24 Sentyabr 2021 11:10

“Könlüm keçir Qarabağdan” heç kimi biganə qoymayacaq

Külli-Qarabağın abi-həyatına səyahət

“Bakı Metropoliteni” QSC-nin stansiya və keçidlərində təşkil edilən sərgilər sırasına daha bir inci əlavə olunur. “Gənclik” stansiyasının keçidlərində “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb. Bununla Bakı metropoliteninin təqdimatında Azərbaycanın, eləcə də dünya mədəniyyətinin aktual mövzularına həsr olunmuş və geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan sərgilər sırasına ən əhəmiyyətlisi də əlavə olunur.
Sərgi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində yazdığı Zəfər salnaməsinə və tezliklə 30 ilə yaxın həsrəti bitirərək doğma el obasına qayıdacaq Qarabağ və Şərqi Zəngəzur sakinlərinə həsr olunur.
Burada geniş ictimaiyyətə açıq sərgi formatında təqdim olunan 92 nadir foto, əsasən, Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub.
Fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin zəngin tarixi, ən əsası, bu tarixin çoxlarına tanış olan əhəmiyyətli hissəsini təşkil edən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti,  mənzərələri canlandırır. Bu mənada sərgi doğma el-oba həsrəti ilə yaşamış həmvətənlərimizin nisgilli xatirələrini canlandıraraq onları keçmişə bir səyahətə dəvət edir.
Sərgi həmçinin Qarabağ və Şərqi Zəngəzurun canlı rəmzinə çevrilmiş mədəni-tarixi irsi də izləyicilərinin diqqətinə çatdırır.
Sərginin əhəmiyyətli hissəsində XX əsrdə Qarabağın mədəni intibahının memarı olan Ulu öndər Heydər Əliyevin Şuşaya səfərləri və həyata keçirdiyi mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər də yer alır.
Əminik ki, sərgi metropoliten sərnişinlərini, “Gənclik” stansiyasının keçidlərindən istifadə edənləri, eləcə də bu sərgi ilə tanış olmaq istəyən hər bir kəsi biganə qoymayacaq.
Hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradacaq.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin azad olunmuş torpaqlarımızla və Vətən müharibəsi ilə bağlı geniş ictimaiyyətə təqdim etdiyi sərgilər davamlı olacaq və bir-birini tamamlayacaq. 
Hər birinizi milli mənəviyyatımızın və mədəniyyətimizin böyük parçası olan bu sərginin ideyasına qoşularaq, sərgi ilə tanış olmağa, onun qayəsini ictimailəşdirməyə dəvət edirik.





Bütün xəbərlər