20 Yanvar 2022 11:24

O gecənin ağrı-acısını yaşadan iki metropolitençi ilə görüş keçirilib

Unudulmayacaq tarixdə metropolitençi izi

20 Yanvar tarixinin 32-ci ildönümü ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) görüş keçirilib. Formalaşmış ənənəyə uyğun olaraq, o müdhis gecə şəhid olmuş metro inşaatçısı Əflatun Kazımovun oğlu Surac və paytaxtda dinc insanlara açılan atəşlə yaralanmış Mansur Qocayevin iştirakı ilə keçirilən tədbir zamanı o dəhşətli gecə bir daha xatırlanıb.
MİHİ sədri Arif Mərdanov o gecənin, bütün dəhşətlərinə rəğmən, Azərbaycan xalqının əzm, iradə və qətiyyətinin təzahürü, azadlığa aparan yolun başlanğıcı olduğunu qeyd edərək, metropolitençi günahsız qurbanlar Əflatun Kazımov və İlqar Qarayevin də müqəddəs bir amal uğrunda şəhid olmasını metropoliten tarixində daim xüsusi yer tutacağını və əbədi olaraq xatırlanacağını qeyd edib.
“Cəmiyyətin çağırışlarına daim səs verən metropoliten kollektivi həmin gecə xilaskar rolu, iş başında heç nədən qorxmadan çəkinmədən fəaliyyət göstərərək insanların harayına yetişməsi bu kollektivin ən dəyərli keyfiyyətlərinin bariz nümunəsidir” deyən Arif Mərdanov kollektivin daim sıx tellərlə bağlı olmasında şəhidlərinə münasibətdə də əksini tapdığını və bununla qürur duyduğunu qeyd edib.
Görüşdə məhz xalqın o gecə nümayiş etdirdiyi əzm və iradənin, sadəcə, təsadüf olmadığını 30 illik Qarabağ həsrəti dövründə də əyani nümayiş olunub. Səbrlə məhz o günü gözləyən və liderinə inanan xalq bu gün cəmi 44 gün ərzində əldə olunan Zəfər tarixində də birlik və gücünü nümayiş etdirib.
Əflatun Kazımovun övladı, hazırda depolar üzrə iş departamentində qaynaqçı kimi çalışan Surac xatirələrindən, elektrik təchizat xidmətinin əməkdaşı Mansur Qocayev cəllad gülləsinə tuş gəlməsini xatırlayaraq, xalqın qəhrəmanlıq tarixində o gecənin bir parçası olduqları ilə qürur duyduqlarını vurğulayıblar.
Görüşdə iş vaxtı bitdikdən sonra 20 yanvar meydanına – küçələrə axışan insanların yanında olmağı özünə borc bilən İlqar Qarayevin də xatirəsi anılıb. Onun çalışdığı “Nərimanov” elektrik deposunun kollektivində çalışdığı dövr də xatırlanıb.
Səmimi söhbət əsnasında MİHİ sədri görüş iştirakçılarının əmək fəaliyyəti və sosial-məişət qayğıları ilə maraqlanaraq, onlara “Bakı Metropoliteni” QSC sədrinin, kollektivin və həmkarlar ittifaqının daim dəstək olacağını vurğulayıb. 





Bütün xəbərlər