. Kosmetik təmir isə ancaq bundan sonra tamamlana bilərdi. Yəni, qurğular əsaslı şəkildə yerləşdirildikdən sonra, onları qidalandıran elektrik kabel xətləri öz yerlərini almalı idi.
İşlər başa çatdıqdan sonra, stansiyanın görkəmi tanınmaz dərəcədə dəyişib. Otaqların mikroiqlim şəraiti də əvvəlkindən kəskin şəkildə fərqlənir. Əvvəllər burada istidən nəfəs almaq mümkün deyildi. Qurğuların ayırdığı istiliyi aradan qaldırmaq üçün effektiv ventilyasiya sistemi yox idi. İndi isə aşağı qatdakı kondinsionerlərin soyutduğu hava yeniləşdirilmiş ventilyasiya xətti ilə bütün otaqlara yayılaraq, avadanlığın normal işini təmin edir və burada çalışan insanlar üçün əlverişli əmək şəraiti yaradır. Divarların alkopon örtükləri də otaqlara xüsusi görkəm verir.
Avadanlığa gəlincə qeyd edək ki, onlar yerli GBS (General Board System) şirkətinin istehsalıdır. Quraşdırılma və sazlama metropolitenin öz mütəxəssislərinin yaxından iştirakı ilə aparılıb və bu zaman ortaya çıxan bütün məsələlər şirkət işçiləri ilə qarşılıqlı anlaşma şəraitində həll olunub. İstismarçıların yeni proqramları mənimsəməsində heç bir problem olmayıb. Hətta onların bəzi təklifləri şirkətin mütəxəssisləri tərəfindən məqbul sayılaraq nəzərə alınıb. Avtomatik təkrar qoşulma (ATQ) sisteminin yığılmasında, bloklamalar və qoşulmaların, sxem üzrə iş ardıcıllığının təmin olunmasında, eyni zamanda, prosessorun qurulması və sistem dəyişikliklərinin yerinə yetirilməsində sifarişçi və tədarükçü təşkilatların mütəxəssisləri birgə çalışıblar.

 





Bütün xəbərlər