08 Noyabr 2021 9:15

8 Noyabrın “8 Noyabr”ı

Milli qürurumuzu əbədiləşdirən stansiya

Ölkəmizin tarixində xüsusi yer tutan 28 May, 20 Yanvar kimi tarixi hadisələrlə yanaşı, 8 Noyabr - Zəfər Gününün də Bakı metropolitenində özünəməxsus yeri var və bu tarixi Zəfəri tərənnüm edəcək rəmzlər sırasında Bakı metropoliteni də yer alıb. Bakı metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü, Vətən müharibəsində qazandığımız böyük zəfər şərəfinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmış yeni stansiya 2021-ci il mayın 29-da istifadəyə verilib. Bununla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18.5 km olaraq Xocəsən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi-8 Noyabr” mənzili şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulub. Ötən müddət ərzində sərnişin sayı artmağa başlamış stansiya artıq hər iş günü ərzində 3 mindən çox sərnişinə xidmət göstərir.

Üç səviyyəli stansiya
Ceyhun Səlimov küçəsi, Mərkəzi Hərbi Klinik Hospitalın qarşısında yerləşən stansiya Nəsimi rayonunun həmin ərazisini şəhərin mərkəzi və bir çox rayonları ilə birləşdirir. Ümumi uzunluğu, keçid kamerası və sərnişin platforması ilə birlikdə 363,34 metrdir.
 “8 Noyabr” stansiyası 3 səviyyədən ibarətdir. Stansiyanın Ceyhun Səlimov küçəsinə 4 çıxışı var. Onlardan ikisi yolun hər iki istiqamətində olmaqla Əbdülvahab Salamzadə küşəsində yerləşən körpü, digər iki çıxışdan biri isə hospital tərəfdə yerləşən yaşayış sahəsinə doğrudur. 
Yerüstü sahədən başlamaqla sərnişinlər stansiyaya eskalator, lift və pilləkənlərdən istifadə edərək, daxil ola bilərlər. Üst səviyyə stansiyanın giriş sahəsi və müvafiq keçid-nəzarət sahəsidir. Perspektiv plana görə, gələcəkdə inşası nəzərdə tutulmuş Mavi xəttin (Yasamal yaşayış sahəsindən Bakıxanov qəsəbəsinə qədər) 3-cü stansiyasına piyada keçidi buradan başlayır. 
Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrin stansiya avadanlıqları yerləşir. Xidməti otaqlarda hərəkətin təşkili ilə bağlılığı olan hər sahənin infrastrukturu qurulub. Keçid xarakterli bu səviyyədən sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platforma üzərinə enirlər. Ümumiyyətlə, stansiyanın 4 çıxışla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə paylanması Almaniyanın “ThyssenKrupp” şirkətinin ən müasir “Tugela FT-945” tipli 17 eskalatoru ilə həyata keçirilir. Xəttin bütün stansiyalarında olduğu kimi, burada da fiziki imkanları məhdud sərnişinlər üçün “ThyssenKrupp”un istehsalı olan “Enta-200” tipli 3 lift quraşdırılıb. Artıq əlil arabasından istifadə edən sərnişinlər üçün metroda şərait yaradılıb. Bunun üçün 2019-cu ilin mart ayından müvafiq xidmət fəaliyyətə başlayıb. Əvvəlcədən verilən sifariş üzrə həyata keçirilən bu xidmət sayəsində əlil arabaları xüsusi texniki qurğu vasitəsilə platforma səviyyəsinə endirilir və bütün qatarlardakı əlil arabaları üçün ayrılmış yerlərdən istifadə etməklə mənzil başına çatdırılırlar. Bu kateqoriyadan olan sərnişinlər üçün belə xidmət hər üç xətdə yaradılıb.

Memarlıq və dizayn tərtibatı
“8 Noyabr” stansiyasının dərinliyi yerləşdiyi ərazinin relyefinə uyğun olaraq 12-22 metr aralığındadır. Metropolitendə ilk dəfə Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyasında tətbiq edilən “Qruntda divar” inşaat üsulu burada da tətbiq edilib. Bu üsul daha kiçik ərazidə inşaat səmərəliliyini təmin etmək, ən vacibi, ekoloji məsələləri optimal nəzərə almaqla aparılmasını təmin edir. Stansiyanın inşasında yeni tipli inşaat metodlarından, həmçinin müasir dünya standartlarının tələblərinə uyğun maşın mexanizmlərdən istifadə olunub. Ümumiyyətlə, inşaatın səmərəsini, effektivliyini artırmaq məqsədilə “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra məhz maşın və mexanizmlərdən ibarət geniş yenilənmə tədbirləri aparılmaqla ən optimal səmərə əldə olunub.
Stansiyanın bütün giriş-çıxış keçidləri ətraf ərazinin də estetik görkəminə əlavə cizgilər gətirən çətir formalı örtüklə təmin edilib. Bu isə həm də keçidlərdə eskalator və pilləkənləri yağıntılardan qoruyur.
Stansiya, girişdən platformaya qədər, vahid memarlıq ansamblı üslubunda inşa olunub və sadəliyi eyni zamanda da orijinal həlli ilə seçilir. Yeddivaqonlu qatarları qəbul edən platformanın yol divarları keramoqranitlə üzlənib, döşəməyə də qranit düzülüb.
Stansiyanın işıqlanmasının da ən müasir üslubda həll edilməsi elektrik enerjisinə maksimal qənaət etməklə yanaşı, dizayn həllinə də əlavə estetik təsirə malikdir. Dairəvi çilçıraqlar genişlik təsiri yaratmaqla stansiyanın erqonomik və estetik görkəmini xüsusilə tamamlayır və onun dəhlizinin genişliyini işıqlı zal effekti ilə dərinləşdirir. 

