Tərkibində sanatoriya-profilaktoriya, istirahət zonası və idman-sağlamlıq kompleksi olan Səhmdar Cəmiyyətin Sağlamlıq Mərkəzi müəssisə əməkdaşlarının sağlamlıqlarının bərpa edilməsi, möhkəmləndirilməsi, həmçinin istirahətinin səmərəli təşkili məqsədi ilə təsis edilmiş bir qurumdur. Bu strukturun ümumi sahəsi 3 ha olan sanatoriya-profilaktoriyası və istirahət zonası paytaxtın Bilgəh qəsəbəsində, idman-sağlamlıq kompleksi isə N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşir.
Fizioterapiya, İnqalyasiya, terapiya, kvars, zəli ilə müalicə, massaj, müalicəvi duş və digər tibbi kabinələrlə, həmçinin müalicəvi vanna qəbulu üçün xüsusi otaqlarla, xüsusi masaj çarpayısı və digər müasir tibbi avadanlıqlarla təchiz edilmiş sanatoriya-profilaktoriyada idmanla məşğul olmaq üçün zəruri şərait yaradılmış, ciddi tibbi nəzarət altında müalicə alanların ictimai iaşəsini təşkil etmək məqsədilə müasir avadanlıqlarla təchiz edilmiş ən yüksək standartlara cavab verən 150 nəfərlik yeməkxana əməkdaşların sərəncamına verilmişdir. Bununla yanaşı ərazidə əməkdaşların istirahətinin səmərəli təşkili üçün 70-ə yaxın istirahət kottecləri fəaliyyət göstərir ki, hazırda sonuncular müasir layihələr əsasında, yeni avadanlıqlarla təchiz edilərək yenidən qurulur. Bu isə əvvəlki illərdən fərqli olaraq bu kotteclərdən əməkdaşların ilboyu istifadəsinə imkan verəcəkdir. Həmçinin ərazidə müəssisəyə təşrif buyuran xarici nümayəndə heyəti üçün qonaq evi də fəaliyyət göstərir. Bilgəh qəsəbəsində fəaliyyət göstərən sanatoriya-profilaktoriya və istirahət zonası “BiosanteS-300” markalı təmizləyici qurğu ilə təchiz edilmişdir ki, bu da kanalizasiya ilə məsələlərin və qrunt sularının istiqamətləndirilməsinin ekoloji cəhətdən yüksək səviyyədə həllinə imkan verir.
Nərimanov elektrik deposu ərazisində fəaliyyət göstərən idman-sağlamlıq kompleksi metro işçilərinin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Kompleksdə fəaliyyət göstərən süni örtüklü mini-futbol və tennis-voleybol meydançalarında Metropoliten kollektivləri arasında daxili spartakiadaların keçirilməsi ənənəvi hal almışdır. Bu il “Zenit” idman cəmiyyətinin Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi günü”nə həsr etdiyi XVІІ Respublika Spartakiadasının mini-futbol üzrə keçirilən idman yarışında “Bakı Metropoliteni” QSC-nin komandası birinci yeri tutmuşdur. Kompleksdə həmçinin su hovuzu, fitnes zalı da fəaliyyət göstərir ki, işçilər idman-sağlamlıq kompleksinin bu imkanlarından da lazımınca bəhrələnirlər.