19 İyun 2015

TUNELDƏ SAĞLAMLAŞDIRMA İŞLƏRİ DAVAM EDİR

Yanvar ayından tunellərdə sağlamlaşdırma işlərinə başlanılıb.

Tunel divarlarının bərkidilməsində istifadə olunan dəmir-beton və metal konstruksiyaların istismar müddəti 100 il və daha artıq müddət olsa da, bu, həm də yeraltı şəraitin vəziyyətindən, torpağın fiziki xassələrindən və kimyəvi tərkibindən asılıdır.

Məlum olduğu kimi, Bakı metropoliteninin tunelləri çox mürəkəb hidrogeoloji şəraitdə tikilib və tunel örtükləri artıq yarım əsrə yaxındır ki, aqressiv mühitin təsirinə məruz qaldığı üçün keyfiyyətini itirib. Bu özünü «Cəfər Cabbarlı-Xətai» stansiyalarını birləşdirən tunellərdə daha kəskin şəkildə büruzə verməkdə idi. Tikintisi 1949-cu ildən başlayan tunellər, tunel avadanlıqları bütün bu illər ərzində aqressiv mühitin təsiri altında kəskin aşılanmaya məruz qalıb. Qruntun qələvi-turşu məhsulları ilə zənginliyi, həmin sahədə hərəkətin uzun illər yalnız bir yolla təşkil edilməsinə görə qatar havalandırma effektinin olmaması öz nəticəsini gec- tez göstərməli idi. Tunel geyimlərinin vəziyyəti hərəkət üçün artıq ciddi təhlükə mənbəyinə çevrilmişdi və təxirəsalınmaz tədbirlər görülməli idi.

«Bakı Metropoliteni» QSC sədrinin əmri ilə hazırlanan plan əsasında bu ilin yanvar ayından 1 saylı Tunel Tikinti Dəstəsinin işçiləri tunel qurğuları xidmətinin nəzarəti altında sağlamlaşdırma işlərinə başladılar. Metro inşaatçıları «Cəfər Cabbarlı – Xətai» mənzilinin 1-ci yolunda 127 m sahədə tunel divarlarını bərkitmək üçün köhnə örtük səthini təmizləyib tunelin içərisindən yeni səth yığmalı oldular. Bu halda tunelin 6 metrlik diametri 0,5 m azalsa da, qatarların hərəkətinə heç bir problem yaratmır. Hazırda inşaatçılar köhnə tunel səthi ilə təzəsi arasında hermetikliyi təmin etmək üçün orada məhlulvurma işləri aparırlar. Bu işlər də artıq başa çatmaq üzrədir. Eyni zamanda tunelin sərt özülünün bərpa olunması işləri də davam edir.

Sağlamlaşdırma prosesində demontaj olunmuş yol yeniləşmiş özül üzərindən salınacaq. Bu işin də təxminən 80 faizi yerinə yetirilib. Beton sərt özül tam hazır olduqdan sonra yol işçiləri burada öz relslərini düzə bilərlər. Yeni qurulmuş tübinq səthlərinin korroziya əleyhinə boya ilə rənglənməsindən sonra, bu sahədə işlər tam başa çatacaq.





Bütün xəbərlər