20 Yanvar 2022 13:30

Bakı metropolitenində 20 Yanvar şəhidləri anılıb

Bu tarix müstəqilliyimizin əbədi rəmzidir

Xalqımızın azadlığa doğru gedən yolunun dönüş anı olan 1990-cı ilin 20 yanvar gecəsinin 32-ci ildönümü Bakı metropolitenində şəhidlərin ruhuna ehtiramla yad edilir.
Həmin tarixi adında daşıyan “20 Yanvar” stansiyasının platformasının sütunlarına qərənfillərdən ibarət bədii tərtibatlı çələnglərlə əhatələnib. Stansiya vestibülündə 20 Yanvar tarixi şəhidlərinin və 1994-cü il 19 mart terroru qurbanlarının adlarının həkk olunduğu divarlara qərənfil çələngləri yerləşdirilib. Stansiya platformasında metropolitençilərdən fəxri qaravul düzülüb.
Saat 12:00-da ölkə ərazisində, həmçinin bütün yollarda və nəqliyyat vasitələrində olduğu kimi, metropolitenin stansiyalarında da qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib. Bu məqsədlə bütün tunellərdə olan qatarlar stansiyalara çıxarılıb. Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivinin nümayəndələri anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd ediblər.
Ümumiyyətlə, bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə günün ruhuna uyğun musiqi parçaları və marşlar səsləndirilir. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə verilir. Stansiyalara daxil olan qatarlarda musiqi parçaları səsləndirilmir.
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə səhərə qədər insanların köməyinə çataraq, böyük fədakarlıq nümayiş etdirmiş Bakı metropoliençiləri üçün xalqımızın inad, iradə, qətiyyət günü olan bu tarix hər il xüsusi əhəmiyyət kəsb edir. Bakı metropoliteni həmin gecənin, sadəcə, şahidi olmadı, eyni zamanda, müxtəlif istiqamətlərdə güllə yağışına tutulmuş insanların sığınacağına çevrildi, yaralıların xəstəxanalara çatdırılmasında əvəzsiz rol oynadı. Həmin o qətliamda metronun iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da şəhid oldular.
“Bakı Metropoliteni” QSC-nin kollektivi, hər il olduğu kimi, bu il də gün ərzində iki günahsız qurbanının da uyuduğu Şəhidlər xiyabanınını ziyarət edir, məzarların üstünə gül dəstələri qoyur, ruhlarına dualar oxuyurlar.
Günahsız övladlarının qanı bahasına azadlıq yoluna çıxmış Azərbaycan şəhidlərini heç vaxt unutmayacaq, bu tarix əbədi müstəqilliyimizin rəmzi kimi yaddaşlarda qalacaq.





Bütün xəbərlər