“Memar Əcəmi” stansiyası ilə birləşən tunellər
Bənövşəyi xəttin "Memar Əcəmi" və “8 Noyabr” stansiyalarını birləşdirən tunelləri də ən müasir qazma maşınlarından istifadə olunaraq inşa edilib. Məlumdur ki, “Avtovağzal” stansiyasından başlamaqla tunellər Almaniya istehsalı olan “Herrenknekht” və ABŞ-ın “Robbins” tunelqazma kompleksləri ilə qazılıb.
Uzunluğu 1250 metrdən artıq olan “Memar Əcəmi-8 Noyabr” mənzilində tunel yolları Bakı metropoliteni tarixində ilk dəfə dəmir-beton bloklar üzərində qurulub. Dəmir-beton bloklar taxta şpallardan uzunömürlüyü, istismar şərtlərinin sadəliyi, asan qulluğu ilə seçilir, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır. Onlar "Bakı Metropoliteni" QSC-nin öz istehsalat sahəsində yaradılan yeni sexin məhsuludur. Sex Almaniyanın "Vollert" şirkəti ilə əməkdaşlıq şəraitində, ən müasir texnoloji avadanlıqlardan istifadə olunmaqla qurulub. Bu isə yolun istismarına çəkilən xərci əsaslı şəkildə azaltmaqla, ölkə xaricinə kapital axınının qarşısını alır. 
Yolun üst quruluşunun yığılmasında müasir “Vollert-Rheda” sistemindən istifadə olunub. Orada ən səmərəli variant sayılan "Vossloh-300 UTS" tipli rels bəndləri tətbiq edilib və yeni tipli yoldəyişdiricilər quraşdırılıb. Qeyd edək ki, keçmiş SSRİ metropolitenləri arasında “Vollert-Rheda” sistemi ilk dəfə Bakı metropoliteninin bu yeni yol sahəsində tətbiq edilib. İspaniyanın “Voestal Pine” şirkətinin məhsulu olan R-54 tipli yeni yoldəyişdiricilər isə qatarların daha rəvan və sürətlə bir yoldan digər yola keçməsini təmin edir. Qatarların hərəkətini elektrik enerjisi ilə təmin edən İspaniya istehsalı olan təmas relsləri də bu yeniliyə, müvafiq standartlara cavab verir. Alüminium materialdan da istifadə etməklə istehsal olunan təmas relsləri əvvəlki analoqları ilə müqayisədə elektrik enerjisinə 25 faizədək qənaət etməyə şərait yaradır, daha sadə olmaqla, uzunömürlüdür və qulluğu da asandır.

