29 Oktyabr 2021 16:48

Bakı metropolitenində “Dini radikalizm və ekstremizm, dini ayrı-seçkilik” mövzusunda konfrans keçirilib

Multikultural və tolerant dəyərlərimiz irsimizdir

“Bakı Metropoliteni” QSC-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizm, dini ayrı-seçkilik” mövzusunda konfrans keçirilib.
Tədbir başlamazdan əvvəl Zəfər gününü Ali Baş komandan cənab İlham Əliyevin başçılığı altında bizə yaşadan,  milli qürurumuz sayılan, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan cəmiyyətin Aparat rəhbəri Tərlan Dadaşov bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğuna başlayan Azərbaycan üçün dəyərlər sisteminin müstəsna əhəmiyyəti var. Çıxışda o da bildirilib ki, müasir cəmiyyət və din münasibətlərinin sağlam şəkildə inkişaf etdirilməsinin bariz nümunəsi olan ölkəmizdə olduğu kimi metropoliten əməkdaşları üçün də mütəmadi olaraq keçirilən seminarlar mühüm əhəmiyyət kəsb edir.
T.Dadaşov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, eyni zamanda dini maarifləndirmə sahəsində gördüyü işləri xüsusi vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən, bu qələbənin qazanılmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, Azərbaycan Ordusunun şücaəti, eləcə də xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylikdən bəhs edib.
Respublikamızdakı etnik və dini rəngarəngliyə də toxunan sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana xas multikultural modelin regionda və dünyada özünəməxsus nümunə olduğunu bildirib. S. Heydərov təəssüf hissi ilə vurğulayıb ki, ölkəmizdə mövcud olan milli və dini həmrəyliyin pozulmasına, məzhəbçiliyin güclənməsinə yönəlik cəhd hallarına da rast gəlinir. Sədr müavini vətəndaşların, o cümlədən gənclərin yad, zərərli dini ideologiyadan qorunması istiqamətində təmsil etdiyi Komitənin digər müvafiq orqanlarla birgə gördüyü işlərdən danışıb. Dini radikalizm və ekstremizm barədə də məlumat verən DQİDK-nın sədr müavini bildirib ki, dini radikalizm ideoloji, ictimai və milli təhlükəsizlik müstəvilərində özünü biruzə verir. Dini fundamentalizmi qidalandıran  səbəblərdən birinin məzhəbçilik olduğunu bildirən natiq bu zərərli faktorla bağlı öz fikirlərini dinləyicilərlə bölüşüb.
Azərbaycanın dünyada multikultural və tolerant bir dövlət kimi tanınmasından söz açaraq bildirib ki, dinin cəmiyyət həyatında, gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməlidir. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsiplərinin tənzimlənməsində, bu sahədə qanunvericilik bazasının uğurla formalaşdırılmasında böyük və tarixi xidmətlərindən birinin də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olduğu vurğulanıb. 
Dinə dövlət qayğısından da söz açan S.Heydərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin qorunmasına, tolerantlığın təşviqinə böyük önəm verməsinin ölkəmizdə müasir cəmiyyət və dini-mənəvi dəyərlərin qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsini də vurğulayıb. 
Tədbir diskussiya şəklində davam edib.





Bütün xəbərlər