13 May 2022 12:15

Yeddi nəfər metropolitenin ən tanınmış peşələrindən birinə yiyələnib

Daha altı nəfər təcrübə yürüşlərinə başlayıb

2021-ci ilin iyul ayında başlanmış təlimləri bitirmiş daha 7 məzun Bakı metropolitenində ən tanınmış peşələrdən biri hesab olunan sərnişin qatarlarının maşinisti peşəsinə yiyələnib.
Bu təlimlərlə bağlı müsabiqəyə ötən ilin fevralında başlanılmışdı. 300-ə yaxın müraciət arasında 170 nəfər əsas tələblərə uyğun gəldiklərindən imtahanlara çağırılmışdılar. Metropolitenlə bağlı ibtidai biliklər və məntiq testinə qatılan 125 nəfərdən yalnız 35-i məqbul nəticə göstərib. Müsahibə və psixoloji testdən ibarət ikinci mərhələni 16 nəfər keçə bilib.
Üçüncü kadr komissiyası və tibbi yoxlamadan keçən 10 nəfər nəzəri təlimlərə başlasa da, kursun gedişində 3 müdavim müxtəlif səbəblərdən tədris prosesindən uzaqlaşıb. Nəzəri və praktiki mərhələlərdən uğurla keçən 7 müdavim isə təcrübə müddətini də uğurla keçərək, kadr komissiyası qarşısına çıxıb və metropolitenin maşinisti vəsiqəsini əldə edib.
Qeyd edək ki, hazırda daha bir kurs da yekunlaşıb. 8 müdavimdən 6-sı normativlərə uyğun olaraq təcrübəyə cəlb olunub. Müdavimlər 7 aya yaxın davam edən kursda kifayət qədər praktiki vərdişlərə yiyələnsələr də, təlimlərdən sonra 2 aya yaxın davam edən yürüşlərdə normativləri yerinə yetriməli, maşinist kimi özlərini doğrultmalı və qatarı sərbəst idarə etmək bacarığını təsdiq etməlidirlər.





Bütün xəbərlər