Ən müasir sistemlər stansiyası
Bənövşəyi xəttin ən böyük yenilikləri elektrik təchizatı ilə bağlıdır. Əsas yenilik enerji təminatının ən optimal və təhlükəsiz sistemlərlə həyata keçirilməsidir. Layihəyə uyğun olaraq, ümumilikdə, 12 stansiyadan ibarət olacaq xətti 35 kV-luq iki yarımstansiya qidalandıracaq. Birincisi yeni stansiyanın üzərindədir. Bu, metropoliten tarixində ilk dəfə həyata keçirilib. Elektrik yarımstansiyasının ərazisində həm də gücü 16 MVA olan dizel-generator stansiyası quraşdırılıb. O, fövqəladə hallarda xəttin elektrik ehtiyaclarını ödəyəcək. Bu məqsədlə orada 4 dizel generatoru quraşdırılıb, perspektivdə - xətt inkişaf etdikcə yeni generator da quraşdırılacaq. Gələcəkdə tikiləcək bütün yeni xətlər eyni qayda ilə ehtiyat enerji mənbələri ilə təchiz olunacaq. Fövqəladə hallarda, metronun elektrik enerjisi ilə təminatında problemlər yarandıqda, qatarların tunellərdən stansiyaya çıxarılması, stansiya, tunel və vaqonların işıqlandırılması, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturuna tələb olunan enerji metronun alternativ enerji mənbələrindən veriləcək.
Stansiyanın özünün elektrik yarımstansiyası da ən müasir avadanlıqlarla təchiz edilməklə daha etibarlı sistemlə qurulub.
Stansiyanın ərazisində hər birinin tutumu 240 kub. metr olan 2 su anbarı tikilib. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Ümumiyyətlə, stansiyanın yanğın təhlükəsizliyi ən müasir sistemlərlə təchiz edilib. Həmçinin bütün metropoliten stansiyalarında olduğu kimi, burada da videomüşahidə sistemi ilə nəzarət təmin edilib.
Stansiyanın sanitariya qurğuları da ən etibarlı şəkildə qurulub. Suxaric və çirkab su qurğuları İtaliya istehsalıdır. Daxili havalandırma sistemi digər mövcud xətlərdən fərqli olaraq quraşdırılıb. Burada “Bakı Metropoliteni” QSC-nin texniki şərtləri üzrə Rusiyanın Artyomovsk şəhərinin “Ventprom” maşınqayırma zavodunda istehsal olunan 6 güclü ventilyator işləyir.
Məlumdur ki, yeni xətlərdə idarəetmə və qatarların hərəkəti ən müasir sistemlərlə təchiz ediləcək. Bu sistemlərin hər birisinin özünün tətbiq xüsusiyyətləri var və bu texnoloji proseslərə əməl olunmaqla artıq bütün tədbirlər ardıcıllıq həyata keçirilir.
Fransanın "Thales" şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni dövrün ən müasir tələblərinə cavab verən idarəetmə sistemlərinin tətbiqi davam etdirilir. 
Ən mühüm yeniliklərdən biri bütün infrastrukturun dünyanın ən aparıcı standartları səviyyəsində qurulmasıdır. SCADA dispetçer idarəetməsi, məlumatların toplanması və hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleks sistemidir. Digər xətlərdə olan sistemlə müqayisədə SCADA idarəetməni maksimal optimallaşdırmaqla, daha da səmərəli şəkildə qurmağa kömək edir.
Əvvəlki iki stansiyadan başlamış layihənin davamı kimi, burada da TETRA peşəkar trankinq (radio kanalların abonentlər arasında avtomatik paylanması) radio-telefon rabitəsi tətbiq edilir. Sistem rəqəmsal mobil rabitənin qlobal standartı texnologiyaları (GSM) əsasında hazırlanıb və çağırışları prioritetləşdirmək və informasiyanın məxfiliyini təmin etməklə müxtəlif qrup istifadəçiləri arasında çevik kommunikasiya yaradılmasının iqtisadi cəhətdən ən səmərəli və qənaətcil vasitəsidir. Sistemin informasiyanı kabel şəbəkəsi ilə deyil, radiokanallar vasitəsilə ötürməsi kilometrlərlə kabelə olan ehtiyacı aradan qaldırır. 

Sərnişin rahatlığı və hərəkətin optimal təşkili 
Qatarların idarə olunmasında, hərəkətin təşkilində tətbiq edilən CBTC (qatarlarn radiodalğalarla idarə olunması) sistemi burada əvvəlki SAT-ALİ sistemini əvəz edəcək. Lakin texnoloji proseslərin tələbinə uyğun olaraq bu sistemin tam həyata keçirilməsi mərhələ ilə aparılmalıdır. Hazırda onun əsas baza prinsiplərinə uyğun olaraq mikroprosessor mərkəzləşməsi və digər vacib infrastruktur tam fəaliyyətdədir.
Metropolitenin texniki-istismar tələblərinə uyğun olaraq, xətlərdə dönmə kameraları inşa olunur. Yeni xətdə başlanğıc stansiya olan “Avtovağzal”dan sonra ilk belə tələb məhz “8 Noyabr” stansiyasında təmin edilib. Burada qatarların yolu dəyişərək əksinə hərəkət etməsi üçün 194 metrlik keçid kamerası inşa olunub. Kameranın ən mühüm yeniliyi müasir konstruktiv infrastrukturla təmin edilməsidir. Burada dönmə əməliyyatı əvvəlki yol davamiyyəti olan stansiyalarla müqayisədə daha rahat və çevik təmin edilir. Ən əsası, bu kamera sayəsində xətt üzrə qatarlar məkik (o baş-bu baş) prinsiplə hərəkət zərurətini aradan qaldıracaq. Başqa sözlə, stansiya arxasından qatar əks yola keçməklə geri hərəkət edəcək.  Bu isə ilk növbədə qatarların sayını artırmaqla hərəkət intensivliyini, xətt boyunca sərnişinlərin daşınmasını daha mütəşəkkil qrafiklə təmin edəcək.
Məlumdur ki, konseptual inkişaf sxemi hazırlanarkən, Bakı şəhərinin sürətli inkişafı və meqapolisə çevrilmək perspektivi nəzərə alınaraq, yeni xətlər yeddivaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulub. Xəttin digər iki stansiyası kimi burada da sərnişin platformasının uzunluğu 144 metrdir. Ümumiyyətlə, yeni xətt üzrə tətbiq edilən yeniliklərin davamı kimi bu stansiya da özəllikləri ilə metropolitenin stansiyaları arasında adı və özünəməxsus xüsusiyyətləri ilə əhəmiyyətli yer tutacaq.





Bütün xəbərlər