10 May 2022 10:40

Xidmətləri unudulmayacaq və xatirəsi qəlblərdə yaşayacaq dahi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Bu gün Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni parlaq səhifə açan şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ili tamam olur.
Onun SSRİ dövründə Respublikanın inkişafına verdiyi töhfələr müstəqillik illərində Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında, daha sonra qorunub saxlanılmasında misilsiz rol oynadı. Azadlığın əldə olunması ağrılı və çətin prosesdir. Ziddiyyətli və mürəkkəb mərhələlərdən keçən dövlətçilik ideallarının möhkəmlənməsində Heydər Əliyev imzası Azərbaycanın xilası oldu. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, əslində, 1993-cü ilin oktyabrında dövlət başçısı seçilən Heydər Əliyev Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesini nəinki sürətləndirdi, 10 il ərzində bu müstəqilliyi əbədi və dönməz etdi.
Bakı metropoliteni istər Sovet hakimiyyəti illərində, istərsə müstəqillik dövründə Ulu Öndərin bu əvəzsiz xidmətlərinin daha bir nümunəsidir. Ötən əsrin 60-cı illərinin sonunda, onun Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq, metro tikintisində böyük canlanma yarandı, yeni istiqamətlər müəyyənləşdi. O, Azərbaycana rəhbərlik etməyə başladığı il metronun cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idi. Sonrakı illərdə məhz Heydər Əliyevin diqqət və qayğısı, ən əsası, qətiyyəti nəticəsində daha 21,1 kilometr yeraltı dəmiryolu xətti və 14 yeni stansiya inşa edildi.
Lakin Heydər Əliyev təkcə Bakı metropoliteninin deyil, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işlədiyi illərdə həm də Sovet məkanında metropolitenlərin inkişafına xüsusi töhfələr vermiş dahi şəxsiyyətdir. SSRİ miqyasında metro vaqonlarının, eləcə də metro inşaatı ilə bağlı avadanlıq, maşın və mexanizmlərin istehsalı sənayesi məhz onun rəhbərliyi altında, onun göstərişləri, verdiyi tarixi qərarlar sayəsində yeni mərhələyə qədəm qoyub, yeni kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Məhz bu səbəbdən metropoliten kollektivi Ulu öndərin xatirəsini daim yaşatmaqla, onun irsini təbliğ etməkdən qürur duyaraq, bunu özünə bir tarixi borc və vəzifə bilir.
“Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir” - Heydər Əliyevin ibarəyə çevrilmiş bu sözləri Bakı metropoliteninin zəhmətkeş kollektivinə, bu nəqliyyat növünə verilmiş tarixi qiymətdir. Müstəqilliyin ilk illərinin ağır iqtisadi şərtlərinə baxmayaraq, metropolitenin inkişafı, xüsusən o zaman çox böyük ehtiyac duyulan vaqon parkının genişlənməsinə köməyini əsirgəməyən Ulu öndər qısa zamanda Bakı metrosunun yenidən şəhərin əsas nəqliyyat arteriyası kimi dayaqlarının möhkəmlənməsinə xidmət etdi, yetişən köklü problemləri aradan qaldırdı.
Onun Bakı metropoliteninin 35 illik yubileyində dediyi “Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” sözləri isə metropolitençilər nəsli üçün yeni çağırış oldu.
Bu gün Azərbaycan yeni üfüqlərə Zəfər tarixinin işığında addımlayır. Qədirbilən xalqımız, o cümlədən metropolitençilər Ümummilli liderin vəsiyyətinə sadiq qalaraq, 2003-cü ildə inamla əbədi və sarsılmaz dövlətçiliyin dayağı kimi səs verərək, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçdiyi İlham Əliyevin liderliyi ilə işıqlı gələcəyə addımlayır.
Tarix sübut edir ki, ənənələrə sadiqlik uğurun təməlidir. “Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır”, deyərək, Bakı metropolitenini Azərbaycan xalqının milli sərvəti adlandıran Ümummilli lider Heydər Əliyevin xidmətləri heç vaxt unudulmayacaq və onun əziz xatirəsi qəlblərdə daim yaşayacaq.





Bütün xəbərlər